• çərşənbə, 16 Oktyabr, 12:56
  • Baku Bakı 17°C

“Qarabağ”ın Liqa yolçuluğu başlayır

21.09.24 00:39 1137
“Qarabağ”ın Liqa yolçuluğu başlayır

Mütəxəssislər hesab edirlər ki, “Qarabağ” bu rəqiblərlə qarşılaşmalarda 10-dan artıq xal toplayacaq. Bu isə komandanın pley-off zonasına düşməsinə kifayət edə bilər.

Növbəti həftə UEFA Avropa Liqasında Liqa mərhələsinə start veriləcək. İlk dəfə yeni formatda keçirilən turnirdə Azərbaycan təmsilçisi “Qarabağ” da mübarizə aparacaq. Təmsilçimiz birinci turda London səfərinə yollanacaq. “Atlılar” güclü “Tottenhem”lə qarşılaşmada uğur qazanmağa çalışacaq.

Ortabab püşk

Yeni formata əsasən, digər qitəmiqyaslı turnirlər kimi Avropa Liqasında da qrup mərhələsi ləğv edilib. Artıq hər komanda dördü evdə, dördü səfərdə olmaqla səkkiz müxtəlif rəqibə qarşı oyun keçirəcək. Bunun yekununda ümumi turnir cədvəli əsasında 1-8-ci yerlər birbaşa 1/8 finala adlayacaq, 9-24-cü yerlər isə pley-off oynayacaqlar. Son 12 pillənin sahibi turnirlə vidalaşacaq və onların Konfrans Liqasında yola davam etmək şansı olmayacaq.

Püşkdə “Qarabağ”ın bəxtinə “Tottenhem” (İngiltərə), “Malmö” (İsveç), “Ayaks” (Niderland), “Budyo Qlimt” (Norveç), “Lion” (Fransa), “Elfsborq” (İsveç), FCSB (Rumıniya) və “Olimpiakos” (Yunanıstan) düşüb. Komandanın oyunları da eyni ardıcıllıqla olacaq. Azərbaycan təmsilçisi “Malmö”, “Ayaks”, “Lion” və FCSB-ni evdə qəbul edəcəksə, digər rəqiblərlə səfərdə üz-üzə gələcək. Ümumiyyətlə, püşkdən gileylənməyə dəyməz. Hazırkı güclərini nəzərə aldıqda İngiltərə təmsilçisi istisna olmaqla, digər rəqiblərin hər biri ilə yaxşı oynamaq və münasib nəticə əldə etmək mümkündür.

Yaxşı təqvim

Mübarizəyə London səfəri ilə başlayacaq “Qarabağ” yolçuluğunu Pireydə yekunlaşdıracaq. Ümumiyyətlə, təqvim “Qarabağ” üçün münasib hesab olunmalıdır. Ən önəmli məsələlərdən biri odur ki, “Budyo Qlimt” və “Elfsborq”la səfər qarşılaşmaları yanvar ayına düşmədi. Soyuq skandinav ölkələrinə qışın oğlan çağında səfərlər heç də komandanın ürəyincə olmazdı. “Atlılar” Norveçdə noyabrın 7-si, İsveçdə isə 12 dekabrda meydana çıxacaqlar. Digər tərəfdən, “Ayaks” və “Lion” kimi güclü rəqibləri məhz evdə qəbul etməyi Qurban Qurbanovun komandası üçün üstünlükdür. Onlara qarşı səfər qarşılaşmalarında şans az olacaqdısa, Bakıda xal və ya xallar almaq imkanı kifayət qədərdir. Eyni zamanda, “Budyo Qlimt”, “Elfsborq” və “Olimpiakos” səfərlərindən də komandanın əliboş qayıtmayacağını gözləmək olar.

“Qarabağ”ın şansları yüksək qiymətləndirilir

Mütəxəssislər hesab edirlər ki, “Qarabağ” bu rəqiblərlə qarşılaşmalarda 10-dan artıq xal toplayacaq. Bu isə komandanın pley-off zonasına düşməsinə kifayət edə bilər. Xarici araşdırma resursları ümumi ehtimal olunan nəticələri nəzərə alaraq, “Qarabağ”ın orta sıralarda qərarlaşacağını proqnozlaşdırırlar.

Turnirin yeni formatı komandaları daha diqqətli olmağa sövq edir. Ümumi turnir cədvəli tərtib olunacağından burada artıq hər xalla yanaşı vurulan və buraxılan qolların da önəmi ikiqat artacaq.

Rəqibləri necə sıralamalı?

“Qarabağ”ın rəqiblərinə gəlincə, “Tottenhem” onların arasında ən güclüsüdür. “Ayaks” və “Lion”u növbəti sıralara qoymaq olar. Lakin Niderland təmsilçisi əvvəlki əzəmətindən xeyli uzaqdır. “Lion” isə borc bataqlığındadır. Maliyyə problemlərinə görə komandada ümumi ab-hava olduqca gərgindir. Bu rəqiblərlə evdə qarşılaşması da “Qarabağ”ın şanslarını artırır. Digər beş komanda isə son Azərbaycan çempionunun dişinə görədir. Onlardan üçü Skandinaviya ölkələrindəndir və şimallılar təmsilçimiz üçün olduqca münasib sayılırlar. “Olimpiakos”la buna qədər üz-üzə gələn “Qarabağ” rəqibinə uduzmayıb, hətta səfərdə 3:0 hesablı parlaq qələbə əldə etməyi bacarıb. FCSB isə yeni rəqibdir. Lakin Rumıniya klub futbolu da heç də top səviyyədə deyil və Bakıda bu rəqibə qalib gəlmək ehtimalı böyükdür. Artıq avrokuboklarda kifayət qədər böyük təcrübəsi olan “Qarabağ” daha güclü rəqiblərlə mübarizədən qalib ayrılmağı bacarıb. Ümumiyyətlə, Liqa fazası ilə bağlı pozitiv elementlər çoxdur və bunlar komandanın uğur əldə edəcəyinə inamı artırır.

“Qarabağ” nə dərəcədə hazırdır?

Ötən mövsüm avrokuboklarda ən uğurlu dövrünü keçirən “Qarabağ” heyətinin özəyini qoruyub saxlamağı bacardı. Xüsusilə Juninyo, Benziya, Julio Romao, Landro Andrade kimi oyunçuların komandada qalmasını elə ən yaxşı transferlər kimi düşünmək də olar. Andrey Luninin gedişindən sonra qapı xəttinə heç də ondan zəif olmayan və hətta daha potensiallı Mateuş Koxalski transfer olunub. Üstəlik, hücum xətti Emmanuel Addai və “Sabah”dakı oyunu ilə futbolsevərlərin rəğbətini qazanan Aleksey Kaşşukla gücləndirilib. Bu, komandanın irəlidə daha təhlükəli olacağını deməyə əsas verir. Lakin arxa xətdə müəyyən problemlər nəzərə çarpmaqdadır. Xüsusilə, Kevin Medinanın əvvəlki formasından uzaq olması azarkeşləri qayğılandırır. Çoxsaylı cəhdlərə baxmayaraq, müdafiəçi transferi reallaşdırmaq mümkün olmadı və bu, müəyyən çətinlik yarada bilər.

Ümumən, “Qarabağ” artıq özünü avrokuboklarda təsdiqləyib. Bu komanda üçün Liqa fazasında uğurlu nəticə adi hal hesab olunmalıdır. Azarkeşlərin “atlılar”dan tələbi daha irəlilərə getməkdir. Mövcud situasiyada bu, olduqca real görünür. Bizə isə yeni formatda yeni tarix yazmaq yolçuluğunda “Qarabağ”a uğur və bol şans arzulamaq qalır.

banner

Oxşar Xəbərlər