• bazar, 22 Iyun, 20:07
  • Baku Bakı 23°C

Pikassonun arzusu ilə yaranan muzey - BƏLƏDÇİ

21.06.25 03:08 242
Pikassonun arzusu ilə yaranan muzey - BƏLƏDÇİ

Pablo Pikasso Muzeyi Əndəlüs intibah memarlığının ən mühüm nümunələrindən olan Buenavista sarayında yerləşir. Kral ailəsi muzeyi yaratmaq üçün yəhudi məhəlləsindəki bu gözəl saraydan imtina edib.

İspaniyada görkəmli rəssam Pablo Pikassoya həsr olunan ümumilikdə altı muzey var. Rəssamın doğulduğu Malaqa şəhərindəki Pikasso Muzeyi ən çox ziyarət edilənlərdən biridir. Hər il muzeyi bir neçə milyon insan ziyarət edir. Malaqaya gəlib Pikasso Muzeyini ziyarət etməmək Əndəlüs bölgəsinə səyahət etməmək kimi bir şeydir. Dahi rəssamın doğma şəhərindəki bu muzey sakinlərin və Pikassonun qohumlarının mübarizəsinin nəticəsində var olub. “Pikasso haqqında heç nə bilmirsinizsə belə, muzeyə getməyə dəyər. Əsərlər özü onun kimliyini anladacaq”, - deyə ispanlar vurğulayırlar. 

Malaqa və onun sakinləri üçün Pablo Pikasso ilə bağlı hər şey müqəddəsdir. İspanlar həmyerliləri ilə sonsuz qürur duyurlar. 2009-cu ildə “Times” jurnalının keçirdiyi sorğuda Pikasso son 100 ildə yaşamış ən yaxşı rəssam seçilib. Bəlkə də buna görə o, ən çox “oğurlanan” rəssam olaraq qalır. Onun rəsm kolleksiyaları bütün dünyaya səpələnib, lakin kolleksiyasının ən böyüyü vətəni İspaniyadadır. Pikasso həm də dünyanın ən bahalı rəssamıdır. Əsərləri muzeyə rəssamın böyük oğlu Paulun həyat yoldaşı Kristina Ruiz-Pikasso və nəvəsi Bernard Ruiz-Pikasso tərəfindən hədiyyə edilib. 

Pikasso Muzeyinə səfərim görkəmli rəssamın xatirə gününə (8 aprelə) təsadüf etdiyindən sırada turistlərlə bərabər ispanlar da çox idi. Muzeyə giriş üçün uzun növbədə dayanmalı, ya da bileti onlayn əldə etməlisən.

Kral ailəsi muzey üçün sarayından imtina edib

Pablo Pikasso Muzeyi Əndəlüs intibah memarlığının ən mühüm nümunələrindən olan Buenavista sarayında yerləşir. Kral ailəsi muzeyi yaratmaq üçün yəhudi məhəlləsindəki bu gözəl saraydan imtina edib. Bina 1530-cu ildə o vaxtkı Malaqa hökmdarı Dieqo de Cazallanın əmri ilə tikilib. Böyük qülləsi və müşahidə göyərtəsi sayəsində çox ifadəli görünür. 20-ci əsrin əvvəllərində təhsil mərkəzi, Qızıl Xaç xəstəxanası, Təsviri İncəsənət Muzeyi kimi istifadə edilib. 

Muzey rəssamın öz istəyi ilə yaradılıb. Onun yaradılması ideyası 1953-cü ildə gündəmə gəlib, amma yalnız 1992-ci ildə - rəssamın mərhum oğlunun həyat yoldaşı Kristina Ruiz-Pikasso Malaqada qayınatasının sərgisini təşkil edəndə bu istiqamətdə danışıqlar başlayıb. Aparılan planlaşdırma və təsdiqlərdən sonra muzey 2003-cü ildə Kral Xuan Karlos və Kraliça Sofiya tərəfindən açılıb. 

300 milyon avroluq əsərlər

Muzeyə ekskursiya boyu səyahət dahi rəssamın ilk əsərlərindən tutmuş son nəfəsinə qədər yaradıcılığına səyahətdir. Muzeyin kolleksiyaları ustadın ilk akademik əsərlərdən tutmuş ötən əsrin ortalarının innovativ şedevrlərinə və son illərin yetkin rəsm əsərlərinə qədər geniş bir dövrü əhatə edir. 233 rəsm, heykəltəraşlıq və keramika işləri Pikasso yaradıcılığının sirlərini ziyarətçilərə nəql edir. 

Buradakı daimi sərgi “Pikasso sənətinin səkkiz onilliyi” adlanır və məşhur rəssamın 1892-1972-ci illər arasındakı yaradıcılığının müxtəlif dövrlərini mərhələ-mərhələ təqdim edir. Muzey bir növ öz irsini doğma şəhəri ilə bölüşmək arzusunda olan ustadın istəyini yerinə yetirir.

Muzey Pablo Pikassonun vəsiyyətini də yerinə yetirir: “Onun əsərləri doğulduğu yerdə saxlanmalıdır”. Ekspertlərin fikrincə, muzeydəki bütün ekspozisiyanın ümumi dəyəri 300 milyon avro təşkil edir. Muzeyin əsas xəzinəsi Pikassonun birinci həyat yoldaşı, rus balerinası Olqa Xoxlovanın portreti hesab olunur.

Qadın mövzusu rəssamın yaradıcılığının əsas xətlərindən olub. Ekspozisiyada nümayiş olunan qadın əsərləri də bunu təsdiqləyir. 

Muzeydə rəssamın heykəltəraşıq dəzgahı və qızının əsərləri də nümayiş olunur.

Rəssamın evi ilə tanışlıq imkanı 

Turistlər rəssamın muzey binasının yaxınlığındakı evini də ziyarət edirlər. 2009-cu ildə Pikasso Muzeyi rəssamın ev-muzeyi ilə birləşdirilib. Pikassonun Ev Muzeyi (Museo Casa Natal) Mersed meydanında yerləşir. Məhz burada - 15 saylı binada Pablo Ruiz Pikasso 1881-ci il oktyabrın 25-də anadan olub, böyüyüb, ilk şəkillərini çəkib, uğur və uğursuzluqlarını yaşayıb. Muzeydə rəssamın uşaqlığı və ailəsi ilə bağlı xatirələr saxlanılır. Birinci mərtəbədə Pikassonun erkən əsərlərinin kiçik kolleksiyası - keramika, qrafika, rəsmlər yer alıb. İkinci mərtəbədə ata Xose Ruiz Blaskonun yaşayış sahəsi və emalatxanası yerləşir. Muzeydə Pikassonun ailəsinə və özünə məxsus əşyalar, eləcə də fotoşəkillər var. 

Binanın yuxarı mərtəbəsində 1988-ci ildə Malaqa meriyası tərəfindən yaradılmış Pablo Pikasso Fondunun (Fundación Picasso) baş ofisi yerləşir. “Ev-muzeyi sizə dahi şəxsiyyətin bütün sirlərini açacaq - onun böyüdüyü, yaratdığı və sadəcə yaşadığı otaqları görəcəksiniz. Burada Pikassonun və ailəsinin şəxsi əşyaları, eləcə də bəzi əsərləri var”, - deyə bələdçilər məlumat verir.

Fond rəssamın həyatının son illərini əks etdirən unikal fotoşəkillər kolleksiyasını da nümayiş etdirir.

Ziyarətçilər muzeyin nəşrlərini oxuya və vebsayta baxa bilərlər.

Muzeydə həm də Pikassonun yaradıcılığına həsr olunmuş müvəqqəti sərgilər, təhsil və mədəniyyət tədbirləri təşkil edilir. Daimi sərgi ilə yanaşı, muzey salonlarında müvəqqəti tematik sərgilər də keçirilir.

Təranə Məhərrəmova
Malaqa-Bakı

 

banner

Oxşar Xəbərlər