• bazar, 22 Dekabr, 10:08
  • Baku Bakı 8°C

Parisdə Azərbaycan cüdosunun triumfu

03.08.24 06:32 5253
Parisdə Azərbaycan cüdosunun triumfu

Parisə 48 idmançı ilə yollanan Azərbaycan komandası artıq “şeytanın qıçını qırmağı” bacarıb. Cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyev bütün rəqiblərini üstələyərək Fransa paytaxtında iki dəfə Azərbaycan himnini səsləndiriblər və şanlı bayrağımızı ucaldıblar.

Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunları davam edir. Olimpiadaya 48 idmançı ilə yollanan Azərbaycan komandası uğurlu çıxışı ilə diqqət çəkir. Təmsilçilərimiz artıq üç medalı rəsmiləşdiriblər. Boksçu Alfonso Dominqes yarımfinala yüksəlməklə ən azı “bürünc”ü özü üçün təmin edib. Cüdoçularımız isə Parisdə tarix yazıblar. Yapon döyüş sənəti ustalarımızdan ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. 73 kq çəki dərəcəsində Hidayət Heydərov, 100 kq-da Zelim Kotsoyev bütün rəqiblərini üstələyərək Fransa paytaxtında iki dəfə Azərbaycan himnini səsləndiriblər və şanlı bayrağımızı ucaldıblar.

Səkkiz illik həsrətin sonu və təkrarlanan rekord

Hidayət Heydərov mübarizəyə 1/8 finaldan başlayıb. O, ilk döyüşündə israilli Tohar Bitbuldan güclü olub. Növbəti mərhələdə kanadalı Artur Marqelidonla üz-üzə gələn 27 yaşlı idmançı ipponla qalib gəlib. Yarımfinalda o, Kosovo təmsilçisi Akil Qyakovanın belini yerə vurub. Finalda yerli idmançı Joan-Benjamin Qaba ilə qarşılaşan Heydərov gərgin mübarizənin sonunda “qızıl xal”la Olimpiya qızılına yiyələnib.

Zelim də yarışa 1/8 finaldan başlayıb. O, əvvəlcə polşalı Pyotr Kuçeranı ipponla məğlub edib. Kotsoyev 1/4 finalda Peter Paltçikə, yarımfinalda Muzaffarbek Turoboyevə gücünü göstərib. Finalda isə o, gürcüstanlı İlya Sulamanidzeyə qalib gələrək Olimpiya çempionu olub.

Hidayət və Zelimin uğuru ilə Azərbaycanın Olimpiadalardakı səkkiz illik həsrəti başa çatıb. Sonuncu dəfə 2016-cı il Olimpiadasında taekvondoçu Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilmişdi. Bu çempionluqlar eyni zamanda Azərbaycanın Yay Olimpiya Oyunlarında doqquzuncu qızıl medalı kimi tarixə düşüb. Hidayət Olimpiya çempionu olan ikinci, onun komanda yoldaşı isə üçüncü cüdoçumuz olub. İlk belə uğura 2008-ci ildə Pekində Elnur Məmmədli imza atıb.

Azərbaycan idmanının “qızıl beşliy”i

Dördqat Avropa və dünya çempionu Hidayət Heydərov Azərbaycan idman tarixinə “qızıl üçlüy”ü tamamlayan dördüncü idmançı kimi düşüb. Zelim Kotsoyev isə buna nail olan beşinci idmançı adını qazanıb. Daha əvvəl Avropa və dünya çempionluqlarını qazanan idmançı medal kolleksiyalarının Parisdə tamamlayıblar. Hidayət və Zelimdən öncə stend atıcısı Zemfira Meftahəddinova, sərbəst güləşçi Şərif Şərifov və taekvondoçu Radik İsayev həm Olimpiya, həm dünya, həm də Avropa çempionu olmağı bacarmışdı.

Hidayətin nəticəsi isə digər idmançılarımızdan orijinallığı ilə fərqlənir. Belə ki, o, hər üç uğura eyni ildə imza atıb. Öz çəkisində dünya cüdosunun “1 nömrəsi” apreldə Xorvatiyanın paytaxtı Zaqrebdə dördüncü dəfə qitənin ən güclüsü adını qazanıb, mayda isə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə dünya çempionu adına yiyələnib. Zelim Kotsoyevə gəlincə, o, 2023-cü ildə Avropa çempionu olub, bu il isə dünyanın ən güclüsü adını qazanıb.

Bakıdan gələn zəng

Hidayət Heydərov və Zelim Kotsoyevin uğuru idmanın dövlət siyasəti olduğu Azərbaycanda, təbii ki, diqqətdən kənar qala bilməzdi. Olimpiya çempionu olduqdan sonra hər iki idmançımıza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva zəng ediblər.

Dövlət başçısı və Birinci vitse-prezident parlaq qələbə münasibətilə idmançılarımıza təbriklərini çatdırıb, onlara gələcək idman fəaliyyətində yeni qələbələr arzulayıblar. 

Medal ümidləri davam edir

Yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edən boksçu Alfonso Dominqes 92 kq çəki dərəcəsində əsas favorit, ikiqat Olimpiya çempionu olan kubalı Xulio Sesar la Krusa, ardınca digər iddialı idmançı – qazaxıstanlı Aybek Oralbaya qalib gəlməklə çempionluq şansını xeyli artırıb. İndi o, öz çəki dərəcəsində əsas favoritdir.

Qarşıdan isə əsas medal ümidlərimiz olan güləşçilərin çıxışı gəlir. Pəhləvanlarımız avqustun 5-də mübarizəyə qoşulacaqlar. Xüsusən, Həsrət Cəfərov, Murad Məmmədov və Sənan Süleymanovdan uğurlu çıxış gözlənilir. Onlar öz çəkilərində qızıl medala əsas namizədlər sırasındadırlar. Titullu güləşçilər - Hacı Əliyev və Mariya Stadnikdən də medal gözləntisi çoxdur. Olimpiadanın sonuna kifayət qədər müddət var və idmanımızın “ağır artilleriyası” hələ mübarizəyə qoşulmayıb. Parisdə daha bir neçə qızıl və digər əyarlı medallar əldə etmək olduqca realdır. Fransadakı Olimpiada Azərbaycan idmanı tarixinə qızıl hərflərlə düşə bilər.

banner

Oxşar Xəbərlər