• şənbə, 27 Aprel, 15:47
  • Baku Bakı 27°C

Onlar bizim qürurumuzdurlar

08.03.24 04:22 3258
Onlar bizim qürurumuzdurlar

Qadın idmançılarımız müstəqilliyin ilk illərindən ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil ediblər. Titullu, tanınmış idmançılarımızla yanaşı, gənc qızların əldə etdiyi uğurlar gələcəyə də ümidlə yanaşmağa əsas verir.

Azərbaycan cəmiyyətinin bütün sahələrində qadınlar və kişilər yanaşı addımlayırlar. İdman da bu baxımdan fərqlənmir. Hələ uzaq 2000-ci ildə Zemfira Meftahətdinova Sidneydə qızıl medal əldə etməklə müstəqillik dönəmində ilk qadın Olimpiya çempionumuz olmuşdu. Ondan sonra digər idmançılarımız bu ənənəni davam etdirərək dördilliyin ən böyük idman yarışında uğurla çıxış ediblər. Eyni zamanda, dünya və Avropa çempionatlarında, Qran-Pri və Böyük Dəbilqə yarışlarında, Universiada, İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları, MDB Oyunları kimi digər multiidman yarışlarında qadınlarımız böyük uğurlar əldə etməyi bacarıblar. Voleybol və həndbolda komanda şəklində əldə edilən uğurlara son olaraq qadın futbolumuz da qoşulub. Zəriflərimiz UEFA Millətlər Liqasında C Liqasının qrup qalibi olmaqla Avropanın ortababları sırasına adını yazdırıb.

Çempion qadınlarımız

Azərbaycan qadın idmançılarından bəhs edərkən ağıla ilk gələn adlardan biri, şübhəsiz, Mariya Stadnikdir. Əslən Ukraynadan olan güləşçi 2007-ci ildən Azərbaycanın idman şərəfini layiqincə qoruyur. Ölkə tarixinin ən titullu idmançılarından biri olan Mariya dörd dəfə Olimpiya Oyunlarının medalına sahib olub. O, buna nail olan üç qadın güləşçidən biridir. Stadnik iki dəfə dünya, 10 dəfə də Avropanın ən güclüsü adını qazanıb. Mariyanın medal kolleksiyasında çatışmayan yalnız Olimpiya qızılıdır ki, bu il onu da əldə edəcəyinə inam böyükdür. Stadnik əslən azərbaycanlı olmasa da, ölkə ilə bağlı sosial-siyasi məsələlərdə də haqq mövqeyimizi həmişə ifadə etməklə Azərbaycan insanında özünə sevgi qazanmağı bacarıb.

Karateçi İrina Zaretska barədə də oxşar ifadələri işlətmək olar. 2020-ci il Tokio Olimpiadasında gümüş medal əldə edən idmançı həm də ikiqat dünya və ikiqat Avropa çempionudur. O da həmyerlisi Stadnik kimi azərbaycanlı idmansevərlərin sevimlisinə çevrilməyə müvəffəq olub.

“Tərəqqi” medallı Fəridə Əzizova taekvondoda Azərbaycanı layiqincə təmsil edir. Çoxsaylı beynəlxalq turnirlərin qalibi olan idmançı iki dəfə dünya ikincisi, bir dəfə Avropa çempionatının gümüş medalçısı olub.

Qadın şahmatçılarımız isə komanda olaraq hazırda dünyanın ən güclülərindəndirlər. 2023-cü ildə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət yığmamız Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında ikinci yeri tutub. Buna qədər qadın “iti zəka sahiblərimiz” üç dəfə qitə üçüncüsü olmağı bacarmışdılar.

Ayrıca Günay Məmmədzadə yeniyetmələr arasında dünya və Avropa çempionu, Gövhər Beydullayeva rapid üzrə 20 yaşa qədər gənclərin yarışında dünya çempionu, Ülviyyə Fətəliyeva 18 yaşadək şahmatçılar arasında Avropa çempionu olub. Bu şahmatçıların hər biri gəncdirlər və gələcəkdə daha böyük uğurlar əldə edəcəklərinə böyük inam var.

Qadın Paralimpiya çempionlarımız

Azərbaycanın qadın idmançıları paralimpiya oyunlarında da ölkəmizi layiqincə təmsil edirlər. Təsadüfi deyil ki, hazırda iki aktiv Paralimpiya çempionumuz var. Yüngül atlet Lamiyə Vəliyeva 2020-ci ildə Tokioda keçirilmiş Paralimpiya Oyunlarında həm qızıl, həm gümüş medal qazanmağı bacarıb. 22 yaşlı idmançı keçən il Parisdə keçirilən dünya çempionatında iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, bu il təşkil olunacaq Paralimpiya Oyunlarının da əsas favoritlərindəndir.

Lamiyə kimi Sevda Vəliyeva da Tokioda Azərbaycan bayrağını ən yüksəyə qaldırmağı bacarıb. 26 yaşlı cüdoçu karyerası ərzində Avropa çempionu, komanda yarışında isə dünya çempionatının bürüncünü qazanmağa müvəffəq olub.

Perspektiv vəd edən xanımlar

Təcrübəli qadın idmançılarımızdan uğur estafetini almağa hazır olan kifayət qədər gənc xanımlar da var. 18 yaşlı Xədicə Qədəşova artıq ölkə idmanı tarixinə düşməyi bacarıb. Ötən il Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanan Qədəşova Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub.

17 yaşılı güləşçi Ruzanna Məmmədova da artıq adından bəhs etdirməyi bacarıb. O, 2022-ci ildə yeniyetmələr arasında həm dünya, həm də Avropa çempionu titulunu qazanıb. Digər Gənc güləşçi Jalə Əliyeva isə yeniyetmələr arasında bir sıra uğurlardan sonra ötən il yaşı 23-dək olan idmançılar arasında Zaqrebdə keçirilən Avropa çempionatında ikinci yerə çıxıb.

19 yaşlı Ayan Allahverdiyeva isə Azərbaycan qadınının zəkasını dünyaya nümayiş etdirməyə gənc yaşlarından başlayıb. O, keçən ilin noyabrında İtaliyada qız və oğlanlar arasında keçirilmiş dünya birinciliyində 11 oyundan 9,5 xal toplamaqla 18 yaşlı qızlar arasında dünya çempionu olub.

Göründüyü kimi, qadın idmançılarımız müstəqilliyin ilk illərindən ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil ediblər. Titullu, tanınmış idmançılarımızla yanaşı, gənc qızların əldə etdiyi uğurlar gələcəyə də ümidlə yanaşmağa əsas verir.

banner

Oxşar Xəbərlər