“Ömür yolum çətin və ziddiyyətli olub” - MƏKTƏBDƏ
Millət vəkili Fazil Mustafa: “Mən gücüm çatan qədər həqiqəti söyləməyə çalışmışam. Amma bəzən yalan da danışmışam. Bu faydalı yalan olub, kiməsə xəsarət yetirən yalan olmayıb. Bəzən gücüm qarşısında geri çəkilməli olmuşam. Amma ədalətsizlik etməyi heç vaxt özümə rəva görməmişəm”.
“Həyatımızda nə varsa müəllimə borcluyuq. Əgər Allah nəsib edib qarşımıza peşəkar, mənəviyyatlı və vicdanlı müəllim çıxarırsa, biz həyatımızın sonrakı gedişindən narahat olmaya, özümüzün artıq doğru istiqamətdə irəliləyəcəyimizə inana bilərik”. Millət vəkili Fazil Mustafa Bakı Şəhər Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə layihəsi olan “Məktəbdə”ki görüşə bu sözlərlə başladı.
35 saylı tam orta məktəbdə keçirilən görüşdə qonaq məktəb illəri, ilk müəllimi, gənclik dövrü ilə bağlı xatirələrindən, həyat yolunun maraqlı məqamlarından söz açdı.
“Həftədə 2-3 dəfə ilk müəllimimlə danışıram”
Millət vəkili şagirdlərə məşhur qırğız yazıçısı Çingiz Aytmatovun “İlk müəllim” əsərini oxumağı tövsiyə etdi: “Çox istərdim ki, şagirdlərimiz bu kitabı tapıb oxusunlar və ilk müəllimin mahiyyətini anlasınlar. Mən o xoşbəxt insanlardanam ki, həftədə 2-3 dəfə ilk müəllimimlə danışıram. Harada olmağımdan asılı olmayaraq, Naxçıvan şəhər 7 saylı orta məktəbdə mənə ibtidai sinifdə dərs deyən Məsmə müəllimənin yazı yazmağı, oxumağı öyrətməsinə bir müqəddəs insanın mənə verdiyi ayrıca bir nemət kimi baxıram. Hesab edirəm ki, insan ilk növbədə valideyninin, daha sonra müəlliminin haqqını qaytarmalıdır. Sonrakı dövrdə də qarşımıza çıxan müəllimlər bizim formalaşmağımızda rol oynayır. İnanın ki, harada bir uğur qazanmış, mövqe əldə etmiş insan görsəniz, mütləq onun uğurunun arxasına bir neçə müəllimin obrazı var”.
Mütaliədən başlayan yol
F.Mustafa yazdığı bir neçə kitabı məktəbin kitabxanasına bağışlayaraq: “Hər bir şagird çalışıb öz kitabxanasını yığsın”- deyə təcrübəsindən çıxış etdi: “Mənim evdə zəngin kitabxanam var. Məndən sonra nəsə qalması üçün bir gün bu kitabxananı cəmiyyətə hədiyyə edəcəm”. F.Mustafa məktəblilərə bədii ədəbiyyat oxumağı tövsiyə etdi: “İlk növbədə hamının macəra kitablarını oxumasını tövsiyə edirəm. Standart düşüncədən çıxmaq üçün Jül Vernin, Daniel Defonun əsərlərini oxumalısınız. Fantastik əsərlər mütaliə etməlisiniz. İnsanın həyatını qurmaq haqqında müəyyən proqnozlara sahib olması üçün fantaziya, hətta dedektiv ədəbiyyatı oxuması vacibdir. Mütaliədən başlayan yol mütləq sizi düzgün istiqamətə aparacaq. Çayxana hər yerdə var. Orda oturub saatlarla domino, nərd oynayır, qəlyan çəkirlər. Amma ölkəni onlar təmsil etmirlər. Ölkənin adı gələndə Lütfizadənin, Rafiq Əliyevin adı eşidilir. Ölkənin adı alimlə, uğurlu idmançı ilə birgə səslənir. Təhsil, dünyagörüşü yoxdursa, siz heç cür inkişaf edə bilməyəcəksiniz. Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov necə yetişib? Onlar hamısı savadlı insanlar olub, gecə-gündüz öz üzərlərində işləyiblər. Ona görə dünyanın yaxşı təhsil verən universitetlərinə hazırlaşın. Yalnız test üçün oxumaqla özünüzü formalaşdıra bilməzsiniz. Bu, günün standartı baxımından yetərli deyil. Boş vaxtınızda özünüzü inkişaf etdirmək haqda düşünməlisiniz”.
“Kaş belə gözəl məktəbdə oxuyardım”
Şagirdlərdən biri “Məktəbə daxil olarkən öz məktəb illərinizlə bağlı nəyi xatırladınız?”, - deyə sual ünvanladı: “Bir az təmiri yaxşı olmayan məktəbimizi xatırladım. “Kaş belə gözəl məktəbdə oxuyardım” arzusu keçdi ürəyimdən”, - deyə F.Mustafa cavab verdi. “Hər dəfə Naxçıvana gedəndə məktəbimizə mütləq baş çəkirəm. Məktəb mənim üçün bir ibadət yeridir, borclu olduğum məkandır. Məktəbin mənə verdiyini azacıq da olsa, qaytarmağa çalışmışam. Siz də məktəbdən, o auradan əldə etdiyinizi heç yerdən qazana bilməyəcəksiniz. 30-40 il sonra peşman olmamaq üçün məktəbdə keçirilən hər bir günü dəyərləndirmək lazımdır” – deyə millət vəkili əlavə etdi.
Şağgirdlərdən biri “Həyatınızdan hansı məqamları silmək istərdiniz?”, - deyə sual etdi. Cavab olaraq F.Mustafa heç bir məqamı həyatından silmək istəmədiyini bildirdi: “Həyat səhvi və düzü ilə sənindir. Sən orqanizmindən hər hansı orqanını kənara qoya bilmədiyin kimi, həyatda yaşadıqlarının da heç bir anını kənara qoya bilmirsən. Taledən başqa insan iradəsi də var. Nə üçünsə peşmanlıq çəkə bilərsən, ancaq ondan uzaqlaşa, imtina edə bilməzsən. Mənim ömür yolum çətin, ziddiyyətli olub. Həbsxanada da xeyli şeylər öyrənmişəm və onların mənə faydası olub. Fikrimcə, hər məqamdan səmərəli və məqsədli şəkildə istifadə etməyi bacarmaq lazımdır. Sonuncu - “Dirilən adamın düşüncələri” kitabımı bu yaxınlarda xəstəxanada olarkən yazmışam”.
“Elə məsələlər var ki, faydalı yalanın da xeyri olur”
“Həyatınızda elə bir məqam olubmu ki, həqiqəti söyləmək istəmisiniz, amma susmusunuz?”, - deyə soruşan şagirdə “Nəinki susmuşam, hətta elə məqamlar olub ki, yalan da danışmışam”, - deyə qonaq etiraf etdi: “Elə məsələlər var ki, faydalı yalanın da xeyri olur. Siyasətdə də həmişə doğrunu söyləmək olmur. Amma insanın əsas hədəfi doğrunu söyləmək, insanlara fayda verə biləcək işləri artırmaqdır. Mən gücüm çatan qədər həqiqəti söyləməyə çalışmışam. Amma bəzən yalan da danışmışam. Bu faydalı yalan olub, kiməsə xəsarət yetirən yalan olmayıb. Bəzən gücüm qarşısında geri çəkilməli olmuşam. Amma ədalətsizlik etməyi heç vaxt özümə rəva görməmişəm”.
“Biz də özümüzdən əvvəlki nəslin məsuliyyətini daşıyırıq”
“Nəsillərarası müqayisə və mübarizəyə münasibətiniz bizim üçün maraqlıdır. Atalar haqlıdır, yoxsa oğullar?”, - deyə soruşan şagirdə “Atalar və oğullar problemini məndən soruşmadan öncə Turgenevin eyni adda əsərini oxumaq lazımdır”, - deyə qonaq məsləhət verdi: “Ümumiyyətlə, siz atanızı təmsil etmirsiniz, onun məsuliyyətini daşımırsınız. Amma eyni zamanda, siz varisliyin daşıyıcısısınız. Millətin də varisliyi var. Necə ki, 1918-ci ildə bizim babalarımız Demokratik Cümhuriyyəti qurublar. Ancaq onlar bu respublikanın heç bir zövqünü yaşamayıblar, əziyyətlər, sürgünlər görüblər. Sonradan gələn nəsil onların iztirabını bilməyə bilər, amma onların qoyduğu işi davam etdirirsə, məsuliyyət daşıyır. Biz də özümüzdən əvvəlki nəslin məsuliyyətini daşıyırıq. Bizdən sonrakı nəsil də bizim elədiyimiz işlərin məsuliyyətini daşıyacaq”.
“Biz riyaziyyat sıxıntısı yaşamışıq”
Şagirdlərdən biri “Rəqəmsal dünyada yaşayan gənclərin daha çox hansı sahədə maariflənməyə ehtiyacı var?”, - deyə öyrənmək istədi: “Bu, istedadla bağlı məsələdir. Yaponiyada və başqa ölkələrdə əsas ağır elm riyaziyyat sayılır. Biz riyaziyyat sıxıntısını yaşamışıq, riyaziyyat təməlimiz olmayıb. Riyaziyyat təməli olan insanlar daha çox uğur qazanır. Daha çox seçim edə bilirlər. Rəqəmsal texnologiyada yeni insandan söhbət gedir. Tövsiyə edərdim ki, fəlsəfəni oxuyun. Bu, sizə çox lazımdır. Çünki insanın birinci keyfiyyəti düşünməkdir. Riyaziyyat da fəlsəfədir. Hansı sahəyə getsəniz, bunları bilməyiniz bazanızın çox güclü olmasına imkan yaradacaq”.
Təranə Məhərrəmova