• bazar ertəsi, 30 dekabr, 21:15
  • Baku Bakı 6°C

Nə yol xəritəmiz var, nə də standartlarımız

21.12.24 03:19 734
Nə yol xəritəmiz var, nə də standartlarımız

Mütəxəssislər hesab edirlər ki, ölkədə qış turizmi ilə bağlı yol xəritəsi hazırlanmalı, müvafiq sənədlər qəbul edilməlidir. Ölkəmizdəki milli parklar da bu işdə ön planda olmalıdır. 

Qış turizm mövsümünə artıq start verilib. Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında bildirib ki, ölkənin qış turizm imkanlarının genişləndirilməsi, beynəlxalq turistlərin cəlb olunması və daxili turizmin inkişafı məqsədilə yeni layihələr həyata keçirilir. 

Qış turizmi dünyada geniş yayılan və kifayət qədər gəlirli olan sahələrdən biridir. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, xüsusilə dekabr-fevral aylarında qış səyahətlərinə tələb ilin qalan dövrü ilə müqayisədə 50 faizdən çoxdur. Bu, qış turizmi ilə məşhur olan ölkələrin maliyyə gəlirlərinin 20-30 faiz artmasına səbəb olur. Bu dövrdə müəyyən bir cəmiyyətin adət-ənənələrini, rituallarını və irsini əks etdirən bir çox festivallar təşkil edilir, bu festivallara xüsusi təşviqat kampaniyaları ilə turistlər cəlb edilir. Yəni, qış festivalları payızdan qışa keçid üçün əla fürsət hesab olunur. 

Azərbaycanda da qış turizm mövsümünün açılışına həsr olunan konfransda ölkəmizin bu sahədə imkanları ilə bağlı xüsusi təşviqat işlərinin aparıldığı vurğulansa da, son illər qış turizmi ilə bağlı xəbərlərə az rast gəlirik.

Qış turizmi yay turizmi kimi təntənəli deyil

Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi “Kaspi” qəzetinə açıqlamasında təsdiqləyir ki, ölkəmizdə qış turizm mövsümü yay turizm mövsümü kimi təntənəli deyil: “Əslində, biz nəinki qış və yay, payız və yaz mövsümlərində də təntənəli açılış mərasimləri təşkil etməli, bu dövrdə ölkəyə üz tutan turistləri fərqləndirərək kampaniyalar həyata keçirməliyik. Məsələn, ölkəyə gələn iki yüz mininci turisti təqdim etməli, ölkədəki turizm imkanlarını beynəlxalq turizm bazarlarına intensiv şəkildə təqdim etməliyik”.

Turizm sektoru mövsümdən asılı olmamalıdır

Mütəxəssis bildirir ki, turizm sektoru mövsümdən asılı olmamalıdır: “Uzun illərdir biz bu sektorun mövsümdən asılılığını azaltmaq istiqamətində müzakirələr aparırıq. Lakin hələ də bu problem mövcuddur. Turizm sənayesi müxtəlif mövsümi xarakter daşıyan təsirlərə məruz qalır və stabillik pozulur. Hotellərin, turizm agentliklərinin, bələdçilərin, nəqliyyat sektorunun, ümumiyyətlə bu sahənin işində ləngimə gedir. Turizm sektoru ancaq qış və ya yay mövsümündə deyil, ilin bütün fəsillərində aktiv olmalıdır. Bunun üçün də müxtəlif turizm növlərini, mövsümlərə aid olan turizm fəaliyyətlərini inkişaf etdirməliyik”.

“Qış turizmi deyərkən ağlımıza xizək turizmi gəlir”

Turizm mütəxəssisi vurğulayır ki, biz əgər hansısa sənayenin, sektorun inkişafını düşünürüksə, həm iqtisadi fəaliyyət sahəsində koordinasiya işləri düzgün görülməli, həm də bu sahədə çalışan bizneslər üçün daha əlverişli şərait yaradılmalıdır: “Məsələn, qış turizm fəaliyyətlərinin inkişafı, yenilikləri, bu sahəyə diqqətin artırılmasını istəyiriksə, bu sahədə hansısa tənzimləyici sənədlər işlənib hazırlanmalıdır. Əfsuslar olsun ki, qış turizmi haqqında nə hansısa bir yol xəritəmiz var, nə də standartlarımız. Qış turizmi deyərkən ağlımıza xizək turizmi gəlir. Amma bu turizmin fəaliyyət sahələri müxtəlifdir. Burada ən sadəsi meşədə xizək gəzintisi, yaxud qar zamanı piyada gəzintiləri, hansısa vəhşi heyvanların qar üzərində ləpirlərini izləmək, meşədə giləmeyvələri yığmaq imkanlarıdır. 10 milli parkımız var. Hər bir milli parkın əsasnaməsində ekoturizm fəaliyyətlərinin inkişafı qeyd olunub. Amma analiz etdikdə görürük ki, vəziyyət ürəkaçan deyil. Milli parkların ərazisində turizm fəaliyyətləri az təklif olunur. Milli parkların nüfuzu, fəaliyyəti, onların təklif etdikləri xidmətlər bu gün öndə deyil və onlar turizm sənayesinin sonuncu reytinqində yer tuturlar”.

Rəqabət artsa, qiymətlər tənzimlənəcək

Qiymətlərin baha olmasına gəldikdə, mütəxəssis vurğulayır ki, xizək turizmi dünyada bahalı turizm növüdür: “Digər ölkələrdə xizək turizminə diqqət etsək, Azərbaycanda qiymətlərin aşağı olduğunu görərik. Amma ümumilikdə turizm fəaliyyətləri hamı üçün əlçatan olmalıdır. Çalışmalıyıq ki, hər bir vətəndaş bundan istifadə edə bilsin. Bunun üçün büdcəli yerləşmə vasitələri inşa olunmalı, alternativ xidmətlər təklif edilməlidir. Rəqabət artsa, qiymətlər tənzimlənəcək”.

Şahdağda beynəlxalq tədbirlər keçiriləcək

“Azərbaycan Turizm Peşəkarları Təşkilatı”nın sədri Ceyhun Aşurov deyir ki, gələcəkdə Şahdağda qış turizmi ilə bağlı beynəlxalq yarışların keçirilməsi planlaşdırılır: “Qəbələdə, Qusarda “Şahdağ”, “Tufandağ”, Naxçıvanda Ağbulaqda qış turizmi məkanları fəaliyyət göstərir, müasir standartlara cavab verir. Bundan başqa, kanatlar, sürüşmə əraziləri mövcuddur. Digər regionlarda da təbiəti, qış fəslini görmək istəyənlər üçün müxtəlif imkanlar mövcuddur. Həmçinin ölkədə qış turizmini məşhurlaşdırmaq üçün müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

Cəlbedici təkliflər olmalıdır

Mütəxəssis bildirir ki, qış turizmi ilə bağlı problemlərdən biri odur ki, gecələmək üçün yerlərin sayı azdır: “Bunların sayı ildən-ilə artırılmalıdır. Hazırda regionlarda müxtəlif layihələr həyata keçirilir. Ümumiyyətlə, turistlərin rahat səyahət etmələri üçün şərait yaradılmalı, cəlbedici təkliflər olmalıdır. Azərbaycan unikal coğrafiyada yerləşir. Hansı ki, bizdə ilin dörd fəsli yaşanır. Xüsusilə, körfəz ölkələrindən gələn turistlər yayı, yazı, qışı, payızı burada yaşaya bilirlər və bunda maraqlıdırlar. Festivallar, müxtəlif yarışmalar keçirərək, qış əyləncəsi ilə əlaqəli müxtəlif fəaliyyət növlərini artırmaqla ölkənin qış turizm imkanlarını daha da məşhurlaşdırmaq olar”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər