Məktəbdə elmi-praktik konfrans keçirilib - FOTOLAR

Bakı şəhəri F.Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz, onun yoluna sədaqətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Kaspi.az xəbər verir ki, konfrans öz işinə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğurunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Asəf Vəliyev açıq elan edib.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov Ulu Öndər Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını, ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz qüdrətli şəxsiyyətin zəkasının işığında qədəm qoyub. Onun sözlərinə görə, bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. A.Süleymanov 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olduğunu xatırladıb. Bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalayıb. 28 noyabr 2022-ci il tarixdə isə dövlətimizin başçısı “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamlardan irəli gələrək, YAP Mərkəzi Aparatı tərəfindən də “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planı hazırlanıb, İdarə Heyətinin qərarı ilə təsdiq edilib. A.Süleymanovun sözlərinə görə, Tədbirlər Planına uyğun olaraq, ölkə miqyasında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ən müxtəlif tədbirlər keçirilir.
Konfransda məktəbin direktoru İradə Hüseynova ”Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, Təlim-tərbiyə işləri üzrə direktor müavini Asəf Vəliyev “Ulu öndər Heydər Əliyev və dövlət siyasəti”, məktəbdən kənar işlər üzrə təşkilatçı Həsən Rzayev “Dövlət müstəqilliyinin möhkəmlənməsində Heydər Əliyevin rolu”, müəllimlərdən Rəsmiyyə Fərzəliyeva “Heydər Əliyev və ordu quruculuğu”, Ziyafət Şirinova “Heydər Əliyev irsi milli sərvətimizdir”, Vüsal Dünyamalıyev “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, Şəkər Cəfərova “Heydər Əliyev irsinin gənc nəslin inkişafında rolu” adlı məruzələrlə çıxış ediblər.
Konfransın sonunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub.
Alpər TURAN