bazar ertəsi, 08 avqust, 21:29

Baku Bakı 23°C

Masazırda yarımçıq yol çəkilişi - PROBLEM

icon 1300 icon 02 iyul 2022 | 05:00 Masazırda yarımçıq yol çəkilişi - PROBLEM

Abşeron rayonu Masazır kəndi “Cantəpə” məhəlləsi, Mirzə Ələkbər Sabir küçəsinin sakinləri 3 aydır ki, çətin durumda qalıblar. Yola asfalt döşənəcəyi xəbərini eşitsələr də, bu sevincləri uzun sürməyib. İşlər yarımçıq dayandırılıb. İndi  sakinlər toz-torpağın əlindən xilas olmaq arzusundadırlar.

Abşeron rayonu Masazır kəndi “Cantəpə” məhəlləsi, Mirzə Ələkbər Sabir küçəsinin sakinləri yolsuzluqdan şikayətçidirlər. Bununla bağlı redaksiyamıza daxil olan müraciətdə qeyd olunur ki, 142 saylı marşrut avtobusunun yolu kimi də tanınan avtomobil yolu uzun müddətdir təmirsizdir.

İş icraçılarının astagəlliyi

Ərazidə yaşayan sakinlərin şəxsi təşəbbüsü və maliyyə vəsaiti hesabına son 2-3 aya qədər yola dəfələrlə çınqıl döşənib, bərkitmə işləri aparılıb. Bu da yolu quraqlı havada toz-torpaqdan, yağışlı havalarda isə zığ-palçıqdan nisbətən qoruyub. 2-3 ay bundan öncə sözügedən yola asfalt örtük vurulacağı xəbəri yayılıb. Ardınca ağır texnikalar əraziyə gətirilib, yol yatağına əlavə qum, çınqıl, daş qırıntıları döşənib. Sakinlər sevinib ki, yolun asfaltlanması onların gediş-gəlişini asanlaşdıracaq, əlavə qayğıdan azad edəcək. Yol çəkilişi ilə bağlı yaranan çətinliyi müvəqqəti hesab edib, dözüblər. Lakin onların bu sevinci uzun sürməyib. İş icraçılarının astagəlliyi, gördükləri işi yarımçıq saxlamaları səbəbindən yolun asfaltlanması başa çatdırılmayıb. Nəticədə, yolun bir başındakı qəbiristanlıqdan başlamaqla kiçik hissə və yolun sonundakı digər qəbiristanlıqdan başlamaqla cəmi 300-400 metrlik hissə asfaltlanıb.

Toz-torpaq əsarətində yaşayan sakinlər

Son 2-3 həftədə isə yoldakı təmir işləri ümumiyyətlə dayandırılıb. Torpaq yolun hamar olmasından istifadə edən sürücülərin nəqliyyat vasitələrini yüksək sürətlə idarə etmələri, həmçinin ağır tonnajlı yük avtomobillərinin, avtobusların hərəkəti Mirzə Ələkbər Sabir küçəsində hazırda toz-torpaq dumanı yaradır. Yol ətrafında yaşayan sakinlərin sözlərinə görə, toz-torpaq əlindən evdə oturmaq, həyətə çıxmaq mümkün deyil. Bronxial xəstəliyi olan, nəfəsalmada çətinlik çəkən, lap elə sağlam insanların özü üçün də bu mənzərə böyük narahatlıq yaradır. Bir sözlə, Masazır sakinləri aidiyyəti qurumlardan tələb edirlər ki, yol çəkilişini qısa zamanda tamamlasınlar, onları toz-torpağın əlindən xilas etsinlər.

Şikayəti ünvanına çatdırdıq

Masazır sakinlərinin bu müraciətini araşdırmaq üçün hadisə yerində olduq, bəhs olunan yolda görülən işlərə və hazırkı vəziyyətə dair müşahidələr apardıq, fotoçəkilişlər etdik. Müvafiq qeydlər apardıqdan sonra sakinlərin şikayətini Abşeron rayon icra hakimiyyətinə çatdırmaq, qurumdan münasibət öyrənmək qərarına gəldik. Telefon danışığı zamanı icra hakimiyyətinin rəsmisi bizə tövsiyə etdi ki, İcra hakimiyyəti başçısının Masazır  kənd  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəsi Şahlar Həsənovla əlaqə saxlayaq. Onun dediyi kimi etdik. Ş.Həsənov mövzu ilə tanış olduqdan sonra söylədi ki, qeyd olunan ünvanda yol çəkilişini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təklifi ilə naməlum özəl şirkət həyata keçirir. O, qeyri-iş günləri ilə əlaqədar olaraq asfalt örtüyün vurulması prosesinin müvəqqəti dayandırıldığını söylədi. Nümayəndəyə bildirdik ki, ərazidəki işlər qeyri-iş günlərində deyil, 2-3 həftə bundan əvvəl dayandırılıb. Ş.Həsənov ehtimal etdi ki, yol çəkilişi səbəbsiz yerə dayandırılmaz, yəqin. tutarlı bir səbəb, yaxud texniki problem var. Ondan dəqiq səbəbin nə ola biləcəyini soruşduq, amma cavab verə bilmədi. Söz verdi ki, məsələni araşdırıb öyrənəcək, ardınca bizə də məlumat verəcək.

Cavabdeh qurumların ötür-ötür oyunu

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ş.Həsənovdan yol çəkilişinin nə vaxt yekunlaşacağını soruşduq. Bu sualımıza da tutarlı cavab ala bilmədik: “Yol çəkilişini həyata keçirən şirkətin nümayəndələrinə müraciət edəndə cavab verirlər ki, gedin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edin, onlardan soruşun. Yəqin ki, yol çəkilişinin yubanması onlarla əlaqədardır. Bu gün biz yenidən onlarla əlaqə saxlayıb yol çəkilişinin nə vaxt yekunlaşacağını, işin niyə yubadıldığını öyrənəcəyik”.

AAYDA Abşeronda yollara nəzarət etmir?

İcra nümayəndəsinin adını çəkdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən də mövzuya dair münasibət öyrəndik. Qurumun sözçüsü Anar Nəcəfli bildirdi ki, təmsil etdiyi qurum dövlətə məxsusdur və Dövlət Agentliyinin tabeliyində hansısa özəl şirkət ola bilməz. A.Nəcəfli əlavə etdi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hazırda Masazır kəndində hər hansı iş, o cümlədən yol çəkilişi həyata keçirmir. O, təmsil etdiyi dövlət qurumunun Abşeron rayonundakı yollara ümumiyyətlə nəzarət etmədiyini dilə gətirdi.

Biganəlik və məsuliyyətdən yayınmaq cəhdi

Söylənilənlərdən belə nəticəyə gəlmək olar ki, adı və ünvanı bəlli olmayan, kimsəyə hesabat və məlumat verməyən hansısa şirkət öz təşəbbüsü ilə Abşeron rayonu Masazır kəndi “Cantəpə” məhəlləsi, Mirzə Ələkbər Sabir küçəsində yol çəkilişi ilə məşğuldur, bundan da kimsənin xəbəri yoxdur. Gülüş doğuran qənaətdir. Çünki Azərbaycan reallığında istənilən yaşayış məntəqəsində bələdiyyə və icra nümayəndəsinin, sahə müvəkkilinin xəbəri olmadan nəinki hər hansı təmir-tikinti işinin aparmaq, heç daşı-daş üstünə qoymaq da mümkün deyil. Aidiyyəti və cavabdeh qurumların Masazır sakinlərinin şikayətinə real münasibəti “lalam, koram, karam” deyib məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil.

Rufik İSMAYILOV