• çərşənbə, 04 Dekabr, 02:49
  • Baku Bakı 6°C

“Mançester Siti”nin çətin günləri

30.11.24 00:55 390
“Mançester Siti”nin çətin günləri

Mövsümə yaxşı başlayan “Mançester Siti” son zamanlar formadan düşüb. Komanda altı oyundur, qələbəyə həsrətdir. Bu perioda ardıcıl beş məğlubiyyət də sığışıb.

“Mançester Siti” son illər dünya futbolunda hegemonluq edən klublardan biridir. 2008-ci ildə yeni sahiblər gələndən sonra tarixində yeni səhifəyə qədəm qoyan “şəhərlilər” 2016-cı ildə Pep Qvardiolanın baş məşqçi təyin edilməsindən sonra İngiltərədə əzici üstünlüyə yiyələnib. Komanda o vaxtdan altı dəfə ölkənin ən güclüsü olub. Son dörd ilin İngiltərə çempionu olan klub 2022/23 mövsümündə Çempionlar Liqasını (ÇL) da qazanmaqla Avropa futbolunun zirvəsinə oturub. Lakin son zamanlar komanda eniş dövrünü yaşayır. Bu vəziyyət nəinki komandanın mövsümlük perspektivinə, həm də onların hegemon reputasiyasına təsir edir.

Ardıcıl beş məğlubiyyət və antirekord

Mövsümə yaxşı başlayan “Mançester Siti” son zamanlar formadan düşüb. Komanda altı oyundur, qələbəyə həsrətdir. Bu perioda ardıcıl beş məğlubiyyət də sığışıb. Hər şey İngiltərə Liqa Kubokunda “Tottenhem”ə 1:2 hesablı yenilgi ilə başladı. Ardınca Premyer Liqada “Bornmut”a eyni hesablı məğlubiyyəti ÇL-də “Sportinq” səfərində 1:4-lük darmadağın izlədi. Komanda Premyer Liqanın son iki turunda da uduzub: əvvəlcə “Brayton”la qarşılaşmada 1:3 hesablı məğlubiyyət, daha sonra evdə “Tottenhem”ə ağır yenilgi – 0:4. ÇL-in 5-ci turunda isə “mavilər” Niderland “Feyenord”u ilə qarşılaşmada 3:0 hesablı üstünlüyü əldən verərək yekunda bir xala razılaşdı.

Bu, İngiltərə futbolunda antirekordun təkrarıdır. Sonuncu dəfə 56 il əvvəl “Çelsi” ardıcıl beş oyunda uduzan çempion kimi “tarixə düşmüşdü”. Qvardiola isə 17 illik məşqçilik karyerasında ilk dəfə belə aqibətlə üzləşib.

Yanlış heyət quruculuğu və zədə epidemiyası

Son illərdə “Mançester Siti”nin uğurlarını təmin edən əsas sütunlardan biri oyunçuların keyfiyyətidir. Qvardiolanın əlində həmişə ulduz və onun taktiki tələblərinə uyğun futbolçular cəmləşib. Lakin ötən yay “Mançester Siti” uğurlu transfer periodu keçirmədi. Təkcə Savinyo və “Barselona”dan qayıdan İlkay Gündoğan heyətə cəlb edildi və Erlinq Holanda əsas alternativ sayılan Xulian Alvares “Atletiko”ya satıldı. Lakin argentinalının boşluğu doldurulmadı. Beləliklə, “Mançester Siti” mövsümə nisbətən məhdud heyətlə başlamaq məcburiyyətində qaldı. Hansı ki, sonradan zədələrlə bunun ağrısı hiss olunmağa başlandı. Xüsusən, Kevin de Bruyne və Rodrinin sıradan çıxması çatışmazlıqları üzə çıxardı. Düzdür, de Bruyne artıq sağalıb, lakin o, əvvəlki formasından çox uzaqdır. Rodri problemi isə daha böyükdür. “Qızl top”un son sahibi “Arsenal”la qarşılaşmada aldığı zədə səbəbindən mövsümü erkən başa vurmalı olub. Beşinci turdakı həmin matçdan sonra komandanın oyununda problemlər baş qaldırıb. Araşdırmalar göstərir ki, “Mançester Siti” Rodrinin olmadığı görüşlərdə həm hücum quruculuğunda, həm müdafiədə ciddi problemlər yaşayır. De Bruyne isə rəqib müdafiənin yarılmasında açar oyunçu rolunu oynayırdı və onun performansının aşağı düşməsi məhsuldarlığa təsirsiz ötüşməyib. Onlardan əlavə də qısamüddətli və uzunmüddətli bir sıra zədələr komanda üçün problemə çevrilib. Əsas oyun üslubunun zəifləməsi ilə rəqiblər üçün fürsətlər yaranıb ki, onlar da bundan maksimum yararlana bilirlər.

Fərdi performans problemləri

Erlinq Holand müasir dövrün ən yaxşı hücumçularından hesab olunsa da, son zamanlar formasından uzaqdır. Bu, bir tərəfdən rəqiblərin sıx müdafiə planları ilə bağlıdırsa, digər tərəfdən orta xətdə yaradıcılığın azalması ilə Holand topla daha az təmin olunur. Fil Foden və Bernardu Silva de Bruynenin yoxluğunda daha böyük məsuliyyət daşımalı olsalar da, görünür, bu yükün altında əzilirlər. İlkay Gündoğan isə qayıdışından sonra əvvəlki səviyyədə çıxış edə bilmir.

Qvardiola mövsümdən əvvəl üçlü müdafiə planları qursa da, zədələr onun yenidən dördlü sistemə qayıtmasına səbəb olub. Bu isə artıq rəqiblər tərəfindən tam analiz edilib. İrəlidə qurulan müdafiə xətti rəqiblərə keçid oyununda yaxşı imkanlar yaradır. Rodrinin yoxluğu isə bu şəraiti daha da münbitləşdirir. Holandın neytrallaşdırılması, orta xətdəki yaradıcılıq çatışmazlığı “şəhərlilər”in oyununun qısırlaşması ilə nəticələnib. Düzdür, komanda pis oynamır, lakin meydanda istədiyini edən əvvəlki “Mançester Siti” yoxdur.

Mental yorğunluq

“Mançester Siti”nin enişində yaşıl qazondakı amillərlə yanaşı meydandan kənar proseslərin də təsiri az deyil. Uzun illərdir Pep Qvardiola ilə birgə çalışan Çiki Begiristayn mövsümün sonunda klubdakı idman direktoru postunu tərk edəcək. Məlumata görə, bu məqam ispan mütəxəssisə mənfi təsir edib. Hətta onun da komandadan gedəcəyi ilə bağlı xəbərlər dolaşırdı. Lakin yekunda Qvardiola daha bir illik yeni müqavilə imzaladı.

Klubda problemə səbəb olan daha bir məqam maliyyə maxinasiyaları ittihamlarıdır. Hazırda bununla bağlı araşdırmalar davam edir və bu səbəbdən “Mançester Siti” istədiyi transferləri edə bilmir.

Digər tərəfdən, keçmiş uğurlar bəzən komandalarda doyma hissi yaradır. Son illər bütün titulları əldə edən Qvardiola və komandasının da bu vəziyyətdən xali olmadığı görünür. 

12 turdan sonra “Mançester Siti” Premyer Liqanın lideri “Liverpul”dan doqquz xal geri düşüb. Çempionlar Liqasında isə komanda ilk 24-lüyə düşmək uğrunda mübarizəsini davam etdirir. Əvvəllər də “şəhərlilər” belə çətinliklərlə üzləşib və geridönüş etməyi bacarıblar. Qvardiola və heyəti bu vəziyyəti analiz edərək uyğun həllər tapmaq üçün kifayət qədər təcrübəyə malikdir. İndiki məqamda bu məğlubiyyətlər “Mançester Siti” üçün bir xəbərdarlıq siqnalı kimi qəbul edilməlidir. Komandanın reaksiyası onların çempionluq iddialarını qoruyub-qorumayacağını müəyyən edəcək.

banner

Oxşar Xəbərlər