• çərşənbə axşamı, 16 aprel, 13:47
  • Baku Bakı 19°C

Maksim Medvedev: “İnanıram ki, “Qalatasaray”la oyun hamını xoşbəxt edəcək”

14.03.23 13:30 818
Maksim Medvedev: “İnanıram ki, “Qalatasaray”la oyun hamını xoşbəxt edəcək”

“İnanıram ki, “Qalatasaray”la keçiriləcək oyun hamını xoşbəxt edəcək”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev martın 26-da Türkiyə klubu “Qalatasaray”a qarşı keçiriləcək xeyriyyə xarakterli yoldaşlıq görüşünün təşkili ilə bağlı danışarkən deyib.

Ağdam klubunun kapitanı jurnalistlərə açıqlamasında Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmaya böyük maraq olacağını düşünür: “Maraqlı oyun olacaq. Çox adam həmin matçı səbirsizliklə gözləyir. Nəhayət ki, bu görüş baş tutacaq. İndidən hamı mənə yazır ki, biletləri hazırla, gələcəyik. “Qalatasaray” önünə əsas heyətlə çıxa bilməyəcəyik. Çünki millilərə çağırılanlar meydanda olmayacaqlar. Ancaq əsas odur ki, “Qalatasaray” kimi komanda bizimlə yoldaşlıq görüşü keçirəcək. İnanıram ki, bu qarşılaşmanın baş tutması hamını xoşbəxt edəcək”.

34 yaşlı müdafiəçi AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Avstriya və 27-də İsveçə qarşı keçiriləcək matçlar üçün Azərbaycan millisinə çağırılmayacağını da sözlərinə əlavə edib: “Çox güman ki, həmin vaxt “Qarabağ”ın düşərgəsində olacağam. Məni “Qalatasaray”la matçda görəcəksiniz. Bu gün millidə olub, sabah çağırılmaya bilərsən. Futbolda bunlar normaldır. Zaman hər şeyi öz yerinə qoyacaq”.

Maksim Medvedev Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə məhəllələrdə salınan meydançaların Azərbaycan futboluna böyük töhfə verəcəyini düşünür: “Belə meydançaların məhəllələrdə olması balaca futbolçularımız üçün çox önəmlidir. Çünki onların əksəriyyəti futbolla yaşayır. Sadəcə, bəzi məhəllələrdə belə meydança olmadığı üçün uşaqlar futbol oynaya bilmirlər. Nazirlik tərəfindən artıq belə meydançalar açılır. Gənclər üçün bu amil çox vacibdir. Bunun Azərbaycan futbolunun gələcəyinə böyük xeyir verəcəyinə inanıram”.

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” görüşünün bilet satışından əldə ediləcək gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün ianə ediləcək.

banner

Oxşar Xəbərlər