“Liverpul”da Slot erası
Mersisayd təmsilçisinin rəhbərliyi yeni baş məşqçi seçimi zamanı risk etdi. Komanda daha əvvəl Niderlanddan kənarda işləməmiş 46 yaşlı Arne Slotu bu posta gətirdi. Lakin nəticələr göz qamaşdırır.
Avropada futbol mövsümünün erkən mərhələsində performansı ilə ən çox diqqət çəkən komanda “Liverpul”dur. Mersisayd təmsilçisi həm İngiltərə Premyer Liqasında, həm də Çempionlar Liqasında qarşısıalınmazdır. Niderlandlı Arne Slotun baş məşqçisi olduğu komanda mövsümün startından bəri cəmi bir dəfə məğlubiyyətlə üzləşib. Hazırda “Liverpul” Avropada ən formada olan klub hesab olunur.
Post-Klopp dönəmi: riskli seçim
Ötən yay Yurgen Klopp doqquz illik fəaliyyətini başa vuraraq “Liverpul”un baş məşqçisi postunu tərk etdi. “Qırmızılar”ı çalışdırdığı dönəmdə komandanı çöküşdən xilas edən və Premyer Liqanı, Çempionlar Liqasını qazanan almaniyalı mütəxəssisdən sonra komandanın gələcəyi ilə bağlı suallar yaranmışdı. Doğrusu, post-Klopp dövrünün sancılı keçəcəyi, “Liverpul”un zəifləyəcəyi proqnozlaşdırılırdı.
Mersisayd təmsilçisinin rəhbərliyi yeni baş məşqçi seçimi zamanı risk etdi. Daha əvvəl Niderlanddan kənarda işləməmiş 46 yaşlı Arne Slotu bu posta gətirdi. O, məşqçi kimi son klubu “Feyenord”da ölkə çempionluğu, ölkə kubokunun qalibi, Konfrans Liqasının finalçısı kimi müəyyən nəticələr əldə etmişdi. Lakin bu, “Liverpul” kimi komandaya baş məşqçi təyin edilməsinə skeptik yanaşmalara mane olmurdu.
Nəticələr göz qamaşdırır
Klub rəhbərliyinin riskli seçimi özünü tez doğrultdu. Premyer Liqada 13 turdan sonra “Liverpul” turnir cədvəlinin şəriksiz lideridir. Cəmi bir dəfə məğlub olan və iki oyunda heç-heçəyə razılaşan komanda 11 qələbə əldə edib. 35 xala sahib “Liverpul” ən yaxın izləyiciləri - “Arsenal” və “Çelsi”ni 7 xal üstələyir. Bu, mövsümün bu mərhələsi üçün kifayət qədər böyük fərq hesab olunmalıdır. 29 qolla ən çox fərqlənən komandalardan olan “qırmızılar” qapısında cəmi 11 top görüb ki, bu da ən yaxşı göstəricidir. Çempionlar Liqasındakı nəticələr isə daha gözqamaşdırıcıdır. Arne Slotun komandası qitənin bir nömrəli klub turnirində keçirdiyi beş oyunun hamısında qalib gəlib və 15 xalla turnir cədvəlinin vahid lideridir. Burada komanda cəmi bir qol buraxıb ki, bu da qapısında top görməyən “İnter”dən sonra ən yaxşı göstəricidir. Eyni zamanda, Mersisayd təmsilçisi son oyunda turnirin hazırkı qalibi “Real Madrid”i öz meydanında 2:0 hesabı ilə məğlub etməklə iddiasını ortaya qoyub. Premyer Liqada isə eyni hesabla əsas rəqiblərdən biri olan “Mançester Siti” üzərində əldə edilən qalibiyyət “Liverpul”un çempionluğa bir nömrəli namizəd olduğunu düşünməyə əsas verir.
Eyni heyət, dəyişən fəlsəfə
Slot faktiki olaraq icraçıları dəyişməyib. “Liverpul” yay transfer pəncərəsi zamanı heç də ən aktiv komandalardan deyildi. “Valensiya”dan qapıçı Georgi Mamardaşvili və pəncərənin son günündə “Yuventus”dan Federiko Kyeza heyətə cəlb edildi. Gürcü qolkiper sonradan icarəyə verildi, italyan vinger isə adəti üzrə zədəlidir. Yəni Slot faktiki olaraq Yurgen Kloppun heyətindən istifadə edir. Sadəcə, o, futbolçuların potensialından maksimum yararlanması ilə diqqət çəkir.
Slotun oyun fəlsəfəsinə gəlincə o, “Feyenoord”da qurduğu taktiki sistemə sadiqdir. Kloppun yüksək pressinq üslubundan fərqli olaraq, Slot topun daha ağıllı və strateji istifadəsini ön planda saxlayır. Bu yanaşma, xüsusilə, yarımmüdafiə xəttində öz bəhrəsini verir. Dominik Soboslay və Aleksis Makallister kimi oyunçuların yaradıcı potensialı bu sistemdə tamamilə açılıb. Onun fəlsəfəsi Məhəmməd Salahın ümumi oyun strukturunda rolunu artırıb. Darvin Nunyes bu mövsüm böyük inkişafdadır. Onun Slotun sisteminə uyğunlaşması hücum xəttinin daha balanslı və təhlükəli görünməsini təmin edib. Luis Diaz və Dioqo Jota kimi oyunçuların müxtəliflik yaradan manevrləri isə rəqib müdafiələri çətin vəziyyətdə qoyur.
Yarımmüdafiədəki dinamiklik və dayanıqlılığı isə müdafiə xəttindəki balans və intizam tamamlayır. Slotun ən güclü tərəfi də məhz müdafiənin etibarlılığını təmin edə bilməsidir.
“Slot erası” başlayır?
Slotun “Liverpul”da bu qədər uğurlu olmasının səbəbi yalnız onun taktiki biliyi deyil. O, futbolçularla şəxsi münasibətlər qurmaqda ustadır. Hər bir oyunçunun güclü tərəflərini aşkar edib, onları komandanın ümumi maraqlarına uyğun şəkildə istifadə etməyi bacarır. Niderlandlı mütəxəssis psixoloji hazırlığa xüsusi diqqət yetirir və bu, komandanın çətin oyunlarda inamını qoruyub saxlamasına kömək edir.
Arne Slotun rəhbərliyi altında “Liverpul” olduqca möhkəm görünür. Onun taktikası, oyunçuların inkişafı və komandanın ümumi harmoniyası “Liverpul”un son illərdəki ən güclü mövsümlərindən birini yaşamasını təmin edir. Slotun yaratdığı bu yeni dövr həm azarkeşlər, həm də futbol dünyası üçün xüsusi maraq doğurur.
“Slot erası”nın gələcəyi “Liverpul”un nə qədər sabit performans göstərəcəyindən asılı olacaq. Bu mövsüm yaxşı fürsət də var. Premyer Liqada “Mançester Siti” eniş dövrünü yaşayır, “Arsenal” heç cür favorit statusunu ala bilmir. Çempionlar Liqasında isə “Real Madrid” əvvəlki qədər qorxulu deyil, “Bavariya”, “Barselona” kimi komandalar çalxantılarla üz-üzədirlər. Bu mövsüm qazanılmaq ehtimalı yüksək olan nailiyyətlər futbol məşqçiliyində yeni bir eranın başlanması ilə nəticələnə bilər.