Körpülər, qağayılar və dumanlar şəhəri - BƏLƏDÇİ
Portuqaliyanın ikinci böyük şəhəri olan Porto Douro çayının üstündəki qranit qayaların üzərində tikilib və heyrətamiz dərəcədə gözəldir. Şəhər özündə klassik görünüşlə müasir atmosferi mükəmməl şəkildə birləşdirir.
Porto - Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəri, ölkənin şimal paytaxtıdır. Lissabonun rəqibi kimi tanınır: iki şəhərin sakinləri yeməklərinin daha dadlı və mənzərələrinin daha füsunkar olduğu haqda mübahisəni heç vaxt dayandırmırlar.
Şəhər Douro çayının üstündəki qranit qayaların üzərində tikilib və heyrətamiz dərəcədə gözəldir. Özündə klassik görünüşlə müasir atmosferi mükəmməl şəkildə birləşdirir. Şəhər 1996-cı ildə YUNESKO tərəfindən Dünya İrs Siyahısına daxil edilib.
Nostalji tramvay
Avropanın ucuz hava yolları şirkətləri Portoya reyslər reallaşdırırlar. Lissabondan da Portoya aşağıbüdcəli hava daşımaları və qatarla rahat çatmaq mümkündür. Bu şəhərlər arasında sürətli qatarlar demək olar ki, hər saat işləyir və səyahət müddəti üç saata yaxındır.
Porto “Liman” (Port) şərabının paytaxtı, körpülər, qağayılar və dumanlar şəhəridir. Şəhər monumental barokko binaları, rəngli kirəmitli evlər, qədim kilsələr, köhnə fabriklər, daş döşənmiş, dar və mənzərəli küçələr, sənət məkanları, müasir incəsənət muzeyləri ilə doludur.
Portoda ictimai nəqliyyat üçün gündəlik bilet almağın mənası yoxdur, çünki marşrut boyu piyada səyahət etmək daha maraqlıdır. Şəhər məhz avtomobillə əlçatmaz olan küçələri və xiyabanları ilə gözəldir. Amma planınız tarixi mərkəzdən çıxmaqdırsa, bütün gün üçün metro biletinin qiyməti yeddi avrodur.
Portoda 1872-ci ilə aid tramvaylar da var. Ən populyar marşrut - 1 nömrəli tramvay (Infante - Passeio Alegre) sərnişinləri tarixi mərkəzdən birbaşa Atlantik okeanının sahilinə (3,5 avro) aparır. Bu, Portuqaliyanın ən sevimli simvollarından biridir və ölkə üzrə ilk dəfə Portodan yola çıxıb. İndi bu nəqliyyatın özünəxas, nostalji nəğməsini dinləyə-dinləyə şəhərin mərkəzindən müxtəlif istiqamətlərə istifadə etmək mümkündür. Tramvay Douro çayı boyunca hərəkət edir və Portonun ən uzaq hissəsi olan Foza çatır. Şəhərdə nəqliyyatın bu qədim növünə muzey açılması da təsadüfi deyil. Turistlər “Tramvay Muzeyi”ndə illər ərzində Portoda səyahət edən tramvayların tarixi ilə tanış olurlar.
Əgər desələr ki, “Porto gəzmək üçün bir günlük şəhərdir”, inanmayın! Əsas attraksionlar mərkəzdədir. Daş döşənmiş küçələrdə gəzmək və 18-ci əsr şəhər evlərinə, muzeylərə, həmçinin dəbli mağazalara, restoranlara və eksklüziv butik hotellərə heyran olmaq üçün bir neçə gün lazımdır. Douro çayının əks sahilindəki şərab zirzəmilərinə baxmaq da bu şəhərə səyahət etmə səbəblərindən biri ola bilər.
Qədim memarlığı ilə göz oxşayan tarixi şəhər
Portonun tarixinə daha yaxından baxmaq üçün köhnə şəhərə - turistlərlə qaynayan Ribeyra rayonuna getmək lazımdır. Bu tarixi ərazi qədim memarlığı ilə göz oxşayır. Ribeyradakı bir çox evlərin 300 yaşı var. İnsanlar burada hələ də məskunlaşıblar. Tarixi binaların demək olar ki, hamısı tünd göy rəngli keramika və kafelləri ilə öyünür. Evlərin divarlarını bəzəyən rəngli keramika əsərləri “Azulejo” adlanır.
Məhəllə Douro çayının heyrətamiz mənzərələri ilə də məşhurdur. Çay üzərində Maria Pia körpüsü 19-cu əsrin sonlarında qabaqcıl texnologiyalardan istifadə edilməklə tikilib. Körpü Eyfel qülləsinin memarı Qustav Eyfelin tələbəsi tərəfindən yaradılıb. Körpü turistlər üçün altında dayanaraq günəşin qürubunu və şəhəri qəfil bürüyən dumanı seyr etmək baxımından da məşhurdur. Yerli əhalinin dediyinə görə, Portonun ən yaxşı mənzərəsi çayın o tayındadır. Turistlər buradakı “Şərab Muzeyi”ndən Porto şərablarının hekayəsini öyrənirlər.
Müasir incəsənət mərkəzi
Porto həm də müasir incəsənət mərkəzidir. Burada zəngin incəsənət muzeyləri və çoxsaylı qalereyalar var. Cedofeita və Santa Caterina nəqliyyat üçün bağlanan alış-veriş küçələridir. Portoda küçə sənəti şəhərin meri tərəfindən dəstəklənir. Şəhərdə hətta incəsənətə həsr olunmuş divarlar da var. Küçələrdə gəzərkən qəfildən qraffiti rəssamlarının rəngarəng əsərlərinə rast gələ bilərsiniz. Xüsusilə “Miguel Bombarda” küçəsi sənət qalereyaları və qraffitilərlə doludur.
Şəhərin tarixi mərkəzində yerləşən “San Fransisko” kilsəsini ziyarət etmək bütün turistlərin arzusudur. Barokko üslubundakı daxili bəzəyinə - mehrablar, hasarlar, sütunlar və tağlara təxminən 350 kiloqram qızıl toz sərf edilən kilsə qotika üslubunda tikilib. Kilsənin tikintisi 1233-cü ildə başlayıb və yalnız 1400-cü ildə tamamlanıb.
18-ci əsrə məxsus Maşadu-de-Kaştru Yepiskop sarayı da turistləri heyran edir.
Malikanələr və inzibati binalarla əhatə olunan Azadlıq meydanı Portonun mərkəzi meydanıdır. Mərkəzdə Kral IV Pedronun abidəsi var. Axı Porto liberal müharibələr zamanı fərqlənən azadlıqsevər bir şəhər kimi tanınıb. 1908-ci ildə Lissabonda kralı və onun kiçik oğlunu Portodan olan sui-qəsdçilər qətlə yetiriblər.
“Fado”nun unudulmaz musiqisi
Portonun şəhər mənzərəsi həqiqətən təsiredicidir. Şəhərin unikal atmosferini yaradan isə zəhmətkeş və mehriban insanlarıdır. Şəhərin müxtəlif yerlərində qovurulmuş şabalıd, suvenir, toxunma əl işləri satan yerli sakinlər həm də yaxşı həmsöhbətdirlər. Sahil boyunca portuqalların melanxolik xalq musiqisini - “Fado”nu dinləyirsən. Musiqiyə qağayıların nəğməsi də qarışır. Dənizçi sevgililərini və ya həyat yoldaşlarını dənizə göndərən və onların dönüşünü ümidlə gözləyən portuqal qadınların kədər və həsrətini ifadə edən musiqi adama qəribə hisslər yaşadır. Düşünürsən ki, bütün gözəlliklər bir yana, elə təkcə bu nəğməni dinləmək üçün Portoya qayıtmağa dəyər...
Təranə Məhərrəmova
Bakı-Porto