• bazar, 23 Fevral, 17:02
  • Baku Bakı 4°C

Kimlər gəldi, kimlər getdi

15.02.25 01:48 393
Kimlər gəldi, kimlər getdi

Qış fasiləsində transfer həyata keçirməyin çətin olduğu nəzərə alınsa, klublarımızın aktivliyini yüksək saymaq olar. Premyer Liqa təmsilçiləri çempionatın həlledici mərhələsindən öncə hədəflərini reallaşdırmaq üçün bütün resurslarından istifadə etdilər. 

Bu həftə Azərbaycan futbolunda qış transfer pəncərəsi bağlanıb. Premyer Liqa təmsilçilərinin əksəriyyəti heyətinə yeni oyunçular cəlb ediblər. Yalnız “Zirə” transfer reallaşdırmayıb. “Pəncərə”nin ən aktivi “Şamaxı” olub. “Şirlər” həm ən çox oyunçu cəlb edib, həm də “Sumqayıt” və “Kəpəz”lə birgə ən çox futbolçu ilə yolları ayırıblar.

Juninyo getdi, Kadi qayıtdı

Azərbaycanda qış transfer pəncərəsinin əsas hadisəsi Juninyonun “Qarabağ”ı tərk etməsi oldu. Braziliyalı ölkəsinə qayıtdı. “Sambaçı” Ağdam klubunu “Flamenqo”ya dəyişdi. “Qarabağ” bu satışdan beş milyon avroya yaxın vəsait qazandı ki, bu da ölkə futbolunda rekordun təkrarı kimi tarixə düşdü.

Son çempionun transfer fəaliyyəti ilə bağlı ikinci əhəmiyyətli məqam Kadi Borgesin qayıdışı oldu. Daha əvvəl 2021-2023-cü illərdə “atlılar”ın formasını geyinmiş braziliyalı Macarıstanın “Ferentsvaroş” klubundan geri döndü. Beş milyon avroya “Krasnodar”a satılmış vinger üçün “Qarabağ” xərcə düşmədi. Lakin klub onun müqabilində Macarıstan təmsilçisinə yarımmüdafiəçi Julio Romaonu göndərdi.
Riçard Almeyda ilə də yollar ayrıldı. Uzun illər komandanın formasını geyinmiş orta xətt oyunçusu ilə müqaviləyə xitam verildi. Ümumən, transfer pəncərəsindən “Qarabağ”ın güclənərək çıxdığını demək olmaz. Ancaq klub Juninyonun satışından maddi cəhətdən irəli düşdü. Kadi isə qayıdışından sonra ilk oyununda qolunu vurmaq və məhsuldar ötürmə etməklə qaldığı yerdən davam edə biləcəyini göstərdi.

Susqun iddialılar və fərqlənən “Turan Tovuz”

Mükafatlar uğrunda mübarizə aparan klublar qış transfer pəncərəsini nisbətən sakit keçirdilər. Hazırda ikinci pillədə qərarlaşan “Araz-Naxçıvan” yalnız son gündə Ayyub Allaşı heyətinə qatdı. Baş məşqçi Elmar Baxşıyevə “Qəbələ”dən tanış olan yarımmüdafiəçi Moldova “Şerif”indən gətirildi.

“Zirə”, ümumiyyətlə, heç bir keçid həyata keçirmədi. Əvəzində Abbas İbrahimlə yollar ayrıldı. Paytaxt təmsilçisi Salifu Suma və İssa Cibrilla ilə müqaviləni yenilədi. Gənc və istedadlı Suma ilə sözləşmənin uzadılması müsbət məqam kimi xarakterizə olunur. Son xəbərlərə görə, qvineyalı vingerə ölkə xaricindən ciddi təkliflər var. Hətta Ukraynanın “Dinamo” (Kiyev) klubunun onun üçün beş milyon avro ödəməyə hazır olduğu bildirilir.

“Sabah” “nöqtə transferlər” həyata keçirməyə çalışdı. “Futuristlər” qapı xəttindəki problemi Qazaxıstan millisinin qolkiperi Stas Pokatilovun sayəsində yoluna qoymağa çalışdı. Yarımmüdafiəyə isə özbəkistanlı Umarali Raxmonaliyev cəlb olundu. O, “Neftçi”yə satılan Elvin Camalovun yoxluğunu unutdurmağa çalışacaq.

Üst pillələrə iddialılar arasında fərqlənən “Turan Tovuz” oldu. Qərb təmsilçisi hücumçusu Oto Conu Liviyanın “Əl-Mədinə” klubuna satdı. Məlumata görə, bu keçid “Turan Tovuz”a 200 min avro qazandırıb. Əvəzində müxtəlif mövqelərə - müdafiədən hücuma qədər bir neçə transfer həyata keçirildi. Anton Kraçkovski, Rəhim Sadıxov, Orxan Əliyev, Kauan Martins De Paula, Joarlem Batista Santos və Hayderson Hurtado Palomino “Turan Tovuz”u gücləndirməyə çalışacaqlar.

Yenilənən “Neftçi”

Qışın ən fəal klublarından biri “Neftçi” oldu. “Ağ-qaralar” Mark Tamaş və Kilan Lebon kimi baş məşqçi Samir Abbasovun planlarına daxil olmayan futbolçularla yollarının ayırdı. Yarımmüdafiəyə “Sabah”dan Azərbaycan millisinin üzvü Elvin Camalov və klub tarixində ikinci yaponiyalı Ryonosuke Ohori transfer edildi. Bassala Sambu və Aleks Fernandes isə “Neftçi”nin hücum xəttini gücləndirməlidirlər.
Yeni keçidlərdən sonra komandanın oyununda dəyişiklik hiss edilir. Düzdür, bunu tam olaraq transferlərlə əlaqələndirmək düzgün olmazdı. Ümumən, komandanın oyun üslubunda və nəticələrində irəliləyiş sezilir. Son üç oyunda qələbə qazanan “ağ-qaralar” ölkə kubokunda yarımfinala çox yaxındır, çempionatda bir çox məqsəd üçün gec olsa da, komanda vəziyyətini nisbətən yaxşılaşdırıb.

Alt sıralarda gərgin rəqabət

“Sumqayıt”, “Şamaxı”, “Kəpəz” və “Səbail” qış fasiləsində canfəşanlıq göstərdilər. Son zamanlar enişdə olan sumqayıtlılar dörd futbolçu ilə yolları ayırdı ki, onlardan ikisi - Cordan Rezabala və Rəhim Sadıxov əsas heyət üzvləri idi. Əvəzində Momo Yansane və Ronaldo Junior cəlb edildi. Lakin hələlik nəticələrdə irəliləyiş yoxdur.

“Şamaxı” gedən beş futbolçunun əvəzinə yeddi oyunçu cəlb etdi. Fasilədən öncə oyun alqı-satqısına görə komandadan uzaqlaşdırılanların olduğunu da nəzərə alsaq, belə aktivlik gözlənilən idi. Yeddi yeni futbolçudan dördü legionerdir. Bolqarıstan “Arda”sında çıxış edən milli komandamızın üzvü Cəlal Hüseynovun qayıdışı xüsusi vurğulanmalıdır. O, müdafiə xəttindəki problemlərə çarə olmaq üçün gətirilir.
“Kəpəz” və “Səbail” isə liqada qalmaq uğrunda mübarizədə əsas rəqiblərdir. Gəncə klubu üçü legioner olmaqla dörd yeni futbolçu ilə gücləndi. Üç əcnəbi və üç yerli oyunçu isə yola salındı. “Səbail” nisbətən az dəyişikliyə getdi. Bir müddətdir futbolsuz olan Mirabdulla Abbasov və iki legioner transferi həyata keçirən bakılılar iki oyunçu ilə də yolları ayırdılar.

Qış fasiləsində transfer həyata keçirməyin çətin olduğu nəzərə alınsa, klublarımızın aktivliyini yüksək saymaq olar. Premyer Liqa təmsilçiləri çempionatın həlledici mərhələsindən öncə hədəflərini reallaşdırmaq üçün bütün resurslarından istifadə etdilər. Effektivlik mayın sonunda bəlli olacaq.

banner

Oxşar Xəbərlər