• bazar ertəsi, 25 noyabr, 18:33
  • Baku Bakı 11°C

Kilsə yenidən Paşinyana qarşı

15.07.23 01:30 2945
Kilsə yenidən Paşinyana qarşı

Ermənistanda baş nazir Nikol Paşinyanla kilsə rəhbərliyi arasında ziddiyyətlər kəskinləşir. Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edən Paşinyan revanşist erməni rahiblərinin hədəfinə çevrilib.

2020-ci il müharibəsindəki məğlubiyyətdən sonra erməni kilsəsi ilə baş nazir Nikol Paşinyan arasında ziddiyyət kəskinləşməyə başlayıb. Bu yaxınlarda isə Kilikiya Evinin baş keşişi I Aram “Bu gün bizə insan lazımdır. İnsan və lider çatışmazlığı hiss edilir” açıqlaması ilə tərəflər arasında uçurumun getdikcə dərinləşdiyini sətiraltı ehtiva edib. Erməni apostol kilsəsi erməni xalqının kimliyinin əsas elementi sayılır. Ermənilər düşünürlər ki, məhz kilsə sayəsində milli kimliklərini qoruyub-saxlaya biliblər. Elə bu səbəbdən Ermənistanın ictimai və siyasi həyatında erməni kilsəsinin çox böyük rolu var və gedən proseslərə ciddi nüfuz edə bilir. Amma bu gün erməni kilsəsi ilə dövlət arasında böyük bir uçurum yaranıb. Münasibətlər elə bir həddə gəlib çatıb ki, “Kilsə Paşinyanı danışdırmır” fikri erməni cəmiyyətinə hakim kəsilib. Tərəflər arasında münasibətlər isə 2018-ci ildən kəskinləşməyə başlayıb.

Paşinyanın kilsəyə silsilə hücumları

2018-ci il Qərbin və Soros Fondunun diqtəsi ilə həyata keçirilən inqilabdan sonra Paşinyan və komandası Ermənistanda hakimiyyətə yiyələndi. Yeni hakimiyyət elitasının böyük əksəriyyətinin əvvəldən Qərbdəki sponsorlarından asılılığı Paşinyan komandasına erməni Qriqoryan kilsəsinin rəhbəri II Qareginlə münasibətlər qurmağa imkan vermədi. Əlində dövlət gücü olan hakim elita kilsəyə silsilə hücumlar təşkil etməyə başladı. Əvvəlcə katolikos cangüdənlərindən məhrum edildi, sonra isə erməni kilsəsinin tarixinin məktəb fənləri siyahısından çıxarılmasına cəhd edildi. İqtidar kilsəni ölkədəki siyasi proseslərə qarışmaqda da ittiham etməyə başladı. 2020-ci il müharibəsindəki acı məğlubiyyətdən sonra kilsə ilə Paşinyan arasında ziddiyyətlər daha da kəskinləşdi. Kilsə məğlubiyyəti həzm edə bilmir və Paşinyanın istefasını tələb edirdi. Hərəkətə keçən ruhani kəsim gah Sarkisyanla, gah Ararat Mirzoyanla, gah da “Mənim addımım” fraksiyasının üzvləri ilə danışıqlar apararaq Paşinyanın istefasını gündəmə gətirir, onun hakimiyyətdə qalmasını erməni xalqının tarix səhnəsindən silinəcəyi ilə xarakterizə edirdi. Bu görüşlər və kilsənin atdığı addımlar Paşinyanın nəzərindən yayınmırdı. Baş nazir kilsədən qisas almaq üçün müəyyən planlar qurmağa başladı.

II Qaregin Köçəryanı ölkədən qaçırtmağa çalışıb

Katolikos II Qaregin keçmiş prezident Robert Köçəryanla bağlı (ölkəni tərk etməsinə qoyulan qadağa ilə bağlı qərarın ləğvi) Paşinyana müraciət ünvanlasa da, baş prokurorluq belə bir şeyin mümkün olmadığı açıqlamasını verir. Ardınca Milli Təhlükəsizlik Xidməti erməni apostol kilsəsinin nüfuzlu rahiblərindən birinə qarşı dələduzluq maddəsi ilə iş açır. Cinayət işinə görə, rahib 22 milyon dollarlıq dələduzluqda şübhəli bilinir. Paşinyan və komandasının fikrinə görə, kilsə bu yolla Köçəryanın ölkədən qaçmasına şərait yaratmaq, onu adı hallanan cinayət işlərindən yayındırmaq məqsədi güdüb. Köçəryan da müharibədəki məğlubiyyəti fürsət bilərək yenidən hakimiyyət sevdasına düşənlərdəndir. Paşinyan isə Köçəryana qarşı əlindəki rıçaqlardan istifadə etməkdən çəkinmir. Erməni kilsəsi Rusiyanın Qafqazdakı sadiq müttəfiqi sayılır. Bununla yanaşı, diaspor və Qərbin müəyyən dairələri də kilsə ilə əməkdaşlıq edir. Paşinyanın bu gün qarşısında duran iki böyük əngəl var: Serj Sarkisyan və II Qaregin. Baş nazir hər iki “rəqibi”ni neytrallaşdırmaq üçün müxtəlif addımlar atır. Serj Sarkisyana qarşı müxtəlif cinayət işləri açılır, istintaq komitəsi eks-prezidenti dindirməyə dəvət edir. Bununla da Paşinyan Serji sakit durmağa çağırır, əks halda aqibətinin dəmir barmaqlıqlar olacağına işarə edir. Kilsəyə qarşı isə baş nazir daha radikal addımlar atır. Yuxarıda da qeyd etdiyimiz kimi, məktəb dərsliyindən “Erməni Kilsəsinin Tarixi” fənni çıxarılıb. Paşinyan kilsənin bütün erməniləri birləşdirmək missiyasına da şərik çıxır. Hələ 2019-cu ildən “ümumerməni ideyası” ilə bağlı reklam kampaniyalarına start verilib. Çoxsaylı diaspor səfərləri Paşinyanın bu imicinə töhfə verməli idi. Bu kampaniyaya kilsə cəlb edilməyib. Amma bu plan fiaskoya uğradı. Dünyanın bir sıra ölkələrində dayağı, siyasi dairələrlə əlaqələri olan kilsə erməni konsolidasiyası məsələsində Paşinyanın əsas rəqibinə çevrilib.

Kilsə ilə hakimiyyətin heç bir əlaqəsi yoxdur

Paşinyanın Azərbaycanla hərtərəfli sülh sazişi imzalamağa hazır olduğunu və Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdığını bəyan etməsi də kilsənin xoşuna gəlməyib. Onlar açıq-aşkar hücuma keçərək bir sıra tələblər irəli sürməyə başlayıblar. Bu tələblərin başında Paşinyanın istefası dayanır. Müxalifətin tərəfinə keçdiyini bildirən kilsə hakimiyyəti danışıqlar zamanı milli maraqlara xəyanət etməkdə ittiham edir. İqtidar isə buna cavab olaraq din xadimlərini dünyəvi dövlətin idarəçiliyinə müdaxilə etməkdə ittiham edir və kilsə əmlakının bir hissəsini vergiyə cəlb etməyi düşünür. Tavuş yepiskopu Baqrat Qalstanyan deyir ki, hazırda kilsə ilə hakimiyyət arasında heç bir əlaqə yoxdur. Kilsə üçün hakimiyyətin Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması ilə nəticələnən həll prosesinə yanaşması qəbuledilməzdir. Bu söz duelindən məlum olur ki, tərəflər arasında savaş artıq açıq müstəviyə keçib.

F.Abasoğlu

banner

Oxşar Xəbərlər