• çərşənbə axşamı, 16 aprel, 11:44
  • Baku Bakı 14°C

İstanbulda türk finalı 

20.05.23 06:30 445
İstanbulda türk finalı 

Çempionlar Liqasının finalında “Mançester Siti” “İnter”lə qarşılaşacaq. Final oyunu həm də iki türk futbolçunun mübarizəsi ilə yadda qalacaq. “İnter”dən Türkiyə yığmasının kapitanı Hakan Çalhanoğlu, “Mançester Siti”dən isə əslən türk olan İlkay Gündoğan çempionluq uğrunda mübarizə aparacaqlar.

Çempionlar Liqasının yarımfinalının cavab oyunlarından sonra finalçılar dəqiqləşib. Çərşənbə axşamı “İnter” ikinci oyunda da “Milan”ı 1:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Maraqla gözlənilən ikinci yarımfinal qarşılaşmasında “Mançester Siti” Madrid “Real”ını darmadağın edərək “İnter”ə rəqib olub. Rəqib qapısından 4 cavabsız top keçirən ingilislər oyun boyu rəqibinə göz açmağa imkan verməyib. Oyunun əvvəlindən sonuna kimi Pep Qvardiolanın komandası meydanda dominantlıq edərək finala vəsiqəni təmin edib. Bununla da tanınmış futbolçu Ueyn Runinin püşkatmadan sonra verdiyi proqnoz tam doğrulub. 

“Mançester Siti”dən unikal nəticə 

“Mançester Siti”nin bu il Çempionlar Liqasında göstərdiyi nəticələr həqiqətən fantastikdir. Komanda bütün turnirlərdə evdə keçirdiyi oyunların hamısında rəqiblərini böyük hesabla məğlub edib ÇL-də əla nəticələr qeydə alınıb:   “Leypsiq” - 5:0, “Bayern” - 3:0, indi isə “Real” - 4:0. Bu unikal nəticə Qvardiolanın komandasını bu il mübarizə apardığı hər 3 turnirdə çempionluğa doğru aparır. Komanda artıq İngiltərə çempionluğunu təmin etməyə yaxındır. Həftə sonu komandanın çempionluğu rəsmiləşə bilər. “Mançester Siti” ÇL-də və İngiltərə Kubokunda da finala çıxıb.

Qvardiola 4-cü dəfə ÇL-in finalında

Qvardiola “Mançester Siti”ni finala çıxarmaqla öz şəxsi nəticələrini bir az da yaxşılaşdırıb. Belə ki, o, 4-cü dəfə Çempionlar Liqasının həlledici matçında hansısa komandanın başında olacaq.

İspan mütəxəssis bu göstəricidə Aleks Ferqyusson (Şotlandiya), Yürgen Klopp (Almaniya) və Marçello Lippiyə (İtaliya) çatıb. Amma zirvədə yarımfinalda məğlub etdiyi “Real”ın baş məşqçisi Karlo Ançelottidir. İtaliyalı mütəxəssis 5 dəfə finalda hansısa komandaya rəhbərlik edib.

4:0 həm də Qvardiolanın Çempionlar Liqasındakı 100-cü qələbəsi idi. Bu göstəricidə də Ançelotti 107 qələbə ilə 1-ci sıradadır. Ferqyusson 102 dəfə ÇL-də qələbə görüb.

“Bernardo Silva önəmli matçlarda həmişə yaxşı çıxış edir”

Qvardiola oyundan sonra keçirilən mətbuat konfransında “Real”a keçənilki acı məğlubiyyəti xatırladıb: "Özümüzü evdə, öz divarlarımızın arasında inanılmaz dərəcədə rahat hiss edirik. Ötən mövsüm "Real Madrid"ə qarşı acı məğlubiyyət aldıq. İnsanlar çox deyirlər ki, oyunçularımda xarakter yoxdur. Amma bir il sonra göstərdik ki, bizim xüsusi komandamız var. Çempionlar Liqasının finalına çıxdıq. Sevinmək lazımdır.

Hamı yüksək səviyyədə idi. Bernardo Silva belə önəmli matçlarda həmişə yaxşı çıxış edir. O, indiyə qədər gördüyüm ən yaxşı oyunçulardan biridir. Oyunun ilk dəqiqələrindən elə bir hiss var idi ki, uşaqlar hazırdır. Komanda sakit idi. Çox zarafat edirdilər. Ona görə də mən heç bir gərginlik və narahatlıq hiss etmədim. Özümüzü göstərməyə hazır olduğumuzu hiss etdim. İtaliya komandasına qarşı final ən yaxşı hədiyyədir. “İnter” rəqabətli komandadır. Amma bu oyuna psixoloji olaraq hazırlaşmaq üçün vaxtımız var”.

Karlo Ançelotti: “Belə məğlub olmaq bizi çox incidir"

“Real”ın baş məşqçisi Karlo Ançelotti də ağır məğlubiyyət aldıqlarını deyib: “Rəqib daha yaxşı oynadı və qələbəyə layiq idi. "Mançester Siti" oyunun əvvəlində bizə çox təzyiq göstərdi və bu, işə yaradı. Onlar üstünlüyü ələ keçirə bildilər. Bundan sonra oyuna qayıtmaq bizim üçün çətin oldu. İkinci hissədə cəhd etdik, alınmadı. İndi oyunu qiymətləndirməyin mənası yoxdur. Belə məğlub olmaq bizi çox incidir".

Ançelotti görüşdən sonra rəqibin baş məşqçisi Xosep Qvardiolanı təbrik etdiyini söyləyib: "Çempionlar Liqasının yarımfinalına çıxırsan, güclü rəqiblə qarşılaşırsan, oyunda ona yol verirsən və finalsız qalırsan. Yaxşı, indi sən dərs almalısan və növbəti dəfə daha yaxşı çıxış etməlisən. Qvardiolanı oyundan sonra təbrik etdim, çünki onun komandası daha yaxşı idi. Keçən il biz "Mançester Siti"ni məğlub edə bildik, bu il növbə onların oldu. Futbol belə işləyir. Bəzən uduzursan".

Final İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək

Qeyd edək ki, final matçı iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma həm də iki türk futbolçunun mübarizəsi ilə yadda qalacaq. Final qarşılaşmasında “İnter”dən Türkiyə yığmasının kapitanı Hakan Çalhanoğlu, “Mançester Siti”dən isə əslən türk olan İlkay Gündoğan mübarizə aparacaqlar. Bu baxımdan İstanbulda tük finalının olacağı da yazılır.  

Kaspi.az

banner

Oxşar Xəbərlər