İranın “Zəngəzur dəhlizi” xofu - TƏHLİL
Ekspertlər hesab edirlər ki, Tehran Zəngəzur dəhlizinin açılmasına etiraz etməklə Azərbaycan, Rusiya, ABŞ və Avropa İttifaqının formalaşmış konsensusuna qarşı çıxır. Amma arxa planda İranın Ermənistan sevdası da var. Bəzi dairələr Ermənistanın güclənməsini istəyir.
Hər dəfə Zəngəzur dəhlizinin açılması söhbəti gündəmə gələndə İranın reaksiyası birmənalı olmur. Hətta ayrı-ayrı rəsmilər bəyan edirlər ki, hər vəchlə buna mane olacaqlar. Amma bəllidir ki, dünyanın böyük gücləri bu dəhlizin açılmasını istəyir. Lakin İran tərəfi xofa düşüb və qeyri-müəyyən açıqlamalarla “hədə-qorxu” gəlir. İranın xofunun arxasında nə dayanır? Ümumiyyətlə, bu ölkə Zəngəzur dəhlizinin reallaşmasına mane ola bilərmi?
“Rusiya təhlükəsizliyə cavabdeh olmalıdır”
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Zaur İbrahimli bildirdi ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb: “Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin açılması təsbit edilib. 10 noyabr Bəyanatı Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasının təmin edilməsini Ermənistanın öhdəliyi kimi nəzərdə tutur. Rusiya isə Bəyanata imza atan vasitəçi - üçüncü tərəf kimi təhlükəsizliyə cavabdeh olmalıdır”.
“İranın açıq etiraz etməsi...”
Ekspert hesab edir ki, İran bu proseslərdən kənardadır və rəsmi Tehranın hər hansı rolu nəzərdə tutulmayıb: “Şübhəsiz ki, bölgənin böyük dövləti, Azərbaycan və Ermənistanla sərhədi olan İran bu məsələlərlə bağlı müzakirələr apara bilər. Azərbaycan dəfələrlə bəyan edib ki, bölgədə əməkdaşlığı gücləndirəcək, iqtisadi rifaha xidmət edəcək əməkdaşlıq formatı və təşəbbüslərini dəstəkləyir. Lakin İranın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi, Tehrandan səslənən açıqlamalar bu müstəvidən və formatdan kənara çıxır. Bu, Azərbaycan üçün qəbuledilməzdir. İran bu mövqeyi ilə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Rusiya, ABŞ və Avropa İttifaqının formalaşmış konsensusuna qarşı çıxır. Zəngəzur dəhlizi Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir. Rusiya üçün bu, Cənub istiqamətində və Türkiyə ilə logistika imkanlarıdır, eyni zamanda Şərq-Qərb dəhlizinin Türkiyə istiqaməti üzrə yeni qolunun açılmasını təmin edir. Ermənistanın isə nəqliyyat blokadasından çıxmasını şərtləndirəcək yeni imkandır. Bütün bunların fonunda İranın Zəngəzur dəhlizinin açılmasına qarşı açıq etiraz etməsi, Tehranın özünü regional iqtisadi əməkdaşlıq formatından kənarda qoyması deməkdir”.
“Tehranın gerçək niyyəti aydındır”
Z.İbrahimli qeyd etdi ki, Türkiyə və Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı təşəbbüsləri, Azərbaycanın qəti mövqeyi İranın regiondan təcrid olunmasına yol aça bilər: “İranın bu yanaşması Tehran-Bakı münasibətlərinə də yenidən nəzər salmağı zəruri edir. Hazırda Azərbaycan İranla birgə çox əhəmiyyətli təşəbbüsləri icra edir. Şimal-Cənub nəqliyyat dəhlizinin tamamlanmasını, Araz çayının su resurslarından birgə istifadə edilməsini, birgə müəssisələrin yaradılmasını, Türkmənistan qazının alınması ilə bağlı İranın iştirakı ilə bağlanmış sazişi misal göstərə bilərik. İran bu mövqeyi ilə reallıqdan uzaq arqumentləri müdafiə etməyə çalışır, sanki Zəngəzur dəhlizi İranla Ermənistan arasında quru əlaqəyə mane olacaq və s. Xəritəyə göz atmaq kifayətdir ki, bunun açıq yalan olduğu aşkarlansın. Reallıqda isə İranı narahat edən başqa məsələlərdir. Zəngəzur dəhlizi açılsa, Azərbaycanın Türkiyə ilə quru əlaqəsi yaranacaq ki, bu da Ankaranın mövqeyini gücləndirəcək. Üstəlik, Azərbaycanın Naxçıvanla quru əlaqəsi məsələsində İrandan asılılıq aradan qalxacaq və Rusiya Cənub istiqamətində alternativ kommunikasiya əldə edəcək. Əslində, İranı narahat edən də bunlardır. İranın gerçək niyyəti regionda bütün oyunçular üçün aydındır. Amma Azərbaycanın qəti mövqeyi və mövcud beynəlxalq şərtlər deməyə əsas verir ki, İran Zəngəzur dəhlizinin reallaşmasının qarşısını ala bilməz”.
“Türkiyənin çəkisi artmağa başlayır”
Politoloq Samir Hümbətov bildirdi ki, Zəngəzur dəhlizinin açılmasını İran özünə qarşı siyasi, iqtisadi və təhlükəsizlik baxımından böyük təhdid hesab edir: “Siyasi baxımdan ona görə ki, Türkiyənin çəkisi artmağa başlayır. Quru sərhədlərinin formalaşması Türkiyədən başlayaraq Çinə qədər böyük bir ərazini əhatə edən türk coğrafiyası olacaq və bu da İran üçün xoşagəlməz hal hesab olunur. Çünki təkcə Azərbaycan deyil, o zaman Türkmənistan da türk coğrafiyasına daxil olur. Bu da İranın şimal hissəsindəki sərhədləri boyunca böyük türk coğrafiyasının formalaşması deməkdir. Digər tərəfdən isə İran iddia edir ki, əgər Zəngəzur dəhlizi açılarsa, həm İsrail, həm ABŞ, həm Avropanın bəzi dövlətləri burada möhkəmlənə bilər”.
“İran mane ola bilməyəcək”
Ekspertin sözlərinə görə, indiki halda Türkiyədən yüklər İran vasitəsilə həm Azərbaycana, həm də Mərkəzi Asiya və digər dövlətlərə göndərilir: “Bu da tranzit xərci deməkdir və Türkiyə hər avtomobil üçün İrana pul ödəyir. Bu rəqəm də 1000-1800 dollar arasında dəyişir. Bu baxımdan İran nəqliyyat qovşağı olaraq mövqeyini itirmək istəmir. Təhlükəsizlik baxımından isə hesab edir ki, dəhliz açılarsa, o zaman Türkiyə möhkəmlənəcək. Türkiyə NATO dövləti olduğu üçün dolayı yolla ABŞ möhkəmlənəcək. ABŞ möhkəmlənəcəyi halda, İrana böyük təhdid ola bilər. Amma arxa planda İranın Ermənistan sevdası da var. Bəzi dairələr Ermənistanın güclənməsini istəyir. Eyni zamanda erməni lobbisindən öz maraqları üçün istifadə etməyə çalışırlar”.
S.Hümbətov vurğuladı ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir və bununla bağlı bütün işlər görülür: “Düşünürəm ki, qısa zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə ediləcək. Zəngəzur dəhlizi ilə bağlı məsələ həm 10 noyabr 2020-ci il bəyannaməsində, həm də 11 yanvar və 26 noyabr 2021-ci il bəyannamələrində yer alıb. Ona görə də imzalanmış bu sənədlərin şərtləri mütləq yerinə yetiriləcək və İran da buna mane ola bilməyəcək”.
Bəxtiyar Məmmədli