• şənbə, 19 Sentyabr, 03:53
  • Baku Bakı 23°C

Böyük Britaniya üçün yeni sınaq

19.09.26 02:45 11
Böyük Britaniya üçün yeni sınaq

ABŞ Prezidenti Donald Tramp vahid İrlandiya ideyasını dəstəklədiyini bildirib. O, İrlandiyanın gələcəkdə birləşəcəyini düşündüyünü və bunun “fantastik bir şey” olacağını vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın İrlandiyaya səfəri zamanı səsləndirdiyi fikirlər Şimali İrlandiyanın İrlandiya Respublikası ilə birləşdirilməsi perspektivini yenidən diqqət mərkəzinə gətirib. Tramp ötən həftənin sonu Dublində İrlandiyanın Baş naziri Miçel Martin ilə görüşü zamanı jurnalistlərin sualını cavablandırarkən vahid İrlandiya ideyasını dəstəklədiyini bildirib. ABŞ Prezidenti İrlandiyanın gələcəkdə birləşəcəyini düşündüyünü və bunun “fantastik bir şey” olacağını söyləyib. Eyni zamanda Tramp bu məsələdə Böyük Britaniyanın da söz sahibi olduğunu vurğulayıb. 

İrlandiya adasının siyasi parçalanması uzun və mürəkkəb tarixi proseslərin nəticəsidir. 1921-ci ildən etibarən adanın böyük hissəsi Böyük Britaniyadan ayrılaraq müstəqil dövlət olub. Adanın şimalındakı altı qraflıq isə Böyük Britaniyanın tərkibində qalıb və Şimali İrlandiya adlandırılıb. Bu bölgü uzun illər ərzində milli kimlik, dini mənsubiyyət və siyasi gələcəklə bağlı ciddi qarşıdurmalara səbəb olub.

Ənənəvi ehtiyatlılıqdan fərqli mövqe 

Maraqlıdır ki, indiyədək ABŞ prezidentləri ənənəvi olaraq Şimali İrlandiyanın statusu məsələsində ehtiyatlı mövqe nümayiş etdiriblər. 1998-ci ildə imzalanan Belfast sazişindən sonra da Vaşinqton əsasən tərəflər arasında sülhün qorunmasına və siyasi dialoqun davam etdirilməsinə üstünlük verib. İndi Trampın açıq şəkildə vahid İrlandiya ideyasına müsbət münasibət bildirməsi bu ənənəvi ehtiyatlılıqdan fərqlənir. 

Diqqət çəkən digər bir olay sentyabrın 14-də Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirlərinin Kardiffdə bir araya gələrək qarşılıqlı anlaşma memorandumu imzalamalarıdır. Tərəflər bərpa olunan enerjinin inkişafı, daha güclü və ədalətli iqtisadiyyatın yaradılması, Avropa ilə münasibətlərin möhkəmləndirilməsi və hər bir xalqın öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququnun dəstəklənməsi də daxil olmaqla, ümumi maraq kəsb edən praktiki sahələrdə əməkdaşlıq edəcəklər. Eyni zamanda nazirlər hər bir millətin öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiklərini bəyan ediblər. Onlar iqtisadi və digər sahələrdə əməkdaşlıq barədə də razılığa gəliblər. Memorandumda yaxın beş il ərzində Şotlandiyanın müstəqilliyi ilə bağlı yeni referendum keçirməsinə çağırış əks olunub. Böyük Britaniya və İrlandiya hakimiyyətlərinə sərhəd barədə referendumun tarixini 2030-cu ilə qədər təyin etməyə çağırış da var.

Fikir ayrılıqları uzun illərdir mövcuddur 

Ümumiyyətlə, Böyük Britaniya uzun illər vahid dövlət kimi təqdim olunsa da, onun siyasi və tarixi quruluşu heç vaxt homogen olmayıb. İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın fərqli tarixi, milli kimliyi, dili, mədəniyyəti və siyasi ənənələri mövcuddur. Bu fərqlər xüsusilə son onilliklərdə keçirilmiş referendumlar fonunda daha qabarıq şəkildə üzə çıxıb.
Referendumlar bu ərazilərdə yalnız seçki mexanizmi olmayıb. Onlar milli kimlik, siyasi muxtariyyət, hakimiyyət bölgüsü, müstəqillik və gələcək dövlət quruluşu ilə bağlı cəmiyyətin mövqeyini müəyyənləşdirən mühüm siyasi vasitəyə çevrilib. Şotlandiya və Uelsdə referendumlar əsasən səlahiyyətlərin London mərkəzi hökumətindən yerli parlamentlərə ötürülməsi məsələsini gündəmə gətirib. İrlandiya məsələsində isə referendum daha fundamental xarakter daşıyaraq Şimali İrlandiyanın gələcək statusu və adanın mümkün birləşməsi məsələsi ilə əlaqələndirilib.

Trampın fikirlərinə sərt reaksiya  

Trampın açıqlamasından sonra Böyük Britaniya hökuməti də İrlandiyanın birləşməsi rəsmi mövqeyinin dəyişmədiyini açıqlayıb. Hökumət bildirib ki, hazırda Şimali İrlandiyanın statusunun dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsini əsaslandıracaq ictimai dəstək mövcud deyil. 

Şimali İrlandiyanın əsas unionist siyasi qüvvələri də Trampın fikirlərinə sərt reaksiya veriblər. Demokratik Unionist Partiyasının lideri Kevin Robinson bildirib ki, regionun konstitusion gələcəyini London, Dublin və ya Vaşinqtondakı siyasətçilərin açıqlamaları deyil, Şimali İrlandiya xalqı müəyyən etməlidir. 

Proses Böyük Britaniyanın parçalanmasına gətirib çıxara bilərmi?

ABŞ uzun illər ərzində Şimali İrlandiyada sülh prosesinin mühüm xarici aktorlarından biri olub. Vaşinqtonun 1998-ci il sülh prosesindəki rolu ABŞ-İrlandiya münasibətlərində xüsusi siyasi çəkidədir. Trampın “vahid İrlandiya” ideyasına açıq rəğbət nümayiş etdirməsi bu səbəbdən sadəcə şəxsi fikir kimi qiymətləndirilməyə bilər. Bu, eyni zamanda ABŞ-İrlandiya münasibətlərinin siyasi gündəmində adanın gələcək statusu məsələsinin yenidən daha yüksək səviyyədə müzakirəyə çıxarılmasıdır. Bununla belə, Tramp özü də Böyük Britaniyanın məsələdə söz sahibi olduğunu etiraf edib. Bu isə ABŞ-ın İrlandiyanın birləşməsi ilə bağlı konkret siyasi proses başladacağı barədə nəticə çıxarmağa əsas vermir. 

İndi əsas sual budur: Şotlandiya, Uels və Şimali İrlandiyada milli siyasi qüvvələrin güclənməsi Böyük Britaniyanın parçalanmasına gətirib çıxara bilərmi? Hazırda bu barədə nəticə çıxarmaq asan deyil. Prosesi alovlandırmaq istəyən xarici qüvvələr aktivləib, amma eyni zamanda yaddan çıxarmaq lazım deyil ki, 2014-cü ildə Şotlandiyada keçirilən müstəqillik referendumunda seçicilərin əksəriyyəti ingilislərlə ittifaqın saxlanılmasına səs vermişdilər. 

Azər Nuriyev 

 

banner

Oxşar Xəbərlər