İnzibatçılıqdan tədrisə gedən yol
Məktəb direktorlarının tədrisdən çox inzibatçılığa diqqət ayırması artıq aktual problemə çevrilib. Bəs tədrisin inkişafına mane olan bu məsələni necə tənzimləmək olar?
“Tədrisin istənilən səviyyədə davam etdirilməsi üçün müəllim, məktəb və direktora nə mane olur? Görünən odur ki, sanki məktəbdəki təlim bir tərəfdə qalıb, inzibati işlər əsas olub. Məktəb direktorları inzibati işlə pedaqoji işə sərf olunan vaxtdan daha çox məşğul olurlar”. Təhsil işçilərinin ənənəvi sentyabr konfransında səslənən bu fikirlər ümumən ümumtəhsil məktəblərində direktorların öhdəliyi məsələsini gündəmə gətirib. “Necə edək ki, pedaqoqlarımız şagirdlərin təlimi ilə daha çox məşğul olsun?” sualına cavab axtarışı fonunda elm və təhsil naziri Emin Əmrullayev həmçinin mayın 31-dən sonra məktəblərdə dərs keçirilməməsi məsələsini də qabardıb: “Tədris ilinin bitməsinə qalan son iki həftədəki səmərəlilik aşağı düşür. Həmin ərəfədə sanki yay tətilinə tələsmək təəssüratı yaranır”.
Bəs tədrisin inkişafına mane olan bu kimi məsələləri necə tənzimləmək olar?
“Bu işləri kənara qoymaq qeyri-mümkündür”
Millət vəkili Ceyhun Məmmədovun fikrincə, inzibati işlər də məktəbin əsas fəaliyyətindən biridir və bu işləri kənara qoymaq qeyri-mümkündür. Əks halda, bu, əlavə problemlər yaradacaq: “Əslində, məktəblərin nəzdində inzibati işləri görə biləcək kadrlar var və onlar bu işlərlə məşğuldurlar. Bu işlər daha çox həmin kadrlara həvalə olunmalıdır. Məktəb rəhbərliyi daha çox tədris və təlimlə məşğul olmalıdır”.
"Məktəblərdə repetitorluğun qarşısı alınmalıdır"
Şagirdlərin əlavə hazırlıq məsələsinə gəlincə, millət vəkili hesab edir ki, bununla bağlı xüsusi işlərin görülməsinə ehtiyac var: “Qarşıda duran əsas məqam odur ki, məktəblərdə repetitorluq fəaliyyətinin qarşısı alınmalıdır. Bu prosesdə həm inzibati işlər görülməli, həm də təbliğat işləri aparılmalıdır. Bu gün reallıq ondan ibarətdir ki, məktəblərimizdə repetitorluğu bu və ya digər formada həmin təhsil ocaqlarında çalışan müəllimlərin özləri həyata keçirirlər. Məktəblər özləri bu istiqamətdə işlər aparmalıdırlar. Məktəb direktorlarının və müəllimlərinin üzərinə böyük vəzifə düşür. Yəni müəllimlər tədrisi elə bir formada həyata keçirməlidirlər ki, uşaqlar kənara getməsinlər. Bəzən müəllimlər özləri məqsədli şəkildə təlim prosesini elə həyata keçirirlər ki, uşaqlar repetitor hazırlığına cəlb olunsunlar. Bu istiqamətdə köklü formada işlərin həyata keçirilməsinə, proseslərin sistemli formada icrasına ehtiyac var. Biz hər şeydən öncə məktəbdə tədrisin keyfiyyətini artırmalıyıq”.
Direktor diqqəti tədrisin idarə olunmasına yönəltməlidir
Əməkdar müəllim, Amonaşvili Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov bir çox məktəb direktorlarının tədris-təlim prosesinin təşkili və idarəolunmasında zəif iştirakı haqqında nazirin səsləndirdiyi iradın real vəziyyəti tam əks etdirdiyini təsdiqləyir: “Açığını desək, bu günün direktorları məktəbdaxili həyatın sayı, bəlkə də, yüzü keçmiş sahəsinə çavabdehdirlər. Hansısa kağız parçasının dəhlizdə yerə atılmasından, iki şagird arasında münaqişənin yaşanmasından, səlahiyyətli və səlahiyyətinə aid olmayan müxtəlif qurumların yerli və yersiz sorğu tələblərinin rəsmi cavablandırılmasından tutmuş şagird davamiyyəti, kargüzarlığın təşkili, valideyn narazılıqlarının dəf edilməsi və s. qədər - hamısı onların öhdəsindədir. Halbuki direktorun ən başlıca vəzifəsi təhsil keyfiyyətinin müasir tələblərə uyğun təminatı, tədris-təlim prosesinin optimal təşkil olunmasıdır. Yəni məktəbdə müəllimlərin şagirdləri keyfiyyətli öyrətməsi və hər bir şagirdin bu prosesdən maksimum dərəcədə yararlanması daha öndə olmalıdır. Direktor diqqəti daha çox texniki məsələlərə, məsələn, jurnalda hansısa rəqəmin səhv yazılması, hansısa pozuntuya yol verilməsi və sair deyil, tədris-təlim prosesinin səmərəli idarə olunmasına yönəltməlidir. Düşünürəm ki, direktorun fəaliyyətinə dair bütün detallar, hətta cüzi görünən məsələlər belə, açıqlanmaqla yeni reqlamentlər təsdiqlənməli, bununla da, onlar ikinci dərəcəli işlərdən rəsmi qaydada azad olunmalıdırlar”. A.Cahangirov hesab edir ki, məktəb direktorlarının peşəkar inkişafına dəstək verilməli, müasir məktəb direktoru və onun səriştələri, strateji planlaşdırma, daxili monitorinq, tədris-təlim prosesinin təşkili, şagird qiymətlərndirməsi və digər mövzular üzrə onlara xüsusi təlimlər keçirilməlidir”.
Buraxılış imtahanlarının vaxtı dəyişdirilməlidir
Ekspert mayın 31-dən sonra məktəblərin buraxılış sinif şagirdlərinin dərslərə gəlməməsi məsələsinə də münasibət bildirib: “Əslində bu problem mayın 31-dən sonra deyil, mart ayından başlayaraq yaşanır. Həmin dövrdə üç fənn üzrə mərkəzləşdirilmiş buraxılış imtahanları və ali məktəblərə qəbul imtahanları keçirilir. İmtahanların mart-may aylarında təşkilinin xeyrinə nə qədər arqumentlər gətirilsə də, reallıq budur ki, imtahanlardan sonra şagirdlərdə dərslərə maraq qalmır”. A.Cahangirov buraxılış və ali məktəblərə qəbul imtahanları tarixlərinin ənənəvi qaydalara qaytarılmasının tərəfdarıdır: “Məktəbdə imtahanlar yalnız tədris müddəti bitəndən sonra keçirilməlidir. Buraxılış imtahanlarının iyunun 15-dən sonra, qəbul imtahanlarının isə iyul aynda keçirilməsi daha məqsədəuyğun olardı”.
Məktəblərdə tədris-təlim prosesinin gücləndirilməsi vacibdir
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova məktəblərdə tədris-təlim prosesinin gücləndirilməsini vacib hesab edir: “Yeni tədris metodları və kitabları əvvəlki dərsliklərə və metodlara görə daha dolğun, daha öyrədicidir. Sadəcə, müəllimlərə yeni vəsaitlərin daha düzgün, təlimyönümlü istifadəsi və repetitorluğa ehtiyac duymadan mənimsətmə yolları üzərindən təlimlər verilməsinə ehtiyac var”.
Təranə Məhərrəmova