• şənbə, 10 May, 12:54
  • Baku Bakı 25°C

Heydər Əliyev və Azərbaycan idmanı

10.05.25 01:18 115
Heydər Əliyev və Azərbaycan idmanı

 İdman sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində işlər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə davam etdirildi. Xüsusilə Olimpiya Hərəkatı özünün yüksəliş dövrünə qədəm qoydu.

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ili tamam olur. Azərbaycan insanı bu dahi və uzaqgörən şəxsiyyətin rəhbərliyi dönəmində tarixi hadisələrə şahidlik edib. Tam təbii olaraq, idman sahəsi də bu baxımdan istisna deyil və yaddaqalan məqamlarla zəngindir.

Uğura aparan yol - infrastrukturun möhkəmləndirilməsi

Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində atılan müsbət addımlarla yanaşı, idman sahəsində də nəzərəçarpan müsbət dəyişikliklərin təməli atıldı. Nazirlər Sovetinin 28 noyabr 1969-cu il tarixli nizamnaməsi ilə respublikamızın rayonlarında bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Belə ki, çox sayda idman qurğusu, meydança tikilərək insanların istifadəsinə verildi. Təkcə paytaxt Bakıda 1970-ci illərdə 250 idman meydançası və şəhərciyi salındı. 1973-cü ildə isə müasir idman sarayının təməli qoyularaq inşa edildi. Bütün bunların məntiqi nəticəsi olaraq, 1974-cü ildə Azərbaycanın 36 rayonunda artıq 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.

Maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində işlər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də davam etdi. Xüsusilə Olimpiya Hərəkatı özünün yüksəliş dövrünə qədəm qoydu. Ulu Öndər 1993-cü ilin noyabrında dünya və qitəmiqyaslı turnirlərdə uğur qazanmış idmançıları və onların məşqçilərini qəbul etdi. O, çıxışı zamanı idmançıların dövlətin xüsusi qayğısı ilə əhatə olunacağını, idmanın inkişafı üçün ölkədə geniş imkanlar yaradılacağını vurğuladı. 1994-cü ildə isə onun fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu addım Azərbaycanın idman tarixinə dönüş nöqtəsi kimi düşdü.

Azərbaycan idmanında növbəti tarixi hadisə isə 1997-ci ildə yaşandı. Belə ki, iyulun 31-də keçirilən Milli Olimpiya Komitəsinin (MOK) növbəti sessiyasında həmin vaxt Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti olan İlham Əliyev MOK-un prezidenti seçildi. Bundan sonra böyük quruculuq işləri daha da sürətləndi.

Böyük diqqət və qayğının parlaq qarşılığı

İdman sahəsində aparılan məqsədyönlü siyasət, dövlətin böyük diqqət və qayğısı çox keçmədən beynəlxalq arenadakı uğurlu çıxışlarda əksini tapdı. Azərbaycan idmançıları Avropa, dünya çempionatlarında, Yay Olimpiya Oyunlarında və digər nüfuzlu yarışlarda adlarından söz etdirməyə başladılar. Təsadüfi deyil ki, müstəqil Azərbaycanın Avropa və dünya, Olimpiya çempionlarının sayı yüksələn xətt üzrə artır. Ümumiyyətlə, Azərbaycan dünyada idman ölkəsi kimi ad çıxarıb. Bunda isə uğurlu nəticələrlə yanaşı, böyük yarışların ölkəmizdə yüksək səviyyədə təşkil edilməsi də rol oynayır.

Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Azərbaycanı dünya arenalarında uğurla təmsil edən idmançıları və onların məşqçilərini bir neçə dəfə qəbul edib. Ulu Öndər bununla onların çıxışını yaxından izlədiyini və yüksək qiymətləndirdiyini nümayiş etdirib. Onun çıxışı zamanı səsləndirdiyi bu fikirlər də idman sahəsinə nə qədər önəm verdiyinin göstəricisi sayılmalıdır: “Nailiyyətlərimiz arasında idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyil, həm də müstəqil Azərbaycanı dünyada tanıtmaqdan ibarətdir. İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.

Yüksək etimad qazanan ciddi tərəfdaş

Uğurlu idman siyasətinin nəticəsi kimi Azərbaycan beynəlxalq qurumlar tərəfindən ciddi tərəfdaş olaraq qəbul edilir. Ölkəmizə ən nüfuzlu yarışların təşkilatçılığı həvalə edilir. Buna nümunə olaraq dünya və Avropa çempionatları, I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi kütləvi turnirləri göstərə bilərik. Ümumiyyətlə, nüfuzlu beynəlxalq yarışların ölkəmizdə keçirilməsi adi hal alıb və artıq heç kimi təəccübləndirmir. Ulu Öndərin müəyyənləşdirdiyi strategiyanı bu gün Prezident İlham Əliyev inamla davam etdirir. Onun idman ictimaiyyəti ilə görüşdə söylədiyi bu fikirlər çox şeydən xəbər verir: “İdman qələbələri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir. Mən həqiqətən şadam ki, Azərbaycanda idman və Olimpiya Hərəkatı artıq həyatımızın bir hissəsinə çevrilib, idmançılara və veteranlara diqqət yüksək səviyyədədir. Əminliklə vurğulamaq lazımdır ki, respublikamızda davamlı və sürətli inkişaf fonunda idman sahəsində də böyük işlər görülür və yeni zirvələr fəth olunacaq”.

Əlbəttə, bütün bunlar Ümummilli Lider Heydər Əliyevin illər öncə təməlini qoyduğu mükəmməl idman siyasətinin məntiqi davamıdır.

banner

Oxşar Xəbərlər