• şənbə, 01 Noyabr, 14:56
  • Baku Bakı 21°C

Gənc güləşçilərimizdən uğurlu nəticə

01.11.25 01:50 178
Gənc güləşçilərimizdən uğurlu nəticə

Azərbaycan həm fərdi, həm də komanda baxımından U-23 dünya çempionatının ən yaxşılarından idi. Novi Saddakı dünya çempionatı ölkəmizin güləş məktəbinin hər üç istiqamətdə güclü potensiala sahib olduğunu bir daha nümayiş etdirdi.

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatı keçirildi. Azərbaycan pəhləvanları mundialda ölkəmizi layiqincə təmsil etməyi bacardılar.

Üç növdə 27 güləşçi

Yarışa yunan-Roma güləşçiləri start verdilər. Baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında Elmir Əliyev, İlkin Qurbanov, Ziya Babaşov, Fəraim Mustafayev, Ruslan Nurullayev, Davud Məmmədov, Elmin Əliyev, Laçın Vəliyev, Əli Quliyev və Ayxan Mərdanov mübarizə apardılar.

Daha sonra qadın güləşçilər xalçaya çıxdılar. Baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Əsmər Cankurtaran, Elnurə Məmmədova, Gültəkin Şirinova, Nərgiz Səmədova, Günay Qurbanova, Birgül Soltanova və Ruzanna Məmmədova Azərbaycanı təmsil etdilər.

Yarışın son günlərində isə sərbəst güləşçilər mübarizəyə qoşuldular. Onların çıxışına baş məşqçi Xetaq Qazyumov rəhbərlik etdi. Komandanın heyətində Muhəmmədəli Əlizadə, Ceyhun Allahverdiyev, Ayxan Abdullazadə, Kənan Heybətov, Maqomed-Başir Xaniyev, Fərid Cabbarov, Ali Tsokayev, Sadiq Mustafazadə, Zəfər Əliyev və Xetaq Karsanov yer almışdılar.

Klassiklərimizdən tarixi nəticə

Azərbaycan yunan-Roma güləşçiləri Novi Sadda tarixi uğura imza atdılar. Yarış boyu inamlı çıxış edən pəhləvanlarımız iki qızıl və bir bürünc medal qazanaraq komanda hesabında üçüncü yeri tutdular. Bu nəticə Azərbaycan yunan-Roma güləşi tarixində indiyədək medal əyarına görə əldə olunmuş ən yüksək göstəricidir.

Klassiklərimizdən ilk medalı Ziya Babaşov qazandı. O, 63 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək finala yüksəldi. Həlledici görüşdə moldovalı Vitali Yeryomenkoya qarşı keçirdiyi qarşılaşmada Babaşov 6:3 hesabı ilə qələbə qazanaraq dünya çempionu tituluna sahib çıxdı. Bu qızıl medal həm yarışda Azərbaycan üçün ilk, həm də Ziya Babaşovun karyerasında ən parlaq uğurlardan biri kimi yadda qaldı.

Daha sonra Elmir Əliyev də (55 kq) finala qədər irəlilədi və burada rusiyalı Alibek Amirov üzərində 3:2 hesablı qələbə qazanaraq ikinci qızıl medalı ölkəmizə gətirdi. Elmirin taktiki baxımdan yetkin və soyuqqanlı mübarizəsi ona dünya çempionu titulunu qazandırdı və Azərbaycan millisinin medal sayını artırdı.

Daha sonra Ruslan Nurullayev 72 kq çəki dərəcəsində bürünc medal uğrunda qarşılaşmaya çıxdı. O, ermənistanlı Qaspar Terteryanı 3:1 hesabı ilə məğlub edərək yığmamızın hesabına daha bir medal əlavə etdi.

Yekunda yunan-Roma güləşi üzrə millimiz 93 xalla komanda hesabında üçüncü pillədə qərarlaşdı. Komandamız yalnız İran (143 xal) və Ukrayna (96 xal) kimi güclü yığmalardan geri qaldı.

Qurbanova fəxri kürsüdə

Son vaxtlar Azərbaycan qadın güləşi beynəlxalq arenalarda istənilən nəticələri verə bilmirdi. Bir çox yarışlarda təmsilçilərimiz ya erkən mərhələdə uduzur, ya da medal uğrunda mübarizədən kənarda qalırdılar. Novi Sadda bu mənzərə az da olsa dəyişdi.

Yarış günü 18 yaşı tamam olan Günay Qurbanova (59 kq) öz ad gününü bürünc medalla qeyd etdi. Gənc və istedadlı güləşçi italiyalı Aurora Russoya “tuş”la qalib gələrək dünya üçüncüsü oldu və ölkəmizi medalsız qoymadı.
Günay Qurbanovanın bu uğuru qadın güləşində son zamanlarda davam edən durğunluğa son qoydu. Onun qələbəsi ilə sanki Azərbaycan qadın güləşi “şeytanın qıçını qırdı”.

Sərbəst güləşçilərimizdən bir dəst medal

Dünya çempionatının sonunda Azərbaycan sərbəst güləşçiləri uğurlu çıxışları ilə yadda qaldılar. Millimizin bir neçə üzvü Serbiyada Azərbaycan bayrağını ucaltmağı bacardı.

Kənan Heybətov 70 kiloqram çəki dərəcəsində finalda qızıl medal əldə etdi. Finalda pəhləvanımız iranlı Sina Xəlilini 9:4 hesabı ilə məğlub edərək qızıl medalı boynundan asdı. Komandamızın digər üzvü Xetaq Karsanov (125 kq) da finala qədər irəlilədi. O, həlledici qarşılaşmada iranlı Abolfazl Nejadla üz-üzə gəldi. Bu ildən etibarən ən ağır çəkidə çıxış etməyə başlayan Karsanov təcrübəli rəqibi qarşısında məğlub olaraq gümüş medal qazandı. Daha sonra xalçaya çıxan Ali Tsokayev (86 kq) isə üçüncü yer uğrunda mübarizə apardı. Gürcüstanlı Tornike Samxaradze üzərində inamlı qələbə qazanan gənc idmançı bürünc medal əldə etdi.

Beləliklə, Azərbaycan sərbəst güləş millisi mundialı bir dəst - bir qızıl, bir gümüş və bir bürünc medalla başa vurdu. Ümumilikdə 84 xal toplayan yığmamız komanda hesabında 4-cü yeri tutdu və üçüncü pillədə qərarlaşan Yaponiyadan cəmi 1 xal geri qaldı.

Yaxşı potensial var

Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatını Azərbaycan güləşi üçün uğurlu hesab etmək olar. Ümumilikdə Azərbaycan həm fərdi, həm də komanda baxımından dünya çempionatının ən yaxşılarından idi. Təəssüf ki, bəzi idmançılarımız son anda medaldan məhrum oldular. Novi Saddakı dünya çempionatı Azərbaycan güləş məktəbinin hər üç istiqamətdə güclü potensiala sahib olduğunu bir daha nümayiş etdirdi.

banner

Oxşar Xəbərlər