• şənbə, 27 Iyul, 07:28
  • Baku Bakı 26°C

Futbolu uçurumdan xilas cəhdi

14.10.23 02:00 7507
Futbolu uçurumdan xilas cəhdi

2027-ci ildən sonra üçün planlaşdırılan sistem ən güclülərin mənafeyinə uyğundur. Avrokuboklarda iştirakçı sayı 54-ə qədər azalacaq. Super Liqada isə hər tur möhtəşəm oyunlar baş tutacaq. Bu isə, təbii ki, insanların turnirə marağında öz əksini tapacaq. 

Avrokuboklarda hazırkı qrup formatı tarixin yaddaşına köçmək üzrədir. Daha doğrusu, bunun baş verəcəyi artıq dəqiqləşib. Növbəti mövsümdən Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında adlarına uyğun olaraq liqa formatı tətbiq ediləcək.

Dəyişiklik müzakirələrə səbəb olub

Növbəti mövsümdən hər üç yarışda 36 komanda çıxış edəcək. Avrokubokların əsas mərhələsində ümumi iştirakçı sayı 108 olacaq. Bu, hazırkı saydan 12 komandanın daha artıq olması deməkdir. Yarış liqa formatında start götürəcək və hər kollektiv səkkiz müxtəlif rəqiblə üz-üzə gələcək. Onlar bu görüşlərin dördünü evdə, dördünü səfərdə keçirəcəklər. Bundan sonra ümumi turnir cədvəli əsasında növbəti mərhələyə birbaşa yüksələnlər və pley-off iştirakçıları müəyyənləşəcək.

Yeni format özü ilə müxtəlif müzakirələr yaradıb. Bir yanaşmaya görə, liqa sistemində maraqlı oyunlar daha çox olacaq. Çünki komandalar səbətlərə bölünəcəklər və hər kollektiv hər bir səbətdən iki rəqiblə üz-üzə gəlməli olacaq. Hazırda qrup mərhələsində ən yüksək reytinqlilərin yer aldığı birinci səbət iştirakçılarının qarşılaşması mümkün deyil. Lakin yeni format onları da üz-üzə qoyacaq. Məsələn, növbəti mövsümdən “Bavariya” ilə “Mançester Siti”nin, yaxud “Liverpul”la “Real Madrid”in oyunlarını elə ilk turlardan izləyə biləcəyik.
Eyni zamanda bəzi nəhəng klubların pley-off və 1/8 finalda iştirak şansı da azalmış olacaq. İndiki formatda favoritlərin qrupdan çıxmaq ehtimalı yüksəkdirsə, liqa sistemində ən güclülər də bir-biri ilə üz-üzə gələcəyindən bəzilərinin kənarda qalmaq variantı az olmayacaq.

Köhnə-yeni Super Liqa ideyası

Liqa formatının 2027-ci ilə qədər tətbiq olunacağı dəqiqləşib. Şayiələrə görə, UEFA bunu uzun müddət davam etdirmək niyyətində deyil. 2027-ci ildən hazırkı üç turnirin yeniləri ilə əvəz edilməsi planlaşdırılır.

Məlumata görə, UEFA Super Liqa, Avropa Liqası və Namizədlər Liqası yaratmağı düşünür. Bu turnirlərin hər birində say yarıya qədər - 18-ə endiriləcək. Yarışlar arasında komandaların keçidləri baş tutacaq. Namizədlər Liqası və Avropa Liqası arasında dörd kollektivin düşüb-qalxması sistemi tətbiq ediləcək. Super Liqa ilə bağlı bu say ikiyə endiriləcək. Artıq oktyabrın sonunda qitə futbol qurumunun ideyanı ilkin olaraq müzakirə edəcəyi bildirilir.

Əslində, Super Liqa ideyası yeni deyil. Daha əvvəl Avropanın böyük klubları qitə futbol qurumundan müstəqil olaraq belə bir turnir yaratmaq qərarına gəlmişdilər. 2021-ci ilin aprelində format təsdiqlənmiş, rəsmi açıqlama verilmişdi. Ancaq UEFA-nın təzyiqlərindən sonra klublar bir-bir bu ideyadan uzaqlaşdılar. Yalnız İspaniyanın “Real Madrid” və “Barselona”, İtaliyadan isə “Yuventus” uzun müddət dirəniş göstərdilər. Hazırda isə bu, aktuallığını demək olar ki, itirib.

Köhnə-yeni format ideyasını basketboldakı Avroliqa və Avropa Kubokuna bənzətmək olar. Bu yarışlarda qitə basketbolunun elitası yarışır və ora kənardan daxil olmaq az qala mümkünsüzdür. Futboldakı yeni sistem də təxminən buna uyğun olacaq.

Dəyişikliyi labüd edən səbəblər

Ümumiyyətlə, son illər atılan addımların hər birinin arxasında maliyyə dayanır. Hər yeni yarış daha çox oyun, bu isə yekunda daha çox pul deməkdir. Son illərdə milli komandalar üçün Millətlər Liqasının yaradılması, Avropa çempionatında komanda sayının artırılması, klub yarışlarına Konfrans Liqasının əlavə edilməsinin əsas səbəbi məhz bu hesab edilir. Əlbəttə, burada daha çox ölkənin qitəmiqyaslı yarışlarda təmsil olunmasının mümkünlüyü də amillərdən biridir.

UEFA-nın qərarları bir çox hallarda futbolçuları, məşqçiləri razı salmır. Məsələ ondadır ki, oyunların sayı çoxdur, futbolçular az qala hər üç gündən bir meydana çıxmalı olurlar. Maliyyənin paylanması isə böyük klubları razı salmır. Onlar qitəmiqyaslı yarışlardan daha çox pay tələb edirlər.

Digər tərəfdən, bir çox mütəxəssis futbolun artıq maraqsızlaşdığı qənaətindədir. Artıq az qala bütün ölkələr avrokuboklarda təmsil olunurlar. Bu zaman aşağı səviyyəli kollektivlərin oyunları turnirlərin ümumi səviyyəsinin aşağı düşməsinə səbəb olur. Azarkeşlər daha rəqabətli matçlar arzulayır, ulduz oyunçuların üz-üzə gəlməsini istəyirlər. Hətta futbolun uçuruma getməsinin, cansıxıcılığının qarşısının alınması üçün oyun vaxtının bir saata qədər endirilməsi də müxtəlif vaxtlarda təklif olunub.

2027-ci ildən sonra üçün planlaşdırılan sistem ən güclülərin mənafeyinə uyğundur. Avrokuboklarda iştirakçı sayı 54-ə qədər azalacaq. Super Liqada isə hər tur möhtəşəm oyunlar baş tutacaq. Bu isə təbii ki, insanların turnirə marağında öz əksini tapacaq. Yarışın maliyyəsi isə iştirakçı 18 komandaya nəsib olacaq. Bu da onların hazırkından bir neçə dəfə artıq qazanc əldə etməsi deməkdir.

Beləliklə, UEFA-nın yeni planını futbolu maraqsızlaşmaqdan xilas etmək cəhdi kimi də anlamaq olar. Eyni zamanda qitə futbol qurumu 2021-ci ildə anlayıb ki, böyük klublarla hesablaşmaq mütləqdir. Bir dəfə onların müstəqilləşməsinin qarşısını almaq mümkün oldu, ancaq növbətisində bu, alınmaya bilər.

Faiq Tahirov 

banner

Oxşar Xəbərlər