çərşənbə axşamı, 05 iyul, 22:56

Baku Bakı 30°C

Fransa “Liverpul” fanatlarını ittiham edir 

icon 236 icon 04 iyun 2022 | 00:30 Fransa “Liverpul” fanatlarını ittiham edir 

Çempionlar Liqasının finalından öncə “Stad de Frans” stadionunda baş verən iğtişaşlarla bağlı araşdırma davam edir. Stadionun ətrafında baş verən iğtişaş nəticəsində biletləri olan minlərlə azarkeş arenaya daxil ola bilməyib. Artıq məsələ ilə bağlı UEFA da müstəqil araşdırmaya başlayıb. 

Fransa polisinin araşdırmasından sonra bəlli olub ki, 30-40 minə yaxın “Liverpul” azarkeşlərinin ya biletləri olmayıb, ya da onlar saxta biletlərlə arenaya daxil olmağa cəhd göstəriblər. Fransanın idman naziri Ameli Udea-Kastera iğtişaşlara görə “Liverpul” azarkeşlərini günahlandırıb: “Bu, ilk növbədə “Liverpul”  azarkeşlərinin kütləvi toplaşması səbəbindən baş verdi. Onlar ya biletsiz idilər, yada saxta biletlə gəlmişdilər”. O bildirib ki, bileti olan 2700 fanat stadiona daxil ola bilməyib. Nazir UEFA-ya tövsiyə edib ki, həmin azarkeşlərinin biletə görə ödədikləri vəsait geri qaytarılsın. 

Klopp da günahkardır?

Fransanın daxili işlər naziri Jerald Darmanen də məsələ ilə bağlı danışıb. Maraqlıdır ki, o, iğtişaşda “Liverpul”un baş məşqçisi Yurgen Kloppun da günahkar olduğunu bildirib: “Yalnız bəzi ingilis klubları oynayanda belə problemlər yaranır. Belə hadisələr əvvəllər də olub. Məsələn, 2019-cu ildə Madriddə də oxşar çətinliklər yaranmışdı. Eyni problemlər keçən il “Uembli”də Avropa çempionatının finalında da olmuşdu. Təəssüf ki, saxta biletlər üçün böyük bir bazar formalaşıb. Onu da deyim ki, “Liverpul”un baş məşqçisi Yurgen Klopp oyundan əvvəl azarkeşlərə müraciət edərək demişdi ki, biletiniz olmasa da, Fransaya gəlin. Onu bu müraciəti də hadisələrə təsir edib. Amma bununla belə on minlərlə azarkeş heç bir problem olmadan fan-zonaya yerləşmişdi. Onlar qaydalara hörmət edirdilər. Təhlükəsizlik sistemimizlə toqquşanlar isə azarkeşlərin daha kiçik, lakin daha fəal qrupu idi”. 

“Liverpul”un cavabı 

“Liverpul” rəsmiləri Fransa hökumətinin ittihamlarına cavab verib. Klub adından icraçı direktor Billi Hoqan danışıb. O, Fransalı nazirlərdən üzr istəmələrini tələb edib: “Sadəcə onu deyim ki, vəziyyətin hələ tam aydınlaşmadığı bir vaxtda belə şərh verilməsi bizi inanılmaz dərəcədə təəccübləndirir. Baş verənlərlə bağlı müstəqil və şəffaf araşdırma aparılmalıdır. Hesab edirik ki, hər kəs araşdırmanın nəticəsini gözləməli və qızışdırıcı şərhlər verməməlidir. UEFA azarkeşlərin stadiona təhlükəsiz keçidi üçün məlumat vermişdi. Azarkeşlərimiz həmin təlimata əsasən stadiona gəliblər. Problemlər ancaq stadiona gələndən sonra başlayıb”. 

Tiaqo araşdırmanı pulsuz aparacaq ki... 

UEFA fransalı nazirlərin səs-küylü bəyanatlarına heç bir reaksiya verməyib. Əvəzində qurum Parisdə baş verən hadisələrlə bağlı müstəqil hesabat hazırlamağı əmr edib. Hesabatı daha əvvəl Portuqaliyanın təhsil naziri vəzifəsində çalışmış Tiaqo Brandao Rodriges hazırlayacaq. Tiaqo ölkə parlamentinin üzvüdür. O, obyektivliyin təminatı olaraq təhqiqatı pulsuz aparacaq. UEFA araşdırma nəticəsində daxil olan bütün məlumatları ictimaiyyətə açıqlamağı planlaşdırır, bundan sonra bütün lazımi tədbirlər görüləcək.

N.Muxtarlı