Dünya sürətsevərlərinin gözü Bakıda

“Formula 1” yarışının Bakıda keçirilməsi Azərbaycan üçün təkcə idman hadisəsi deyil, həm də siyasi, iqtisadi və mədəni gücün təcəssümüdür. Bakı Şəhər Halqasında hər döngə, hər sürət rekordu sadəcə yarış həyəcanı deyil, həm də Azərbaycanın qlobal səhnədə öz sözünü deməsinin simvoludur.
Dünya sürətsevərlərinin gözü bir daha Azərbaycana, doğma paytaxtımız Bakıya dikilib. Tarixi və müasirliyi özündə birləşdirən bu şəhər artıq doqquzuncu dəfə “Formula 1” üzrə Azərbaycan Qran-prisinə ev sahibliyi edir. Bakı küçələrinin unikal ab-havası, Xəzərin sahilindən qalxan küləklər və dar döngələrin yaratdığı gərginlik bu yarışı mövsümün ən maraqlı mərhələlərindən birinə çevirir.
Üç günlük mübarizə
Artıq “Formula 1” pilotları ilk sərbəst yürüşlərdə güclərini sınayıb, bolidlərin sürətini Bakının dar, eyni zamanda sürətli trasında yoxlayıblar. Paralel olaraq “Formula 2” üzrə sıralama turu da keçirilib və gənc pilotların mübarizəsi azarkeşlər arasında xüsusi maraq doğurub.
Bu gün həyəcan daha da artacaq - “Formula 1” üzrə sıralama turu baş tutacaq. Bu mərhələdə pilotlar bazar günü keçiriləcək əsas yarışa - sentyabrın 21-də start götürəcək möhtəşəm Qran-priyə ən əlverişli mövqedən çıxış etmək uğrunda mübarizə aparacaqlar.
Bir sözlə, Azərbaycan Qran-prisi sürət, taktika və emosiyaların zirvəyə qalxdığı həftəsonu vəd edir. Bütün dünyanın diqqəti yenə də Bakı küçələrində olacaq.
Azərbaycan Qran-prisi niyə maraqlıdır?
Bakı Şəhər Halqası “Formula 1” təqviminin ən çətin və ən unikal şəhər traslarından biri kimi Monako ilə yanaşı, xüsusi yer tutur. Bu möhtəşəm marşrut həm yüksək sürətli uzun düzlüyü, həm də dar və iti döngələri ilə pilotlardan maksimum texniki ustalıq, dəmir iradə tələb edir. Xüsusilə İçərişəhərin qədim divarları boyunca uzanan dar keçidlər sürücülər üçün sanki bir labirintə çevrilir. Burada bir anlıq səhv qalibiyyət ümidlərini puça çıxara bilər.
Bakı trasının fərqli cazibəsi də məhz bu kontrastdan doğur: bir tərəfdən saatda 350 km-ə yaxın sürət imkanı verən nəhəng düz yol, digər tərəfdən isə millimetr dəqiqliyi tələb edən dar döngələr. Bu sintez Azərbaycan Qran-prisini mövsümün həm ən sürətli, həm də ən riskli şəhər traslarından birinə çevirir.
Məhz buna görə də Bakıda yarış hər dəfə sürprizlərlə zəngin olur. Burada favoritlərin səhvləri digər pilotlara fürsət yarada, bir anın içində bütün strategiyalar alt-üst ola bilər. Komandalar və sürücülər maksimum diqqətli olmağa, bütün bacarıqlarını səfərbər etməyə məcburdurlar. Bu da Azərbaycan Qran-prisini təkcə sürət yarışı deyil, həm də taktiki zəka və dözümlülük mübarizəsinə çevirir.
“Formula 1”in ölkəmizə iqtisadi faydaları
Azərbaycan Qran-prisi ölkəmizin iqtisadiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir. İlk dəfə Bakıda təşkil olunan Qran-pridən bu günədək, artıq doqquz yarış ərzində turist axını və dövriyyə ildən-ilə artıb. Keçənilki “Formula 1” zamanı Azərbaycana gələn turistlərin dövriyyəsi 2023-lə müqayisədə 85 faiz artıb, turist sayı 87 faiz, əməliyyatlar 77 faiz, hotel xərcləri 127 faiz, restoran xərcləri isə 141 faiz yüksəlib. Bu göstəricilər ölkə üçün böyük iqtisadi fürsət yaradır.
Azərbaycan Qran-prisi üçün bu il Bakıya 12 mindən çox turist üz tutub. Ötən il tamaşaçıların 80 faizini əcnəbilər təşkil edib, bir çoxu isə bilet almadan sadəcə yarış ab-havasını yaşamaq üçün paytaxtımıza gəliblər. Rəqəmlərə görə, azarkeşlərin yarıdan çoxu Qran-prini dostlarına tövsiyə edir, əksəriyyəti isə yaxın iki ildə yenidən gəlməyi planlaşdırır. Ötən il Azərbaycan Qran-prisini canlı izləyənlərin sayı 86 milyon nəfəri, müxtəlif platformalarda yarışla maraqlananların sayı isə 3,9 milyardı keçib. Artan maraq səbəbilə 2025-ci ildə iki yeni tribuna tikilib, bütün biletlər satılıb və ümumi tutum artıq 20 min nəfəri ötüb.
İdman da bir siyasətdir
Yarışın Azərbaycan üçün yalnız idman deyil, həm də siyasi əhəmiyyəti son dərəcə böyükdür. Azərbaycan Qran-prisi ölkəmizin dünyada tanıdılması baxımından ideal platformadır. Hər il bu möhtəşəm yarışa dünyanın 100-dən çox ölkəsindən azarkeşlər axışır, ölkəmizin qədim mədəniyyəti, müasir siması və ən əsası, qonaqpərvər xalqımızla yaxından tanış olmaq imkanı qazanırlar. Azərbaycanın dünya siyasi arenasında qalib ölkə kimi mövqeyini möhkəmləndirməsi də bu hadisəyə xüsusi məna qatır. Artıq bir neçə ildir ki, qalib dövlətin qalib paytaxtı öz tribunasından dünyaya sülh, dostluq və inkişaf mesajları verir.
Ümumiləşdirsək, dünyaca məşhur “Formula 1” yarışının Bakıda keçirilməsi Azərbaycan üçün təkcə idman hadisəsi deyil, həm də siyasi, iqtisadi və mədəni gücün təcəssümüdür. Belə nüfuzlu tədbirin ölkəmizdə təşkili Azərbaycanın güclü iqtisadi potensialını, təşkilatçılıq bacarığını və beynəlxalq miqyasda artan nüfuzunu bir daha nümayiş etdirir. Bakı Şəhər Halqasında hər döngə, hər sürət rekordu sadəcə yarış həyəcanı deyil, həm də Azərbaycanın qlobal səhnədə öz sözünü deməsinin simvoludur.
Ərturan İsmayıl
