• şənbə, 27 Iyul, 04:14
  • Baku Bakı 27°C

Dünya şahmatının elitası Bakıya toplaşır

29.07.23 06:30 3890
Dünya şahmatının elitası Bakıya toplaşır

Şahmat aləminin elitası Dünya Kubokunun qalibini müəyyənləşdirmək üçün Bakıya toplaşır. Bir aya yaxın davam edəcək “iti zəka sahibləri”nin rəqabətində FIDE sıralamasının lideri Maqnus Karlsen, hazırkı dünya ikincisi Yan Nepomnyaşşi, ABŞ təmsilçiləri - Fabiano Karuana, Hikaru Nakamura və Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Dummaracu Qukeş və fransalı Maksim Vaşye-Laqraf kimi adları görə biləcəyik.

Şahmat üzrə Dünya Kuboku 2005-ci ildən etibarən hər iki ildən bir keçirilir. Qadınlar arasında ilk Dünya Kuboku isə 2021-ci ildə təşkil olunub. Budəfəki yarışa Azərbaycan ev sahibliyi edəcək. İyulun 30-dan avqustun 24-dək dünya şahmat elitası paytaxtımıza toplaşacaq. Bakıda həm Açıq, həm də Qadınlar bölməsi üzrə qaliblər müəyyənləşəcək. Bu, sayca 10-cu - yubiley Dünya Kubokudur.

Yubiley yarışının özəllikləri

Azərbaycan paytaxtındakı turnir bir sıra özəllikləri ilə əvvəlkilərdən fərqlənir. Dünya Kubokunun mükafat fondu bu il rekord həddə olacaq. Ümumilikdə 2,5 milyon ABŞ dolları mükafat nəzərdə tutulub. Dünya Kubokunun sahibi 110 min dollar, ikinci yeri tutacaq iştirakçı 80 min dollar, 3-cü isə 60 min dollar qazanacaq. İlk raundda mübarizəni dayandıranlar 3 min dollara sahib çıxacaqlar. İlk dəfə olaraq həm Açıq, həm də Qadınlar bölməsində ilk üç yeri tutan şahmatçılar gələn ilin aprelində Kanadanın Toronto şəhərində keçiriləcək Namizədlər turnirinə vəsiqə qazanacaqlar. Dünya Kubokunun formatı 2021-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən analoji yarışdan fərqlənəcək. Belə ki, bu dəfə əlavə bir raund da olacaq. Bu isə Açıq bölmədə iştirakçı sayının 128-dən 206-ya yüksəldilməsinə imkan yaradıb. Qadınlar yarışında isə 103 şahmatçı zəkasını göstərməyə çalışacaq. İştirakçılar 1/128 finaldan mübarizəyə başlayacaqlar. Daha yüksək reytinqli şahmatçılar ilk raunddan azaddırlar. Ümumiyyətlə, reytinq favoritlərinin yolu ilk üç raundda hamar görünür.

Karlsen üçün xüsusi əhəmiyyətə malik turnir

Hazırkı dünya çempionu, çinli Dinq Lijen və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) son sıralamasında 6-cı yerdə qərarlaşan fransalı Əlireza Firuzca istisna olmaqla, dünyanın bütün ən güclüləri iştirakçılar sırasındadır. Dünya Kubokunun açıq bölməsinin liderləri arasında norveçli keçmiş dünya çempionu, FIDE sıralamasının lideri Maqnus Karlsen, hazırkı dünya ikincisi Yan Nepomnyaşşi, ABŞ təmsilçiləri - Fabiano Karuana, Hikaru Nakamura və Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Dummaracu Qukeş və fransalı Maksim Vaşye-Laqraf kimi adları görə bilərik. Ulduzlarla zəngin turnirdə Dünya Kubokunun hazırkı sahibi Yan-Kşiştof Duda da olacaq. 2021-ci ildə keçirilən tədbirdə qalib gələn polşalı titulunu qorumağa çalışacaq. Eyni zamanda, qocaman “iti zəka sahibləri”ndən bir neçəsi Bakıda yarışacaq. Turnirdə Ettyen Bakro, Dünya Kubokunun qalibləri - Boris Gelfand və Peter Svidler kimi şahmat ustaları iştirak edəcəklər. Qadınlar bölməsində əsas diqqətlər çempion Ju Venjun və 2020-ci ildə çempionluğa namizəd olan Aleksandra Qoryaçkinaya yönələcək. Eyni zamanda keçmiş dünya çempionları - Aleksandra Kostenyuk (O, həm də qadınlar arasında ilk Dünya Kubokunun qalibidir - red.), Tan Çjunyi, Mariya Muzıçuk və Anna Uşenina, eləcə də Hampi Koneru, Katerina Laqno, Anna Muzıçuk, Nana Caqnidze kimi şahmatçılar yarışacaqlar. Dünya Kuboku Maqnus Karlsen üçün xüsusi əhəmiyyətə malikdir. Məsələ ondadır ki, dünyanın bir nömrəli şahmatçısı heç vaxt bu titulu əldə edə bilməyib. O, hətta finala yüksəlməyi də bacarmayıb. Maqnus sonuncu yarışda 3-cülüklə kifayətlənib. Karyerasında mümkün bütün titulları qazandığını nəzərə alsaq, norveçli üçün Bakıdakı yarış kolleksiyasını tamamlamaq üçün böyük fürsətdir.

Azərbaycanı 13 qrossmeyster təmsil edəcək

Açıq bölmədə 13 Azərbaycan qrossmeysteri yarışacaq. Söhbət Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Məmmədov, Misrətdin İsgəndərov, Qədir Hüseynov, Abdulla Qədimbəyli, Vasif Durarbəyli, Nicat Abbasov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Eltac Səfərli və Aydın Süleymanlıdan gedir. Hər zamankı kimi dünya şahmatının elit oyunçularından sayılan Teymur və Şəhriyar daha çox diqqət mərkəzindədir. Lakin son zamanlar yüksəlişdə olan Aydın Süleymanlıdan da gözləntilər böyükdür. O, hazırda çox yaxşı formadadır. Gənc qrossmeyster bir neçə gün əvvəl “Meltwater” rapid turnirinin seçmə mərhələsində Əlireza Firuzca, Aniş Giri, Levon Aronyan, Maksim-Vaşye Lqraf, Nihal Sarin kimi rəqiblərinə qalib gələrək, iddiasını ortaya qoyub. Qadın şahmatçılarımızdan isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva mübarizə aparacaqlar. “Zərif zəkalarımız” komanda şəklində Avropa üçüncüsüdürlər. Fərdi olaraq isə ötən il Avropa çempionatında gümüş medal qazanmış Günay Məmmədzadə, yarışın bürünc mükafatçısı Ülviyyə Fətəliyeva, 20 yaşadək şahmatçılar arasında dünya çempionu Gövhər Beydullayevadan gözləntilərin böyük olmasına əsas var.

banner

Oxşar Xəbərlər