• çərşənbə, 30 Oktyabr, 11:02
  • Baku Bakı 7°C

De Byazi dövrü bitdi 

25.11.23 00:30 4572
De Byazi dövrü bitdi 

İtaliyalı mütəxəssisin Azərbaycan millisinin baş məşqçisi kimi fəaliyyəti başa çatdı. O, nəticə baxımından futbol ictimaiyyətinin gözləntilərini doğrulda bilmədi. 

Canni De Byazinin Azərbaycan millisinin baş məşqçisi kimi fəaliyyəti başa çatdı. İtaliyalı mütəxəssis AFFA İcraiyyə Komitəsinin fövqəladə iclasının qərarı ilə postundan göndərildi. 

67 yaşlı çalışdırıcı ölkəmizə 2020-ci ilin 30 iyulunda gəlmişdi. Mütəxəssisin yığmamıza baş məşqçi təyin edilməsi daha əvvəl Albaniya millisində əldə etdiyi uğura görə müsbət qarşılanmışdı. O, sözügedən komandanı 2016-cı ildə keçirilən Avropa çempionatının final mərhələsinə yüksəltməklə ad qazanmışdı. De Byazinin nisbətən zəif yığmada böyük uğur əldə edə bilməsi Azərbaycanda da keyfiyyətli iş ortaya qoyacağına ümid yaratmışdı. Onun ölkəmizdəki üç ildən artıq müddəti əhatə edən fəaliyyəti isə enişli-yoxuşlu oldu.

Uğursuz başlanğıc

Millətlər Liqasının 2020/21 mövsümündə yığma De Byazinin rəhbərliyi altında C Liqasının 1-ci qrupunda üçüncü yeri tutdu. Dörd xal toplayan komanda Monteneqro və Lüksemburqu özündən irəli buraxıb, yalnız Kipri qabaqlaya bildi.

De Byazinin növbəti sınağı 2022-ci il dünya çempionatının seçmə mərhələsi oldu. Beş komandalı qrupda cəmi bir xal toplaya bilən milli sonuncu yeri tutdu. Bu, yığma tarixinin DÇ seçmələrində ən pis nəticəsi idi.

İkinci şans

Bərbad nəticəyə baxmayaraq, 2021-ci ilin sonunda De Byazi ilə müqavilə daha 10 aylıq artırıldı. Məlumatlara görə, italyan sözləşməsinin yenilənməsi müqabilində məvacibinin azaldılmasına razılaşmışdı.

Bundan sonra De Byazi millini Millətlər Liqası matçlarına çıxardı. C Liqasının 3-cü qrupunda yer alan komanda bu dəfə 10 xal topladı və ikinci yeri tutdu. Slovakiya ilə Belarusu üstələyən yığmamız Qazaxıstandan geri qaldı. Millətlər Liqasının son üç qrup matçının ardınca milli yoldaşlıq görüşlərinin də ikisində qalib gəlməyi bacardı. Ardıcıl beş qələbə yığma tarixində rekord göstərici idi.

Üçüncü şans

Millətlər Liqasında nisbətən yaxşı nəticələr mütəxəssisə növbəti şansı qazandırdı. Gələn il keçiriləcək Avropa çempionatının qrup mərhələsində yenidən beş komandalı qrupa düşən yığmamız bu dəfə 4-cü yeri tuta bildi. Milli yeddi xal topladı ki, bu, 2012-ci il Avropa çempionatındakı rekord nəticənin təkrarı idi. Tsikldə İsveç üzərində Bakıda qazanılan böyük hesablı qələbə (3:0) kimi pozitiv məqam olsa da, Avstriya (1:4), İsveç (0:5) və Belçikaya ağır yenilgilər də yaşandı. Belçikalılarla son turdakı 0:5 hesablı məğlubiyyət De Byazinin yığmanın “sükançı”sı kimi sonuncu matçı oldu.

Qalmaqallar

De Byazi meydandankənar davranışları ilə da tez-tez gündəm oldu. Bunlar əsasən mənfi çalarlı idi. Öncə onu qeyd edək ki, italiyalı mütəxəssis sələfləri olan əcnəbi çalışdırıcılardan fərqli olaraq, ölkəmizdə ən çox gözə dəyirdi. O, daim çempionat matçlarında olur, bölgələrə səfər edir, milliyə namizəd oyunçuları diqqət mərkəzində saxlayırdı.

Lakin qalmaqallar bu müsbət məqamla müqayisədə daha çox oldu. O, yığmanın liderlərindən olan iki futbolçu ilə münasibətləri korlamağı ilə yadda qaldı. Söhbət Qara Qarayev və Maksim Medvedevdən gedir. Sonradan məlum oldu ki, Qarayev meydanda az olmasına etiraz edib. Futbolçunun özünün dediyinə görə, baş məşqçi bunu oyunçunun boyunun alçaq olması ilə əlaqələndirib. Maraqlıdır ki, sonradan həmin mövqedə heç də ucaboy olmayan Coşqun Diniyev şans qazanıb.

Maksim Medvedev isə mütəxəssisin işini tənqid edib. Təcrübəli oyunçu bildirib ki, oyunlara hazırlıq prosesində tamam fərqli elementlər üzərində çalışsalar da, oyun günü başqa tələblər olub və bu, oyunçuları çaş-baş qoyub. Beləliklə, millinin qapıları hər iki oyunçusu üçün bağlandı. Tənqidlərə baxmayaraq, çalışdırıcı bir daha onların adını dəvətlilər siyahısına daxil etmədi.

De Byazi media ilə münasibətlərdə də yanlışlıqlara yol verməsi ilə “yadda qaldı”. Ölkəsinin mətbuatına tez-tez danışan italyan yerli radioların birinə yığmadakı futbolçuları xaraktersiz və qorxaq adlandırmışdı. Həmin zaman bu, ciddi narazılıqlara səbəb oldu. Yekunda açıqlama verən De Byazi tərcümə xətasının olduğunu, belə ifadələr işlətmədiyini söylədi.

Sonuncu qalmaqal isə Belçika matçından sonra baş verdi. 0:5 hesablı məğlubiyyətin ardınca jurnalistlərin tənqidi suallarına dözməyən mütəxəssis mətbuat konfransını yarımçıq tərk etdi. Bundan öncə isə o, azərbaycanlı jurnalistləri “axmaq” adlandırdı və sözlərinin Belçika mətbuatı üçün tərcümə edilməsini istədi. Onun bu sözləri yerli mediada ciddi rezonansa səbəb oldu. 

Brüsseldəki mətbuat konfransı mütəxəssisin yığmanın çalışdırıcısı kimi jurnalistlərlə sonuncu görüşü oldu. İcraiyyə Komitəsinin fövqəladə iclasında cəmi bir neçə dəqiqə olan De Byazi özü də millidən getmək istədiyini deyib. O, ümumilikdə komandanı 39 oyuna çıxardı. Bunların 10-da qələbə qazanan komanda 21 dəfə uduzdu və 8 görüşü heç-heçə ilə başa vurdu.

 

banner

Oxşar Xəbərlər