• bazar, 16 Noyabr, 02:08
  • Baku Bakı 15°C

Cüdoçularımızın Ər-Riyad zəfəri 

15.11.25 02:34 156
Cüdoçularımızın Ər-Riyad zəfəri 

Cüdoçularımızın İslamiadadakı nəticələrini uğurlu hesab etmək olar. Ər-Riyada güclü heyətlə yollanan komandamız fərqi yarışlarda 2 qızıl, 2 gümüş və 5 bürünc olmaqla 9 medal qazandılar, qarışıq komanda yarışında isə çempion oldular.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir. Müxtəlif idman növlərində çoxsaylı idmançının çıxış etdiyi yarışlarda artıq bəzi növlərdə mübarizə başa çatıb. Azərbaycan idmançıları da bu mötəbər turnirdə uğurlu nəticələrlə diqqət çəkirlər.  Xüsusilə, cüdo yarışlarında təmsilçilərimiz inamlı çıxışları ilə fərqləniblər.

Ər-Riyada güclü heyətlə

Azərbaycan cüdo yığması VI İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 12 idmançı ilə mübarizə apardı. Kişilər arasında ölkəmizi Ruslan Paşayev, Hidayət Heydərov, Elcan Hacıyev, Zelim Kotsoyev və Uşanqi Kokauri təmsil etdi. Qadınların yarışında isə Azərbaycan adından Könül Əliyeva, Gültac Məmmədəliyeva, Aydan Vəliyeva, Fidan Əlizadə, Südabə Ağayeva, Aytac Qardaşxanlı və Günel Həsənli çıxış etdilər.

Siyahıdan göründüyü kimi, komandamız Ər-Riyada titullu idmançılarla, güclü və balanslı heyətlə yollanmışdı. İdmançılarımız etimadı doğruldaraq, tatamidə inamlı çıxışları və qazanılan nəticələrlə idmansevərləri sevindirməyi bacardılar.

Hər biri fəxri kürsüdə

Kişilər arasında yarışlarda idmançılarımız parlaq nəticə ilə diqqət çəkdilər. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, tatamiyə çıxan bütün idmançılarımız İslam Oyunlarını medalla başa vurdular. Paris Olimpiadasının qalibi Hidayət Heydərov əla performans göstərərək formasını bərpa etməkdə olduğunu sübut etdi. 73 kq çəki dərəcəsində yarışan idmançımız finala qədər bütün rəqiblərini üstələdi. Həlledici qarşılaşmada o, özbəkistanlı Şaxram Ahadovu məğlub edərək qızıl medal qazandı. Bu, Hidayətin ikinci analoji uğuru kimi tarixə düşdü.  Daha əvvəl, 2017-ci ildə Bakıda keçirilən oyunlarda da Heydərov fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Komandanın digər üzvlərindən Zelim Kotsoyev yalnız finalda məğlub olaraq, gümüş medalla kifayətləndi. Elcan Hacıyev və Uşanqi Kokauri isə bürünc medal uğrunda görüşləri qazanaraq yarışları üçüncü pillədə başa vurublar. Bundan başqa, Ruslan Paşayev də təsəlliverici görüşlərdə uğur qazanmağı bacararaq, bürünc medal əldə etdi. Beləliklə, kişi cüdoçularımız İslamiadanı bir qızıl, bir gümüş və üç bürünc medalla başa vurdular.

Uğursuzluğa son qoyan qadınlar

Qadın cüdoçularımız da Ər-Riyyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi layiqincə təmsil etdilər. Son beynəlxalq yarışlarda medal qazanmaqda çətinlik çəkən qadın komandamız bu dəfə uğursuz seriyaya son qoyaraq diqqətəlayiq nəticə göstərdilər. Südabə Ağayeva bütün rəqiblərinə qalib gəlib yarışın qızıl medalını qazandı. Könül Əliyeva finalda türkiyəli Tuğçe Bederlə gərgin mübarizədə uduzaraq gümüş medalla kifayətləndi, lakin onun çıxışı da yüksək qiymətləndirilməlidir. Aydan Vəliyeva və Aytac Qardaşxanlı isə bürünc medal uğrunda görüşlərdə qalib gəlməklə qadınlar arasında ümumi medal sayını artırdılar. Bu nəticə ilə qadın cüdoçularımız uzun fasilədən sonra beynəlxalq arenada komanda şəklində uğurlu çıxış nümayiş etdirdilər.

Qarışıq komanda yarışında çempionluq

Azərbaycanın cüdo millisi də VI İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Yığmamız qarışıq komanda yarışının finalında Özbəkistan kollektivi ilə qarşılaşdı. Görüş Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşdı. Mübarizəyə 1/4 finaldan başlayan seçməmiz əvvəlcə Səudiyyə Ərəbistanı cüdoçularını 4:0, ardınca yarımfinalda Qazaxıstanı 4:1 hesabı ilə üstələmişdi.
Qarışıq komanda yarışında ölkəmizi Fidan Əlizadə, Hidayət Heydərov, Ruslan Paşayev, Aytac Qardaşxanlı, Elcan Hacıyev, Günel Həsənli, Uşanqi Kokauri, Zelim Kotsoyev, Aydan Vəliyeva və Südabə Ağayeva təmsil etdilər.

Ümumilikdə cüdoçularımızın İslamiadadakı nəticələrini uğurlu hesab etmək olar. Ər-Riyada güclü heyətlə yollanan komandamız fərqi yarışlarda 2 qızıl, 2 gümüş və 5 bürünc olmaqla 9 medal qazandılar, qarışıq komanda yarışında isə çempion oldular. Düzdür, fərdi yarışlarda nəticəni daha da yaxşılaşdırmaq mümkün idi. Xüsusən, İslam Paşayev və Elcan Hacıyevin bürünc medalla kifayətlənmələri gözlənilməz oldu. Onların hər ikisinin gücü və potensialı daha yaxşısına imkan verir. Eyni zamanda, qadın cüdoçularımızın uğurlu nəticələri gələcəyə ümid verdi. Xüsusilə, Südabə Ağayevanın son turnirlərdə ardıcıl 4 qızıl medal qazanması vurğulanmalıdır.

İslamiada bir çox azarkeşlərə rəqabətin zəif olduğu yarış kimi görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, digər yığmalar da Azərbaycan kimi yarışa güclü idmançılarla qatılmışdılar. İdmançılarımızın rəqibləri arasında Olimpiya medalçıları, qitə və dünya çempionatlarının mükafatçılarının olması yarışda ciddi rəqabətin olduğunu deməyə əsas verir. Bu isə əldə edilən medalların əhəmiyyətinin böyük olduğunu göstərir.

banner

Oxşar Xəbərlər