• cümə, 22 Noyabr, 17:28
  • Baku Bakı 16°C

Cəmiyyətə əmanət olanlar... - REPORTAJ

03.12.22 04:30 5041
Cəmiyyətə əmanət olanlar... - REPORTAJ

Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində bir-birindən istedadlı gənclər toplaşıb. Burada kompüter istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşpaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur.

Belə bir deyim var: “Toxum torpağa, əlil cəmiyyətə əmanətdir”. Lakin bir çox hallarda fiziki məhdudiyyətli insanlar cəmiyyətdən qaçır, komplekslərinə məğlub olur, özlərini yararsız hiss edirlər. Onların məhdudiyyətlərinin həyatın ritmini tutmağa mane olmadığını göstərmək, dünyalarına daxil olub problemlərini həll etmək üçün 3 dekabr - Beynəlxalq Əlillər Günü təsis edilib. Biz də bu günü onlarla keçirmək, söhbətləşmək üçün Sosial Xidmətlər Agentliyinin tabeliyində Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzini ziyarət etdik.

Mərkəzdə fiziki və yüngül formalı əqli, psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və reabilitasiyası həyata keçirilir. Burada kompüter istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşpaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur. Yəni buraya üz tutan fiziki məhdudiyyətli şəxslər cəmiyyətə qazandırılır, inteqrasiyası təmin olunur və peşə bacarıqları inkişaf etdirilir.

“Bütün bölgələrdən əlilliyi olan şəxslər qəbul olunur”

Dərs vaxtı olduğu üçün binada sakitlikdir. Mərkəzin direktoru Rəhilə Həsrətova deyir ki, Azərbaycanın bütün bölgələrindən əlilliyi olan şəxslər mərkəzə qəbul olunur: “Onların peşələrinə uyğun müraciətlərini nəzərə alır, təhsil bazalarını, məşğulluq səviyyəsini öyrənir və yönləndiririk. Əgər fiziki məhdudiyyəti seçdiyi peşəyə yol vermirsə, digər peşələrə yönəlməyini tövsiyə edirik. Hətta bəziləri olur ki, təhsil almaq istəyiblər, amma kompleksləri imkan verməyib. Onları sosial reabilitasiyaya cəlb edirik. Daha sonra müvafiq psixoloji yardımlar göstərilir və təhsilə yönəldilir”.

Baryerlərini qıran fiziki məhdudiyyətlilər

Mərkəzin məzunları bu gün nazirliklərdə, xidmət mərkəzlərində, mədəniyyət sahəsində çalışırlar: “Asif adlı məzunumuz DOST mərkəzində çalışır. Solmaz xalçaçıdır. Əlihüseyn adlı gəncimizə 2 dəfə reabilitasiya keçdik. İkinci dəfədən təhsilə yönəldi, kolleci bitirdi. Şamaxıdan olan yetirməmiz işlə təmin olundu. Hətta Rəssamlıq Akademiyasını bitirənlər var. Halbuki, ilk dəfə gələndə rəssam olacağını düşünmürdü. İdman üçün bizə müraciət etmişdi. İstedadını kəşf edib rəssamlığa yönəltdik. Həm bakalavrı, həm magistraturanı bitirdi. İndi peşəkar rəssamdır”.

Bir toxunuşla həyatını dəyişdirən Xanoğlan

Rəhilə xanımın sehirli əllərlə həyatına toxunduğu mərkəzin məzunlarından biri də Xanoğlandır. 3-cü sinifdən görməsini itirib, təhsilini yarımçıq qoyub. Xanoğlan görmədiyi üçün özünü yararsız, cəmiyyətə faydasız hiss edib və intellektual savadını içində boğmaq məcburiyyətində qalıb. Əvvəlcə mərkəzdə muncuqlarla toxumağı öyrənib: “Onun aktiv intellektual səviyyəsinin olduğunu gördüm. Soruşdum ki, təhsilini davam etmək istəyərsənmi? Bu ona təəccüblü gəlirdi və bacaracağına inanmırdı. Bizə universitetlərdən təcrübəyə gələnlər var idi. Onlardan xahiş etdim ki, Xanoğlanı hazırlaşdırsınlar. Hərəsi bir fənni boynuna götürdü. Hazırlıqdan sonra Xanoğlan imtahanda çox yüksək bal topladı. Hətta o balla ADA-ya belə qəbul olurdu. Amma Bakı Dövlət Universitetini seçdi”.

Sinif otaqlarına yollanırıq. Həssas qrupa daxil olan insanların istedadı, əl işləri, yaradıcı qabiliyyəti bizi heyrətləndirir.

Əvvəlcə kompüter dərslərinin tədris edildiyi otaqdayıq. Müəllim Həsənov Ramiqdir. O da əlilliyi olan şəxsdir. Hətta tələbələri üçün onların anlayacağı dildə kitab yazıb: “Kompüteri söküb yığmaq, ofis proqramları, vaxt çatarsa, dizaynı öyrədirəm. Özümü nümunə göstərir, onlara stimul verirəm. Öyrənməyə çox meyillidirlər. Hətta dərs bitəndən sonra da otağı tərk etmirlər”.

“Ana əlil övladını gözündən kənara qoya bilmir”

Burada da stereotiplər öz sözünü deyir. Şagirdlər arasında oğlanlar çoxluq təşkil edir. Çünki bəzi valideynlər qız uşaqlarını gözlərindən kənara qoymaq istəmirlər.

Rəhilə xanım deyir ki, insan özünü cəmiyyətə necə təqdim edirsə, cəmiyyətdən də o cür cavab alır. Burada valideynin üzərinə çox iş düşür, lakin valideynlərin əksəriyyəti bu sahədə peşəkar deyil: “Ana əlil övladını gözündən kənara qoya bilmir. Burada sevgi ilə yanaşı, uşağı özündən ayırmamaq, cəmiyyətdən qorumaq stereotipləri var. Belə bir deyim var: “Yaxşını atmaq “hayıfdır (heyif), pisi atmaq ayıbdır”. Elə bilirlər ki, övladları cəmiyyətdə korlanacaq, heyif olacaq. Cəmiyyət hər bir halda qəbul edəcək. Sadəcə, cəmiyyət onları görməli, düşüncə tərzi formalaşmalıdır. Məhdudiyyəti olan uşağı evə qapamaq, istedadını boğmaq, həyatını söndürmək olmaz”.

“Məşhur modelyer olacağam”

Müəllim dəhlizdə Məhəmmədlə rastlaşır.
-    Məhəmməd, sən nə öyrənirsən?
-    Mən baş qırxacam, müəllim (bərbərliyi nəzərdə tutur)
-    Bəs niyə təsbeh düzəltmirsən?
-    Mümkün deyil, düzəldə bilmərəm.

Məhəmməd əqli məhdudiyyətlidir. Qısa müddətdir buradadır. Reabilitasiyası bitməyib. Ailəsindən ilk dəfə ayrıldığı üçün darıxır. Onlarla görüşəcəyi günləri sayır. Rəhilə xanım deyir ki, ilk dəfə gələndə qalmaq istəmir, özünə qapanırdı. Artıq özünə dost tapır, onlarla ünsiyyət qurur.

Bərbərliyi öyrənsə də, muncuqla işləmək motorika bacarıqlarını inkişaf etdirərək əsəbləri sakitləşdirdiyi üçün təsbeh düzəltmək adı ilə həvəsləndirib, muncuqla işləməyə cəlb edirlər. Turan isə qadınların zövqünə uyğun paltar tikir və muncuqdan aksessuar düzəldir: “Zövqümə və bacarığıma inanıram. Bilirəm ki, məşhur modelyer olacağam”.

Rəhilə xanım deyir ki, bu kursun məzunlarından biri artıq evdə muncuq düzəldib qardaşının mağazasında satır. Turanın da bu istiqamətdə inkişaf edəcəyini düşünür: 

“Həyatı anlamaq üçün ayrılmaq lazımdır”

Ruhanə Quliyeva Astaradan gəlib. Artıq xalça toxumağı öyrənib. O qədər bacarıqlı qızdır ki, ev şəraitində öz üzərində çalışaraq, Koreya dilini öyrənib: “Koreyaya gedib orada tərcüməçi işləyəcəm. İlk dəfədir ki, anamsız, tək qalıram. Mən özüm kimi olanlara səslənirəm ki, həyatı anlamaq üçün ayrılmaq lazımdır. Burada olarkən dünyada tək olmadığımı anlayıram.  Bundan öncə özümü tək hesab edirdim. Elə bilirdim ki, hamı məni lağ edəcək. İndi bilirəm ki, tək deyilmişəm”.

Gülnar şərf toxuyur: “Həyatda heç kimə möhtac olmaq istəmirəm. Ona görə sənət öyrənməyə çalışıram. İnanıram ki, bunu bacaracağam. Gədəbəydən həyatımı dəyişmək üçün gəlmişəm”. 

Şagirdlərinin həm motivatoru, həm də müəllimi

Toxuma dərslərini Sədaqət müəllimə öyrədir. Özü də fiziki məhdudiyyətlidir və tələbələri ilə eyni yollardan keçib. İndi isə şagirdlərinin həm motivatoru, həm də müəllimidir.

Ağac üzərində oyma dərslərinə qonaq oluruq. Aprel döyüşləri iştirakçısı Süleyman bu peşəni öyrənir. Məqsədi isə öz ehtiyaclarını özünün qarşılamasıdır: “Əsasən əsamı düzəltmək üçün öyrənirəm. Düzəltdiklərimi satmağa ürəyim gəlməz. Əziyyətimin qiyməti yoxdur”.

Süleyman həm şer yazır, həm də oxuyur. Bu istedadını gizlətsə də, müəllimlər kəşf edib. İndi onun bu istedadının üzərində çalışır, müsabiqələrə yönləndirirlər.

Kursun pozitiv tələbələrindən biri də Nahiddir. İkinci Qarabağ müharibəsinin qazısıdır: “Qarabağı görməmişdim, amma onun xilasında iştirak etdim. Zəngilan döyüşlərində Xudayar şəhid olanda, mən yaralandım. İndi isə həm kompüteri, həm də oyma sənətini öyrənirəm ki, vətənimə bu istiqamətdə də faydamı verim”.

Montaj otağı diqqətimizi çəkir. Fərid burada kamera ilə işləməyi öyrənir. Söhbətləşərkən məlum olur ki, peşəkar idmançı olub. Hətta güləş üzrə 1-ciliyi də var. Lakin aldığı zədədən sonra iflic olub. Buraya montajı öyrənməyə gəlib. İstedadına bələd olan rəhbərlik onu paralimpiyaya cəlb etmək üçün kömək edir.

“Hər gün qazanclarını mənə yazırlar”

Bərbərliyi isə onlara Faiq Məmmədov öyrədir. Deyir, artıq 30 tələbəsi işlə təmin olunub, bəziləri öz salonlarını açıblar: “Şagirdlərimdən biri 10 ildir mənimlə işləyir. Maksimum 20 günə saç kəsməyi öyrədirəm”.

Abasova Həlimə də qızlara saç yığmanı öyrədir. Jest dilini bildiyi üçün nitq məhdudiyyətli tələbələri da var: “Onların götürmə qabiliyyətləri çox yaxşıdır. Fiziki məhdudiyyətli insanları cəmiyyətə qazandırmaq çox gözəl hissdir. Şagirdlərimin çoxu rayonda artıq öz işlərini qurublar. Hər gün qazanclarını mənə yazırlar”.

Hər dəqiqənin öz hökmü var deyirlər. Xüsusilə insanın inkişaf mərhələsində hər an iz buraxır. Əlillik problemi anadangəlmə də ola bilər, sonradan da. Amma insanlar bilməlidir ki, bu baş verəndə həyat sönmür. Onları cəmiyyətə qazandırmaq, dəstək olmaq hamımızın borcudur. Təkcə Əlillər günündə deyil, hər gün...

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər