Beş milyonluq gediş
Juninyonun “Flamenqo”ya gedişi “Qarabağ” üçün də, Azərbaycan futbolu üçün də böyük hadisədir. Futbolçunu üzə çıxaran, bu səviyyəyə çatdıran məhz Ağdam klubudur. Onun Azərbaycana gəlib buradan böyük məbləğ qarşılığında gedişi transfer bazarında “Qarabağ”ın əl-qolunu açacaq.
Azərbaycanda qış fasiləsinin əsas hadisəsi Olavio Juninyonun “Qarabağ”dan Braziliyanın “Flamenqo” klubuna transferidir. İlk dəfə klublarımızdan biri bu səviyyədə satış həyata keçirir. Əlbəttə, bu keçidi “Qarabağ” üçün itki hesab edənlər də az deyil və onları haqsız adlandırmaq olmaz. Lakin detallı təhlil etdikdə dəqiqləşir ki, transferdən həm klub, həm də oyunçunun özü irəli düşür.
Qısa müddətdə parıldayan ulduz
Juninyo “Qarabağ”a 2023-cü ilin yayında Portuqaliyanın “Şaveş” klubundan transfer olundu. Həmin zaman Ağdam təmsilçisi qarşı tərəfə 450 min avro ödəmişdi. Ötən mövsüm Azərbaycan çempionu və ölkə kubokunun qalibi olan forvard hər iki turnirdə ən məhsuldar oyunçu oldu. O, eyni zamanda Çempionlar Liqasının təsnifat mərhələlərində altı dəfə fərqlənərək hər kəs üçün əlçatmaz idi. Ümumilikdə Juninyo “Qarabağ”ın heyətində 81 oyun keçirdi, 41 qol və 14 assistə imza atdı. Ötən mövsüm Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə oyunlarda parlayan forvard “Qarabağ”ın Avropaya səs salmasında böyük pay sahibi olmuşdu. İki matçda iki qol vurub bir məhsuldar ötürmə edən Juninyonun Bakıdakı qarşılaşmada vurduğu top hələ də tez-tez sosial şəbəkələrdə paylaşılır.
Rekord satış
“Qarabağ”ın avrokuboklarda performansı komandanın oyunçularına marağı artırıb. Son illərdə bir neçə oyunçu Azərbaycan üçün kifayət qədər böyük qiymətə satılıb. Onlardan ən bahalısı Kadi Borgesin Rusiya “Krasnodar”ına keçidi idi. Juninyonun “Flamenqo”ya keçidi bunun davamı kimi götürülə bilər. Braziliyalılar forvard üçün beş milyon avro ödəyəcəklər. Düzdür, bu məbləğ tam həcmdə “Qarabağ”ın büdcəsinə daxil olmayacaq. Məsələ burasındadır ki, Juninyonun əvvəlki klubu “Şaveş”lə (Portuqaliya) anlaşmaya əsasən, növbəti transfer məbləğinin 15 faizi bu kluba çatmalıdır. Beləliklə, portuqallar 750 min avrolarını alacaqlar. Lakin hər bir halda dörd milyon avrodan artıq vəsait “Qarabağ”ın büdcəsinə daxil olacaq. Üstəlik, növbəti satışdan da “atlılar”ın pay alması istisna edilmir.
Braziliya millisinə aparan yol
Bu qış Juninyonun Braziliyaya deyil, İspaniyaya köçəcəyi gözlənilirdi. Əslində, o, Azərbaycandan “Böyük beşlik” liqasına reallaşan ilk transfer olmalı idi. La Liqa təmsilçisi “Sevilya” futbolçuya maraq göstərirdi. Hətta bu səviyyədə klubdan təklif aldığı üçün Juninyonun fikrini tam olaraq “Qarabağ”a yönəldə bilmədiyi deyilirdi. Baş məşqçi Qurban Qurbanov özü də bu məqamı etiraf etmişdi. Lakin tərəflər maliyyə məsələlərində ortaq məxrəcə gələ bilmirdilər. Sonradan “Qarabağ” satışa razılığını versə də, bu dəfə də Juninyo fikrini dəyişdi.
Juninyo transferini “Flamenqo”nun baş məşqçisi Filipe Luis şəxsən özü istəyib. Mütəxəssis futbolçuya zəng edərək onu komandasına keçməyə razı salıb. Braziliya təmsilçisi “sambaçı”ya “Sevilya”dan daha yüksək məvacib təklif edib. Ölkəsinin yığma komandasında oynamaq vədi isə Juninyonun seçimində həlledici olub. Məlumata görə, Filipe Luis oyunçuya “Flamenqo”da oynayacağı təqdirdə Braziliya millisinə çağırılmaq ehtimalının yüksək olduğunu deyib. Ulduzlarla dolu yığmaya düşmək ilk baxışdan çox real görünməsə də, mümkünsüz deyil. “Flamenqo” bu yolda iri addımdır. Son illər Braziliya millisi hücumun mərkəzində problemlər yaşayır. Hazırda “Flamenqo”dan yığmaya üç oyunçu dəvət alır. Heyətdə möhkəmlənə biləcəyi və performansını ortaya qoyacağı təqdirdə, Juninyo üçün də bu, əlçatan olacaq.
“Qarabağ”ı nə gözləyir?
Ümumən, Juninyonun “Flamenqo”ya gedişi “Qarabağ” üçün də, Azərbaycan futbolu üçün böyük hadisədir. Futbolçunu üzə çıxaran, bu səviyyəyə çatdıran məhz Ağdam klubudur. Onun Azərbaycana gəlib buradan böyük məbləğ qarşılığında gedişi transfer bazarında “Qarabağ”ın əl-qolunu açacaq. Klub cəlb etmək istədiyi yeni oyunçulara məhz Juninyonu nümunə göstərə biləcək. Bəli, onun gedişi komanda üçün böyük itkidir. Hər nə qədər bu mövsüm ötən illə müqayisədə performansında düşüş olsa da, Juninyo komandanın hücum xəttinin lideri idi və yoxluğu hiss olunacaq. Komanda onun gedişindən sonra oyun üslubunu da müəyyən qədər dəyişməli olacaq. Çünki Juninyo elə profildə oyunçu idi ki, həm komandanın hücum quruculuğunda xüsusi rol oynayır, həm pressinq prosesində iştirak edir, həm də əks-hücumlara effektivlik qatırdı. Bu boşluğu aradan qaldırmaq, Juninyo səviyyəsində oyunçu tapmaq asan olmayacaq.
Digər tərəfdən, “Qarabağ” artıq belə gedişlərə öyrəşib. Klubun kifayət qədər yaxşı skaut fəaliyyəti var. Kadi komandanı tərk edən zaman onun boşluğunun doldurulmasının çətin olduğu deyilirdi - Juninyo tapıldı. İndi Olavionun gedişindən sonra yeni kadilər, juninyolar üzə çıxarılmalıdır.
Yekun olaraq, Juninyo Azərbaycan çempionatına gəlmiş ən yaxşı hücumçulardan biri, bəlkə də birincisi idi. Burada göstərdiyi performansı ilə azarkeşlərin qəlbinə yol tapan forvard gedən zamanda komandaya böyük qazanc verməyi bacardı. “Qarabağ” isə artıq oyunçu satışından pul qazanmağı bacarır. Bu, Azərbaycanın ümumi futbol sənayesinə qoşulması üçün kiçik, amma vacib addımdır.