• cümə, 29 Mart, 00:18
  • Baku Bakı 7°C

BDU tələbələri üçün müasir akvakultura təsərrüfatına səfər təşkil edilib

22.05.23 16:30 370
BDU tələbələri üçün müasir akvakultura təsərrüfatına səfər təşkil edilib

22 May - Beynəlxalq Biomüxtəliflik Günü münasibəti ilə IDEA İctimai Birliyi və Azerbaijan Fish Farm MMC-nin tərəfindən Bakı Dövlət Universitetinin tələbələri üçün Neftçala rayonunda yerləşən Nərə Balıqartırma Zavoduna məlumatlandırıcı tur təşkil edilib.

"Report" xəbər verir ki, tədbir zamanı BDU-nun biologiya fakültəsinin magistrantları və akademik heyəti dayanıqlı üsullarla ekoloji cəhətdən təmiz və sağlam dəniz məhsullarının istehsalı prosesi ilə tanış olublar.

İştirakçılar üçün akvakultura balıqçılığı və nərəcinsli balıqların yetişdirlməsi haqqında geniş təqdimat, Neftçala Nərə Balıqartırma Zavodunun təsərrüfat ərazisi və dəniz sahəsinə ekskursiya təşkil edilib.

Hazırda Azərbaycanda balıqçılıq sahəsi yenidən sürətlə inkişaf edir, bir çox balıq növləri, o cümlədən nərəcinsli balıqların, çəkikimilərin, qızılbalıqkimilərin yetişdirilməsi üzrə rəqabətə davamlı məhsul istehsal edən və Xəzər dənizində biomüxtəlifliyin bərpasına töhfə verən təsərrüfatlar fəaliyyət göstərir.

Azerbaijan Fish Farm MMC Azərbaycan ərazisində nərəkimilər fəsiləsinin növlərinin və alabalığın yetişdirilməsi, eləcə də nərə kürüsünün istehsalı üzrə müasir texnologiyalar tətbiq edən, bütün məhsullar üzrə istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına cavab verən şirkətdir. Eyni zamanda bu və digər balıqartırma zavodlarında yetişdirilən balıqların müntəzəm olaraq təbii su hövzələrinə buraxılması nəsli kəsilməkdə olan növlərin təbii populyasiyasının artırılmasını hədəfləyir.

İqlim dəyişikliyi, çirkləndirilmə, həddən artıq ovlanma və digər səbəblərə görə dünyada dəniz bioresurslarının qarşılaşdığı təhlükələr fonunda dayanıqlı balıq təsərrüfatının inkişafı həm ətraf mühit, həm iqtisadiyyat, həm də qida təhlükəsizliyi üçün olduqca vacib əhəmiyyət kəsb edir. Bu xüsusda, müasir və ekoloji təmiz akvakultura sektorunun inkişafı ilə yanaşı, cəmiyyətdə məsuliyyətli balıq ovu və istehlakı haqqında geniş maarifləndirmə işləri aparılmalıdır. Bunu nəzərə alaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

Qeyd edək ki, balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1-dək davam edəcək.

Bununla əlaqədar, IDEA İctimai Birliyi bütün vətəndaşları balıq ehtiyatlarının qorunmasına, məsuliyyətli balıq ovlanmasının təşviqinə dəstək verməyə, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə, yalnız qanuni, dayanıqlı və məsuliyyətli yollarla əldə edilmiş dəniz məhsullarını istehlak etməyə çağırır.

banner

Oxşar Xəbərlər