Bayram tətilində hara getməli?

Bu il Qəbələ, Şəki, Quba, Qusar, Lənkəran və Gəncə istiqamətlərinə maraq var. Xüsusilə, Gəncə istiqamətində sürət qatarı olduğu üçün daha çox səyahət gözlənilir. Bakı sakinləri üçün ən yaxın ərazilər isə paytaxtdan iki saatlıq məsafədə yerləşən ərazilərdir.
Martın 20-dən etibarən Azərbaycanda 12 günlük bayram tətili başlayır. Nazirlər Kabinetinin qərarına əsasən, aprel ayının 1-dək ölkədə qeyri-iş günü hesab edilir. Belə uzunmüddətli istirahət, xüsusilə də yaz fəslində gözəl fürsətdir.
Bəs 12 günlük tətili məhsuldar və maraqlı keçirmək üçün necə dəyərləndirə bilərik? Ölkə daxilində və xaricində bu fəsildə gəzməli yerlər haradır? Ən əsası, qiymətlər necədir?
Suallarımızı turizm mütəxəssislərinə ünvanladıq.
Ölkə daxilində xüsusi aktivlik gözlənilir
Turizm mütəxəssisi Ceyhun Aşurov “Kaspi”yə açıqlamasında deyir ki, 12 günlük tətildə ölkə daxilində xüsusi aktivlik gözlənilir: “Bu il Qəbələ, Şəki, Quba, Qusar, Lənkəran və Gəncə istiqamətlərinə maraq var. Xüsusilə Gəncə istiqamətində sürət qatarı olduğu üçün daha çox səyahət gözlənilir. Bakı sakinləri üçün ən yaxın ərazilər isə paytaxtdan iki-üç saatlıq məsafədə yerləşən ərazilərdir. Buraya Quba, Şabran, Şamaxı və Qəbələni misal göstərmək olar. Həmin bölgələr turizm baxımından çox tələbatlıdır və formalaşmış infrastruktura malikdir. Ona görə də insanlar bu ərazilərdə istirahət etməyə daha çox üstünlük verirlər”.
“Villalar ailələr üçün sərfəlidir”
Qiymətlərə gəldikdə isə, mütəxəssis deyir ki, qalma yerləri və hotellərin kateqoriyasına görə qiymətlər fərqlidir: “Regionlarda üç ulduzlu hoteldə iki nəfərlik otaqda qiymətlər gecəsi 80 manatdan, beş ulduzlu hotellərdə isə 200-250 manatdan başlayır. Eyni zamanda, həmin istiqamətlərdə villalar var ki, bu, ailələrə daha çox sərfəlidir. Villanın da qiymətləri yerləşmə yeri, şəraitinə görə dəyişir. Qiymətlər günlük 250-300 manatdan başlayır. Ona görə sərfəlidir ki, villada daha çox adam qala bilir. Hotellərdə isə bir otaqda maksimum dörd nəfər gecələyə bilər, qiyməti də təbii ki, yüksək olur”.
Batumi, Dubay, İstanbul, Maldiv...
Həmsöhbətimizin sözlərinə görə, bayram tətilində ölkə xaricinə gedənlər də az deyil: “Artıq bu ayın əvvəlindən turizm şirkətləri sosial şəbəkələrdə ölkə xaricinə səfərlərlə bağlı müxtəlif təkliflər irəli sürürdü. Batumi, Tbilisi, İstanbul, Doha, Dubay istiqamətlərinə üç-dörd günlük turların qiyməti hoteldə qalma və təyyarə bileti də daxil olmaqla, 400-500 dollar ətrafında dəyişirdi. Eyni zamanda, Misirə də sərfəli turlar mövcuddur. Qiymətlər 500 dollardan başlayaraq, 1000 dollara qədər dəyişir. Hətta Maldiv, Şri-Lanka istiqamətinə də 1000 dollardan başlayan turlar mövcuddur. Vətəndaşların ölkə xaricində istirahət üçün kifayət qədər vaxtları olduğundan, istədikləri ölkəyə rahat səyahət edə bilirlər”.
"Bu tətil qiymətlər əlverişlidir"
Mütəxəssis vurğulayır ki, bayram tətili Ramazan ayına təsadüf etdiyi üçün ölkəyə gələn turistlərin sayında azalma var. Tələbat az olduğu üçün qiymətlər də nisbətən aşağıdır: “Çünki Ramazan ayında, xüsusilə İslam ölkələrindən gələn turistlərin sayı çox olmur. Bu da tələbatın kəskin qalxmasının qarşısını alır. Ona görə də qiymətlər hazırda ötən ilkindən yüksək deyil, hətta ötən illə müqayisədə nisbətən əlverişli qiymətlər əldə etmək mümkündür. Ölkə daxilində də aktivlik əsasən qohum və dost ziyarətlərində daha çox olacaq. Çünki insanlar öz rayonlarına, qohum, dostlarını ziyarətə gedirlər. Amma sırf istirahət üçün hotelə gedənlərin sayı çox olmayacaq, bu da qiymətlərin kəskin artmasının qarşısını alan faktordur”.
"Avropa ölkələrinə maraq azdır"
Turizmçi Sürəyya Axundova deyir ki, 12 günlük tətildə Avropa ölkələrinə maraq azdır: “Avropa ölkələri soyuq olduğu üçün bu tətildə tələbat az oldu. Daha çox Asiya - Tailand, Vyetnam, Maldiv istiqamətinə qeydiyyatlar oldu. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərindən Dubay şəhəri, Türkiyədən İstanbul şəhərinə turistlər tərəfindən maraq daha çoxdur”.
Turizmçi bildirir ki, öncədən rezervasiya edənlər Asiya istiqamətinə bir adam üçün turu 1800-2500 manata əldə etdilər.
"Ən sərfəlisi Lerik və Şəkidir"
S.Axundovanın sözlərinə görə, ölkə daxilində ən sərfəli rayonlar Lerik və Şəkidir: “Quba və Şamaxı Bakıya yaxın olduğu üçün daha bahadır”.
Məlumat üçün bildirək ki, Maldiv turu 2600 manatdan, İstanbul turu və Dubay 1000 manatdan başlayır.
Ən çox turist qəbul edəcək ərazi Qarabağdır
Turizm eksperti Rəhman Quliyev isə deyir ki, tətildə Azərbaycana Rusiyadan, Hindistandan, Pakistandan turistlərin gəlməsi gözlənilir: “Novruz milli bayram olduğu üçün yerli əhali bu bayram tətilinə daha çox maraq göstərir. Xüsusilə də Quba, Qusar, Şəki, Zaqatala, Balakən və Qax istiqamətinə bu tətildə səfər üçün daha çox üstünlük verilir. Bu il ən çox turist qəbul edəcək ərazi isə Qarabağ zonasıdır. Çünki bu, yeni turizm destinasiyasıdır. Şuşada və Xankəndidə fəaliyyət göstərən lüks hotellər, Laçının nisbətən ekonom büdcəli hotelləri Novruz şənlikləri təşkil edəcək, bu da həm o bölgənin əhalisi, həm də yerli turistlər üçün olduqca maraqlıdır”.
Turizm mütəxəssisi deyir ki, 12 günlük tətildə ölkə xaricinə gedənlərin də sayında artım müşahidə olunur: “Ümumi olaraq hər il olduğu kimi bu il də Türkiyəyə gedən yerli turistlərin sayında daha çox artım var. Eyni zamanda Dubay, Misirdə temperatur mülayim olduğu üçün bu istiqamətlərə də maraq olur”.
Aygün Əziz
