bazar ertəsi, 05 dekabr, 07:40

Baku Bakı 3°C

Bakıda təhsil sərgi-yarmarkası keçiriləcək

icon 261 icon 22 sentyabr 2022 | 16:15 Bakıda təhsil sərgi-yarmarkası keçiriləcək

Bakıda təhsil sərgi-yarmarkası - “BYF EduExpo 2022” keçiriləcək.

Bu barədə Kaspi.az-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, təhsil sərgi-yarmarkası Elm və Təhsil Nazirliyinin, KOBİA-nın və Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və “Xəzər” Media Mərkəzinin birgə təşkilatçılığı ilə “Gələcəyini inşa et!” devizi ilə baş tutacaq.

30 sentyabr-2 oktyabr tarixlərində baş tutacaq sərgidə 50 şirkət iştirak edəcək. Sərgi çərçivəsində təhsil, psixologiya və fərdi inkişaf ekspertləri tərəfindən müvafiq mövzularda seminarlar, sərgi iştirakçıları üçün “B2B” və “B2C” görüşlər nəzərdə tutulur.

Sərginin məqsədi təhsil sektorunda xidmət göstərən KOB subyektlərinin tanıdılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi, satış imkanlarının artırılması və bizneslərinin inkişafına dəstək olmaqdır.

Sərgi çərçivəsində ziyarətçilər xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, yerli və beynəlxalq özəl məktəblərin proqramları, aparıcı ali təhsil müəssisələrinə müraciət və qəbul prosesi, təhsil və xidmət haqqı və digər məsələlərlə bağlı məlumat almaq imkanı əldə edəcəklər.

Sərgi haqqında ətraflı məlumat əldə etmək, eləcə də qeydiyyatdan keçmək istəyənlər www.byfeduexpo.kobska.az saytından istifadə edə bilərlər.

Sərgidə iştirak ziyarətçilər üçün tam sərbəstdir.