• cümə, 22 Noyabr, 19:10
  • Baku Bakı 13°C

Bakıda İƏT-in Turizm üzrə Əlaqələndirmə Komitəsinin 8-ci iclası keçirilib

03.05.23 16:18 7082
Bakıda İƏT-in Turizm üzrə Əlaqələndirmə Komitəsinin 8-ci iclası keçirilib

Mayın 3-də Bakıda Azərbaycanın sədrliyi altında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 10 dövlətin iştirakı ilə Əlaqələndirmə Komitəsinin 8-ci iclası keçirilib.

İclasda İƏT-in Baş katibi Hissein Brahim Tahanın tədbir iştirakçılarına salamlama mətni səsləndirilib.

Toplantıya sədrlik edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini qeyd edərək ölkəmizin turizm potensialının işğaldan azad olunmuş torpaqlar sayəsində daha da zənginləşdiyini, Qarabağın artıq beynəlxalq səyahətçilər üçün yeni turizm destinasiyası kimi tanıdıldığını bildirib.

O, iclasın ötən il Azərbaycanın sədrliyi ilə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində qəbul edilmiş mühüm qərarların icra vəziyyətinin və onların tətbiqi məsələlərinin müzakirəsi baxımından faydalı olduğunu qeyd edib.

Müzakirələr çərçivəsində İƏT-in “Turizm Şəhəri Mükafatı” üçün mövcud qiymətləndirmə meyarları haqqında fikir mübadiləsi aparılıb, həmçinin təşkilat tərəfindən müvafiq olaraq 2023 və 2024-cü illər üçün turizm şəhərləri seçilmiş Türkiyənin Şanlıurfa, Özbəkistanın Xivə şəhərlərinin fəaliyyət planları nəzərdən keçirilib və qəbul edilib.

Toplantıda Şanlıurfanın zəlzələdən təsirlənən şəhərlərdən olduğu bildirilib və iştirakçılar İƏT-in bütün müvafiq institutlarını şəhərin yaxın gələcəkdə yenidən qurulmasından sonra turizm potensialının bərpası məqsədilə səmərəli proqram və layihələr hazırlamağa çağırılıblar.

İclas iştirakçıları İƏT-in Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində üzv dövlətlər arasında turizmin inkişafına dair qəbul edilmiş qətnamənin və “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin effektiv icrası ilə əlaqədar təqdimatlarla çıxış ediblər.

Tədbirdə üzv ölkələr İƏT-in noyabr ayında Qətərdə keçiriləcək sayca 3-cü turizm sərgisində fəal iştiraka dəvət olunub.

Əlaqələndirmə Komitəsinin 8-ci iclasının yekununda 9-cu iclasın İƏT Turizm Nazirlərinin 12-ci Konfransı çərçivəsində Özbəkistanda keçirilməsinə razılıq verib.

banner

Oxşar Xəbərlər