• şənbə, 27 Iyul, 06:40
  • Baku Bakı 26°C

Azərbaycanlı futbolçuların Türkiyəyə yolu açılır

15.07.23 06:00 2960
Azərbaycanlı futbolçuların Türkiyəyə yolu açılır

Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iyunun sonlarında qəbul etdiyi qərara görə, klublar növbəti mövsüm bir neçə türk ölkəsindən olan bir futbolçunu yerli statusda oynada bilərlər. Qərar Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistana aiddir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə TFF arasında türk komandalarının növbəti mövsüm bir neçə türk ölkəsindən olan bir futbolçunu yerli statusda oynada biləcəyi ilə bağlı qərarın müzakirəsi 2020-ci ildən başlamışdı. İki ölkə arasında siyasi, sosial, iqtisadi, hərbi və digər sferalarda son illərdə daha da dərinləşən yaxınlaşmanın futbol təsərrüfatında əksi bu ilə təsadüf etdi. Martda Bakıda “Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə oyunu keçirildi. Mayda “Beşiktaş”ın Azərbaycana səfəri baş tutdu və “qara qartal” “Sabah”la üz-üzə gəldi. Son zamanlar tərəflər legioner məsələsini də aktiv müzakirə edirdilər və belə bir qərarın qəbul ediləcəyi gözlənilən idi. Yaxın gələcəkdə AFFA-nın da Türkiyə vətəndaşı olan futbolçularla bağlı oxşar qərar verəcəyi ehtimal edilir.

Hələlik bir transfer baş tutub

Qərardan sonra adı siyahıda olan ölkələr arasında daha çox qazaxıstanlı oyunçuların Türkiyəyə gedişi gündəmə gəlib. Moskva ÇSKA-sında oynayan Baxtiyor Zaynutdinovun adı “Beşiktaş”, digər Rusiya klubu “Zenit”də çıxış edən Nurali Alipin adı isə “Trabzonspor”la yanaşı çəkilir. Super Liqa təmsilçilərinin bu oyunçulara marağının artmasında onların legioner sayılmamasının həlledici rol oynadığı bildirilir. Bu yay Azərbaycandan Türkiyəyə ilk transfer Coşqun Diniyevin keçidi olub. O, yenicə müqavilə imzaladığı “Səbail”i I Liqa təmsilçisi “Ümraniyespor”a dəyişib. 2020-ci ildən “Neftçi”də çıxış edən Mert Çelik isə “Bandırmaspor”un formasını geyinəcək. Onun həm də Türkiyə vətəndaşlığı var. İnsayder məlumatlarına görə, Türkiyə klubları bir neçə azərbaycanlı futbolçuya ciddi maraq göstərirlər. Məsələn, “Eyüpspor” “Neftçi” ilə müqaviləni yeniləyən Emin Mahmudovu heyətinə qatmaq üçün cəhdlər göstərib. Transfer pəncərəsinin sonuna qədər qardaş ölkəyə yollanacaq futbolçularımızın sayının artacağı gözlənilir.

Qərar ildən-ilə daha çox effekt verəcək

Mütəxəssislər hesab edir ki, qərar azərbaycanlı futbolçuların Türkiyəyə yolunu açacaq. Ancaq bu, daha çox növbəti mövsümlərdə effekt verəcək. Azərbaycanın ilk və hələ ki, yeganə rəsmi FIFA lisenziyalı futbol agenti Vaqif Heydərlinin sözlərinə görə, yeni qərar siyahıya daxil olan ölkələrdə futbolun populyarlaşmasına təkan verəcək: “Türkiyədə bir dəfə belə təcrübə olmuşdu. Həmin zaman qərar I Liqaya aid idi. Bir mövsüm azərbaycanlı futbolçular legioner sayılmadılar, ancaq sonra dayandırıldı. Son vaxtlar yenidən bunun üzərində iş gedirdi. Daha çox hüquqi tərəfləri araşdırılırdı. Bunun tam olaraq, necə tənzimləndiyini bilmirəm, amma hər halda qərar qəbul edildi. Düşünürəm ki, müsbət addımdır. Təsirləri mütləq olacaq. Ola bilsin ki, ilk mövsümdə çox da hiss olunmasın. Amma zaman keçdikcə müsbət mənada təsirləri olacaq. Bu, futbolun populyarlığı, göz önünə çıxması kimi amillərdə rol oynayacaq. Futbolçularımız artıq bir az daha şanslı olacaqlar”.

Keyfiyyət lazımdır...

Menecer bildirir ki, bu, azərbaycanlı oyunçular üçün şansdır, ancaq onlar keyfiyyətlərini artırmalıdırlar: “Futbolçularımızın Türkiyəyə axını gözlənilmir. Super Liqa və I Liqanın bəlli səviyyəsi var. Əvvəllər həvəskar liqada belə qərar var idi və bir çox oyunçu ora üz tuturdu. Amma indi hər futbolçu gedə bilməyəcək. Məsələ ondadır ki, Azərbaycanda da futbolçu qıtlığıdır. Türkiyədən təklif alan milli üzvləri var. Ancaq eyni zamanda onlar burada top-klublarda oynayır və yüksək əməkhaqqı alırlar. Türkiyədə oynamaq üçün keyfiyyət lazımdır. Hər Azərbaycan pasportu olan futbolçunu götürməyəcəklər. Keyfiyyət amili ortaya çıxacaq”. Futbolçuların müqaviləsinin olması şansı azaldır V.Heydərlinin sözlərinə görə, qərar qəbul edildikdən sonra Türkiyə klublarında azərbaycanlı futbolçulara maraq artıb: “Bildiyim qədərilə çox oyunçumuza maraq var. Sadəcə, burada maliyyə məsələsi ortaya çıxır. Türkiyə klubları son dövrlərdə maddi baxımdan çətinlik yaşayırlar. Əksəriyyəti futbolçu transferinə pul xərcləmək istəmir. Azərbaycanda da Türkiyədə oynamaq bacarığı olan futoblçuların böyük əksəriyyətinin klubları ilə müqavilələri var. Sərbəst olanda şans daha çox olur, müqavilə isə şansı azaldır. Məncə, bir çox futbolçumuzda hazırda bu maneə var. Ancaq qərardan sonra maraq artıb. Müqaviləsi bitdikdən sonra bir çox futbolçu rahat gedə bilər. İldən- ilə say daha da artacaq”. Yekunlaşdırsaq, qərar kifayət qədər proqressivdir. Bu, ölkə xaricinə çıxmaqda və legioner kimi uğurlu olmaqda çətinlik çəkən azərbaycanlı futbolçular üçün kifayət qədər böyük şansdır. İndi vacib olan onların komfort zonalarından uzaqlaşma istəyidir.

Faiq

banner

Oxşar Xəbərlər