• bazar, 09 Noyabr, 03:50
  • Baku Bakı 12°C

Azad torpaqlarda idman nəfəsi

09.11.25 01:22 64
Azad torpaqlarda idman nəfəsi

Zəfər təkcə hərbi qələbə deyil, həm də ruhun, həyatın, mədəniyyətin və idmanın qələbəsidir. Azad edilmiş ərazilərdə keçirilən hər bir yarış Azərbaycanın yenidənqurma və birləşmə gücünü nümayiş etdirir.

İşğaldan azad edilmiş torpaqlarda dirçəlişin simvollarından biri də idmandır. Silah səslərinin susduğu, sülhün və yenidənqurmanın başladığı bu torpaqlarda artıq start fitləri, finiş xəttindəki sevinc qışqırıqları eşidilir. Azərbaycan dövləti idmanı Böyük Qayıdışın sosial dayaqlarından biri kimi dəyərləndirir və bu yanaşma son illərdə ardıcıl şəkildə reallaşdırılır.

Suqovuşanda ilk dalğalar

İdman tariximizdə azad edilmiş ərazilərdə keçirilən ilk beynəlxalq yarış Suqovuşanda baş tutdu. 2022-ci il mayın 6-da “Prezident Kuboku” üzrə avarçəkmə yarışı təkcə idman hadisəsi deyildi, yeni həyatın başlanğıcı idi. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə reallaşan yarışda müxtəlif klubların idmançıları mübarizə apardılar.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş turnirin açılış mərasimi və ilk yarış günü Suqovuşanda olub. Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatıldığı reqatada idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə apardılar. Bu yarışdan sonra bölgə ildə bir neçə dəfə təlim-məşq toplanışlarının və müxtəlif turnirlərin keçirildiyi məkan kimi fəaliyyət göstərir.

Uca dağlar başında

Şuşa təkcə musiqi və mədəniyyətin deyil, artıq idmanın da mərkəzlərindən birinə çevrilir. 2022-ci ilin sentyabrında orada ilk şahmat turniri baş tutdu. Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş “Shusha Chess”də azərbaycanlı qrosmeysterlərlə yanaşı dünyanın aparıcı “iti zəka sahibləri” də çıxış etdilər. 2024-cü ildə isə Şuşa mərhum şahmatçımız Vüqar Həşimovun xatirə turnirinə ev sahibliyi etdi. 

12-13 iyun 2023 tarixlərində şəhərdə FIBA-nın 3x3 Qadın Seriyası turnirinin bir mərhələsi təşkil olundu. Bu, azad edilmiş ərazilərdə keçirilən ilk beynəlxalq basketbol yarışı oldu. Dünyanın müxtəlif ölkələrindən gəlmiş qadın basketbolçuların Şuşada çıxış etməsi Azərbaycanın qadın idmanına verdiyi dəstəyin göstəricisi kimi diqqət çəkdi.

Həmin yay Şuşa daha bir beynəlxalq tədbirə – “Əziz Şuşa” velosiped yarışına ev sahibliyi etdi. Yarış Beynəlxalq Velosipedçilər İttifaqının təqviminə daxil idi və Qarabağ yolları boyunca təşkil olundu. İdmançılar məhz Şuşada finiş xəttini keçdilər. Bu, həm bölgənin təhlükəsizliyinin təmin olunduğunu, həm də beynəlxalq turnirlərin keçirilməsinə texniki şəraitin mövcudluğunu nümayiş etdirdi.

İdmanın şahı Xankəndidə

İdman həyatının bərpasında Xankəndinin rolu xüsusilə diqqət çəkir. Orada idman həyatının bərpasında ən yaddaqalan hadisə 2023-cü ilin dekabrında yaşandı. 21 dekabr 2023-cü ildə Xankəndi şəhər stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ” və MOİK komandaları üz-üzə gəldi. Bu, torpaqlarımız azad olunduqdan sonra Qarabağda keçirilən ilk futbol oyunu idi. Azərbaycan Prezidenti İlham Əliyevin sözügedən oyunda iştirak etməsi də bu hadisənin əhəmiyyətindən xəbər verir. Tədbir təkcə idman hadisəsi deyil, həm də milli birliyin nümayişi oldu. 

III MDB Oyunları

Keçən il ilk dəfə Xankəndi - Bakı ultramarafonu keçirildi. İştirakçılar 380 km qət edərək finişə paytaxtımızda çatdılar. Bu ilin aprelində isə Qəbələ - Xankəndi ultramarafonu baş tutdu. 192 km məsafəni qət edən idmançılar Xankəndidə finişə çatdılar. Bu yarışlar bir növ dözümlülüyün simvolu idi.

Bu il Xankəndi şəhəri üçün daha bir önəmli mərhələ başladı. III MDB Oyunları çərçivəsində kamandan oxatma yarışları burada keçirildi. Turnir yüksək səviyyədə təşkil olundu və Xankəndinin beynəlxalq idman xəritəsindəki yerini möhkəmləndirdi.

“İmarət” yenidən doğulur

Azərbaycan futbol tarixinin simvollarından biri olan “İmarət” stadionu artıq yenidən inşa edilir. 2024-cü ilin 19 sentyabrında Prezident İlham Əliyev Ağdamda yeni stadionun təməlini qoydu. Yeni arena UEFA-nın IV kateqoriyası standartlarına uyğun olaraq layihələndirilib və 11 700 tamaşaçı tutumuna malik olacaq. Stadionun açılışı 2026-cı ilə planlaşdırılır. Bu, Ağdamın və bütövlükdə Qarabağın idman infrastrukturu baxımından ən mühüm bərpa layihələrindən biridir.

Yeni infrastruktur – gələcəyə baxış

Azad edilmiş ərazilərdə idman infrastrukturu da qurulur. Xankəndi şəhər stadionunun yenidən qurulması, “İmarət” stadionunun tikintisi, irili-xırdalı digər idman infrastrukturu layihələrinin icrası Böyük Qayıdışa dair Dövlət Proqramının tərkib hissəsidir. Yaxın illərdə bir sıra idman obyektlərinin istifadəyə verilməsi planlaşdırılır. Bu layihələr həm yerli gənclərin idman fəaliyyətinə qoşulmasına, həm də beynəlxalq turnirlərin keçirilməsinə şərait yaradacaq. Ərazilərdə artıq federasiyaların təlim-məşq düşərgələri, uşaq idman məktəbləri və gənclər liqaları üçün planlar təsdiqlənib.

Zəfər təkcə hərbi qələbə deyil, həm də ruhun, həyatın, mədəniyyətin və idmanın qələbəsidir. Azad edilmiş ərazilərdə keçirilən hər bir yarış Azərbaycanın yenidənqurma və birləşmə gücünü nümayiş etdirir.

 

banner

Oxşar Xəbərlər