• cümə, 27 Dekabr, 05:13
  • Baku Bakı 9°C

Super Liqada qaydalar dəyişir

20.01.24 01:44 6860
Super Liqada qaydalar dəyişir

Bu mövsüm Super Liqanın hər bir klubuna beş türkdilli ölkə - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan bir oyunçunu yerli statusunda oynatmağa icazə verilirdi. Ancaq növbəti mövsümdən adıçəkilən ölkələrdən olan oyunçulara edilən bu güzəşt ləğv olunur.


Türkiyə Futbol Federasiyası (TFF) Super Liqada legioner futbolçularla bağlı qaydaları yenidən dəyişdirib. Son illər bir neçə dəfə yenilənən və hər dəfə klubların narazılıqları ilə qarşılanan qaydalar qarşıdakı beş ildə fərqli formatda tətbiq olunacaq. Beş illik dövrün özü də iki hissəyə bölünüb. 

Əsas heyətdə limit olmayacaq

Hazırda Türkiyə Super Liqası klubları iştirak ərizəsinə 14 legioner futbolçunun adını daxil edə bilirlər. Onlardan səkkizinin elita matçlarında start heyətdə yer almasına icazə verilir. Növbəti üç mövsümdə ümumi legioner sayı 14-dən 12-yə salınacaq. Daha sonra isə əcnəbi oyunçu sayı 11-ə endiriləcək. Bununla yanaşı, start heyətə qoyulan limit aradan qaldırılıb. Komandalar çempionat matçlarına 11 legioner futbolçu ilə çıxa biləcəklər. Mütəxəssislər hesab edirlər ki, bu, baş məşqçilərin oyun günü heyəti formalaşdırmaqda əl-qolunu açacaq. Əgər əvvəllər legionerlərdən tam yararlanmaq mümkün olmurdusa, növbəti mövsümdən hazır əcnəbi oyunçunun sırf limit səbəbindən heyətdən kənar qalması problemi olmayacaq. Yeni qərarın ən müsbət tərəfi də məhz bu hesab edilir.

Yerli oyunçulara meyillilik artacaq?

Yeni qaydalara əsasən, klubların sifariş ərizəsindəki maksimum say 30-dan 26-ya endirilib. Bu, transfer fəaliyyətinin daha səmərəli təşkil olunmasına hesablanıb. Əvvəllər klublar lazımlı-lazımsız çoxlu oyunçu gətirirdilər və bir çox hallarda mövsüm heç yarılanmamış onlardan bir neçəsi ilə yollar ayrılırdı.

Siyahıdakı 26 oyunçunun ilk üç mövsümdə 14-ü, sonrakı ikisində 15-i Türkiyə milli komandasında oynamağa yararlı olmalıdır. Start heyətdə 11 əcnəbi futbolçunun oynamasına icazə verilməsinə baxmayaraq, onların ümumi sayının azaldılması, üç mövsüm sonra 11-ə endirilməsi yerlilərin oyun şansını artırır. Əlbəttə, heç də hər oyun 11 legionerin hamısı tam hazır olmayacaq və onları yerlilər əvəz edəcəklər.

Türk oyunçularla bağlı daha bir maraqlı məqam klubların öz yetirmələrini oynatması ilə bağlıdır. Növbəti üç mövsümdə iki, daha sonra isə üç klub yetirməsi iştirak ərizəsində yer almalıdır. Daha beş oyunçu isə digər Türkiyə klublarının akademiyalarında yetişmiş olmalıdır.
Start heyətdə legioner sayına məhdudiyyət qoyulmaması yerli oyunçuları daha rəqabətli mühitin gözlədiyini söyləməyə əsas verir. Belə ki, əgər buna qədər üç türkiyəli oyunçu məcburən meydana çıxırdısa, bundan sonra onlar əcnəbilərlə mübarizədə oynamağa layiq olduqlarını sübut etməlidirlər.

Eyni zamanda, klublar yerli oyunçu oynatmağa təşviq olunacaq. Legionerlərin qeydiyyatı üçün Türkiyə Futbol Federasiyasına ödənəcək məbləğlərdən fond formalaşdırılacaq və daha çox yerli oyunçuya imkan yaradan klublara ödənişlər ediləcək. Məbləğlər hələlik açıqlanmayıb.

Azərbaycanlı oyunçulara edilən güzəşt aradan qaldırılır

Bu mövsüm Super Liqanın hər bir klubuna beş türkdilli ölkə - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan bir oyunçunu yerli statusunda oynatmağa icazə verilirdi. Ancaq növbəti mövsümdən adıçəkilən ölkələrdən olan oyunçulara edilən bu güzəşt ləğv olunur. Yəni gələcəkdə artıq azərbaycanlı futbolçular Türkiyə Super Liqasında legioner statusunda oynamalı olacaqlar. Yalnız hazırda elita klublarında oynayan və müqaviləsi növbəti mövsümləri əhatə edən futbolçular mövcud sözləşmə əsasında yerli kimi oynaya biləcəklər. Məsələn, “Adana Demirspor”la müqaviləsi 2025-ci ilin yayına qədər olan Şahruddin Məhəmmədəliyev növbəti mövsümü də yerli statusunda çıxış edə biləcək. Lakin o, klubunu dəyişəcəyi və ya müqaviləsini yeniləyəcəyi halda artıq əcnəbi kimi qeydiyyata alınacaq.

Mənfi cəhətlər

Start heyətdə legioner oyunçulara limitin qoyulmaması hər nə qədər müsbət qarşılansa da, əcnəbi oyunçuların ümumi sayına tətbiq edilən məhdudiyyətlər klubların müəyyən narazılığına səbəb olub. Çünki faktiki olaraq komandaların meydana 11 əcnəbi ilə çıxmaq ehtimalı kifayət qədər aşağıdır. Üç mövsüm sonra isə bu, daha da azalacaq.

Daha bir mənfi məqam kifayət qədər radikal hesab olunan qaydaların artıq növbəti mövsümdən qüvvəyə minməsidir. Klublar legioner sayını 14-dən 12-yə endirməlidirlər. Hər bir legionerin davam edən müqaviləsinin olduğu nəzərə alındıqda elita təmsilçiləri qısa müddətdə onlardan bəzilərini göndərməyin yollarını axtarmaq məcburiyyətində qalacaqlar. Mütəxəssislər hesab edirlər ki, bu miqyasda qərar azı bir mövsüm öncədən elan olunmalıdır.

İstənilən halda, yeni qaydaların müsbət tərəfləri daha çoxdur. Klubların istəkləri nəzərə alınır, yerli və legionerlər üçün bərabər imkanlar yaradılır, klubların akademiyalarına diqqət etməsi təşviq olunur, rəqabət mühiti yaradılır. 

banner

Oxşar Xəbərlər