• cümə, 26 Iyun, 05:39
  • Baku Bakı 25°C

“Qarabağ” yenilənmə yolunda

26.06.26 02:26 20
“Qarabağ” yenilənmə yolunda

Yay transfer dövründə Ağdam klubunun ciddi yenilənmə prosesinə başlaması gözlənilən idi. Klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanov anlayırdı ki, eyni heyətlə əvvəlki uğurları təkrarlamaq çətin olacaq. 

Azərbaycan futbolunda son illərin ən böyük hadisələrindən biri 2025/26 mövsümündə baş verdi. Uzun illər ölkə futbolunda hegemonluq edən “Qarabağ” mövsümü titulsuz başa vurdu. Ağdam təmsilçisi Avropada tarix yazaraq UEFA Çempionlar Liqasının liqa mərhələsindən pley-off mərhələsinə yüksəlməyi bacarsa da, ölkə daxilində gözlənilməz uğursuzluqlarla üzləşdi. Komanda Premyer Liqada çempionluğu “Sabah”a uduzdu, Azərbaycan Kubokunda yarımfinalda da eyni rəqibə məğlub olaraq mübarizəni dayandırdı. 

Yenilənmə zərurəti

Bu baxımdan, yay transfer dövründə “Qarabağ”ın ciddi yenilənmə prosesinə başlaması gözlənilən idi. Klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanov anlayırdı ki, eyni heyətlə əvvəlki uğurları təkrarlamaq çətin olacaq. Komandada həm fiziki, həm də psixoloji yorğunluq hiss olunurdu. Bir sıra futbolçular illərlə qazanılan uğurlardan sonra əvvəlki motivasiyanı itirmiş təsiri bağışlayırdı. Digər tərəfdən, Avropadakı uğurlu çıxışdan sonra bəzi aparıcı oyunçular xaricdən sərfəli təkliflər almağa başlamışdı. Mütəxəssislərin fikrincə, bu, onların tam olaraq Ağdam təmsilçisinə fokuslanmasına imkan vermirdi. Belə vəziyyətdə kollektivə yeni nəfəs, enerji və rəqabət gətirmək zərurətə çevrilmişdi.

Dəyişikliklərin ilk dalğası

Transfer bazarında ilk növbədə ayrılıqlar diqqət çəkdi. Son illərdə komandanın əsas simalarından olan Toral Bayramov, Kevin Medina və Emmanuel Addainin gedişi ən çox müzakirə olunan hadisələrdən oldu. Toral yeni mövsümdən legioner həyatı yaşayacaq. Milli komandamızın üzvü Türkiyənin “Bursaspor” klubu ilə müqavilə imzaladı. “Qarabağ” onun gedişindən müəyyən məbləğdə gəlir də əldə edib. Addai və Medina isə komandadan azad agent kimi ayrılıblar. Emmanuelin adı “Böyük beşlik” ölkələrinin klubları ilə yanaşı hallanırsa, Kevin Asiyaya üz tutacaq. Adıçəkilən futbolçulardan başqa qapıçılar - Fabian Buntiç və Amin Ramazanov, hücumçu Ramil Şeydayev yola salınıb, müdafiəçi Sami Mmae isə müqavilə ilə məxsus olduğu Zaqreb “Dinamo”suna qayıdıb. Marko Yankoviç, Leandro Andrade kimi oyunçuların da komandanı tərk etmək ehtimalının olduğu bildirilir. Ötən mövsüm seyvləri ilə Çempionlar Liqasında diqqət çəkən Mateuş Koxalskinin də Ağdam klubundan getmək istədiyi ilə bağlı məlumatlar var. Eyni zamanda, bir müddət əvvəl əvəzedici heyətə göndərilən Abbas Hüseynov və Elvin Cəfərquliyevin də komandanı tərk edəcəyi iddia edilir. Düzdür, Elvin Avstriya toplanışına aparılıb və baş məşqçinin onu bağışladığı bildirilir. Bununla belə, futbolçunun legioner həyatı yaşamaq ehtimalı da yüksək qiymətləndirilir. Abbas isə Avstriyaya gedən heyətdə yoxdur.

Yeni transferlər göstərir ki...

Yeni transferlər isə göstərir ki, “Qarabağ” bütün mövqeləri gücləndirməyə çalışır. İsveçin “Yurqorden” klubundan transfer olunan Zakaria Savo mərkəz hücumçusu mövqeyində rəqabəti artırmalıdır. Fiziki gücü və hərəkətli oyunu ilə seçilən futbolçu komandanın hücum xəttinə fərqli xüsusiyyətlər gətirə bilər. Sol cinah üçün heyətə cəlb edilən Jali Muaddib isə sürətli və texnikalı oyunçu kimi tanınır. O, artıq əvvəlki performansını göstərə bilməyən Abdullah Zubiri əvəz etməlidir. Bundan başqa, qapı xəttinə hazırda Bosniya və Herseqovina millisinin heyətində dünya çempionatında olan Martin Zlomisliç transfer olunub. Bruno Lanqa müdafiəni, Samuel Lobato isə yarımmüdafiəni gücləndirməlidir.

Transfer pəncərəsi hələ bağlanmayıb

“Qarabağ”ın transferləri hələ tamamlanmış hesab edilmir. Bir neçə aparıcı futbolçuya xarici klublardan marağın olduğu bildirilir. Klubun bəzi təklifləri dəyərləndirdiyi, müəyyən mövqelər üçün isə yeni namizədlər üzərində işlədiyi məlumdur. Xüsusilə, müdafiənin mərkəzi, cinah hücumçuları və hücum xəttində əlavə dəyişikliklərin baş verməsi ehtimalı yüksək görünür. Avqustun sonuna qədər heyətin bugünkü görünüşü tamamilə dəyişə bilər. 

Ötən mövsüm cəlb olunan bəzi futbolçuların gözləntiləri doğrultmaması klub rəhbərliyini daha diqqətli olmağa vadar edir. Komanda artıq yalnız keyfiyyətli futbolçu almağa deyil, eyni zamanda kollektivə uyğun oyunçu seçməyə çalışır. Yeni transferlərin fərdi keyfiyyətləri ilə yanaşı sistemə uyğunluğu da vacibdir. Bu baxımdan yayda edilən dəyişikliklər komandanın yaş balansını yeniləməyə və rəqabəti artırmağa hesablanıb.

“Qarabağ” yeni mövsümə fərqli ovqatda daxil olur 

Yenilənmənin əsas məqsədi ölkə futbolunda liderliyi geri qaytarmaqdır. Klub yeni mövsümə çempionluq iddiası ilə başlayacaq və “Sabah”ın yaratdığı rəqabət fonunda bu mübarizə artıq indidən böyük maraq vəd edir.

Avropada isə əsas məqsəd UEFA Avropa Liqasının əsas mərhələsinə yüksəlməkdir. Ağdam təmsilçisi mübarizəyə İslandiyanın “Vestri” klubu ilə başlayacaq. Rəqib kağız üzərində “Qarabağ”dan xeyli zəif görünür və bu amil yeni transferlərin komandaya uyğunlaşmasında, oyun üslubunun formalaşmasında ağdamlılara kömək edə bilər.

Bir sözlə, “Qarabağ” yeni mövsümə əvvəlki illərdən fərqli ovqatda daxil olur. İndi komanda özünü yenidən sübut etməyə çalışır. Yayda başlanan dəyişikliklər göstərir ki, klub rəhbərliyi ötən mövsümün yekunlarından narazıdır və müəyyən nəticələr çıxarılıb. 

 

banner

Oxşar Xəbərlər