AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Neftçi” İtaliyadan pleymeker alır

“Neftçi” İtaliyadan pleymeker alır

İdman
13 İyun 2013, 17:36 1110
Azərbaycan Premyer Liqasında ilk dəfə italiyalı futbolçu çıxış edə bilər. Lent.az-ın “La Gazzetta Dello Sport”a istinadən verdiyi məlumata görə, “Neftçi” klubu İtaliya “Palermo”su ilə Nikolas Violanın transferinə dair prinsipial razılığa gəlib.

Keçidin rəsmiləşməsi üçün Violanın satış hüququnun yarısına malik “Recina”nın da razılığı lazımdır. Xəbəri “Palermonews.it”ə açıqlamasında 24 yaşlı pleymekerin vəkili Paolo Dattola da təsdiqləyib. O bildirib ki, “Neftçi”nin təklifi realdır və hələ yanvarda irəli sürülüb: “Həmin vaxt bu məsələnin həlli mümkün deyildi. Çünki yanvarda “Palermo”da radikal dəyişikliklər etməyə gərək yox idi. Amma indi hər şey başqa cürdür. Viola tezliklə bu varianta dair qərarını verməlidir. Əlbəttə, təklif cəlbedicidir. “Neftçi” Çempionlar Liqasına vəsiqə qazanıb. Təsnifat mərhələsindən keçə bilməsə, Avropa Liqasının qrup mərhələsində oynaya bilər”.

Dattolanın sözlərinə görə, Violanın birdəfəlik satışı yox, 1 illik icarəyə verilməsi mümkündür. Lakin “Palermo” və “Recina” müştərək mülkiyyətinə münasibətdə niyyətlərini açıqlamayıb: “Onlar nə etməli olduqlarına qərar verməli, sonra alternativ variantları nəzərdən keçirməlidirlər”.

Qeyd edək ki, Nikolas Viola peşəkar futbolçu karyerasına 2008-ci ildə “Reccina”da başlayıb. O, 4 mövsüm ərzində 70 oyuna 13 qol vurub. 2012-ci ildə “Palermo”ya keçən Viola ötən müddətdə 6 oyuna çıxıb. Yarımmüdafiəçi İtaliyanın 17, 18 və 19 yaşadək yığmalarına da çağırılıb. Onun kiçik qardaşı Alessio Viola da futbolçudur. 23 yaşlı hücumçu müqavilə ilə “Recina”ya məxsusdur. “Palermo” 2012-2013-cü il mövsümündə İtaliya A seriyasında 18-ci yeri tutaraq, B seriyasına enib.