• çərşənbə, 16 Oktyabr, 02:08
  • Baku Bakı 16°C

Nağılı gerçək edən qonşularımız 

30.03.24 00:41 5685
Nağılı gerçək edən qonşularımız 

Tarixlərində ilk dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanan Gürcüstan yığması ölkəni sevincə qərq edib. Yığmanın futbolçuları AVRO-2024-ün final mərhələsinə vəsiqə qazandıqlarına görə “Şərəf” ordeni ilə təltif olunacaqlar.


Bu yay Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin son iştirakçıları da müəyyənləşib. UEFA Millətlər Liqasının pley-off yolu ilə üç milli komanda “köhnə qitə”nin ən güclü 24 yığması arasına düşməyi bacarıb. Onlardan ikisi mütəmadi olaraq böyük turnirlərin final mərhələlərində iştirak etdiklərindən bunu adi hal hesab etmək olar, lakin biri üçün tamamilə yeni və xüsusi hadisədir.

Fərqli ssenarilər, ortaq nəticə

Millətlər Liqası seçmə mərhələdən birbaşa Avropa çempionatına yüksəlməyi bacarmayan yığmalar üçün ikinci şansdır. Bu dəfə pley-off vasitəsilə Polşa, Ukrayna və Gürcüstan arzusuna çatdı. Polyaklar A yolunun yarımfinalında Estoniyanı darmadağın etdilər – 5:1. Finalda isə rəqib daha güclü Uels idi. Əsas və əlavə vaxtda qalib müəyyənləşməyincə, AVRO-2024-ə vəsiqənin taleyi penaltilər seriyasında həll olundu. “Lotereya”da isə polyaklar 5:4 üstün oldular.

Ukrayna yarımfinal və finalda eyni hesabla qalib gəldi. Oyunların ssenarisi də oxşar alındı. Əvvəlcə Bosniya və Herseqovina ilə görüşdə 0:1 geri düşən ukraynalılar yekunda 2:1 üstün olub həlledici qarşılaşmada oynamaq hüququ qazandılar. İslandiya ilə final qarşılaşmasında da Ukrayna ilk hissəni məğlub tamamladı. Lakin komanda fasilədən sonra toparlanaraq geridönüş etməyi bacardı və Almaniyaya bilet əldə etdi.
Gürcüstan yığması isə yarımfinalda Lüksemburqu 2:0 üstələdi. Həlledici qarşılaşmada komandanın rəqibi Qazaxıstanı 5:0 yenən Yunanıstan idi. Yunanlar cütün favoriti hesab olunurdular. Lakin Tbilisidəki Boris Payçadze adına stadionda keçirilən qarşılaşmanın əsas və əlavə vaxtında qol vurulmadı. Penaltilər seriyasında 4:2 üstün olan gürcülər tarixlərində ilk dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazandılar.

Gürcülər bunu necə bacardılar?

Gürcüstan millisinin tarixi uğurunun təməlini sistemli işdə axtarmaq lazımdır. Məşhur fransız Villi Sanyol 2021-ci ilin əvvəlindən qonşu ölkənin millisini çalışdırır. Daha öncə seçmə mərhələlərdə yaşanan uğursuzluqlar, heyətin kifayət qədər parlaq olmasına baxmayaraq, göstərilən oyunun baxımlı olmaması onu tənqid hədəfinə gətirmişdi. Lakin federasiya 47 yaşlı mütəxəssisə güvəndi və nəticəsini gördü.
Ümumiyyətlə, son illərdə gürcülər uşaq futboluna ciddi diqqət ayırırlar. Bu, özünü xüsusilə lazımi infrastrukturun qurulmasında göstərir. Qonşu ölkədə bir çox klublar yaxşı bazaya və futbol məktəbinə sahibdirlər. Hazırda yığmanın əsasını təşkil edən gənc oyunçular məhz son illərdə yetişib üzə çıxanlardır.

Bundan başqa, əgər əvvəllər Gürcüstan klub futbolu yalnız Tbilisi “Dinamo”su ilə assosiasiya olunurdusa, son illərdə öncə “Saburtalo”, ardınca Batumi “Dinamo”su da gücləndi. Sözügedən klublar yerli futbolçuların üzə çıxmasında və Avropanın daha ciddi liqalarına yollanmasında böyük rola malikdirlər.

Rəqabətə davamlı oyunçular

Gürcüstan futbolunda diqqətçəkən məqamlardan digəri oyunçuların ölkə xaricinə rahat çıxışı və yeni klublarında rəqabətə davamlı ola bilməsidir. Hazırda yığmada Xviça Kvaratsxeliya və Giorgi Mamardaşvili kimi ulduzlar oynayırlar. Digər oyunçuların da əksəriyyəti “Böyük beşlik” ölkələrinin ya əsas, ya da aşağı liqalarında adlarından söz etdirməyi bacarırlar. Kvaratsxeliya və Mamardaşvili kimi nümunələr Avropada “gürcü bazarı”na marağı artırır və get-gedə onların daha güclü liqalara yolu açılır.

Gürcüstan futbol çempionatı hazırda Avropada heç də ən güclülərdən deyil. Yuxarıda adını sadaladığımız klublar üçün qitəmiqyaslı yarışlar prioritet deyil. Onlar legioner oyunçular üçün böyük vəsait xərcləmirlər. Əksinə, əllərində olan yerli oyunçuların parıldaması və onların satışı ilə pul qazanırlar. Klublarda məvaciblərin yuxarı olmaması isə potensiallı yerli oyunçuları xaricə köçməyə sövq edir.

150 milyon dəyəri olan milli 

Gürcüstan millisinin heyətinin ümumi dəyəri 150 milyon avrodan bir qədər artıqdır. Bunun böyük hissəsi Mamardaşvili və Kvaratsxeliyanın payına düşür. Lakin yığmada Saba Sazonov, Giorgi Qoçoleişvili, Anzor Mekvabişvili, Otar Kiteişvili, Zuriko Davitaşvili, Giorgi Mikautadze, Giorgi Çakvetadze kimi adlar da var. Onların əksəriyyəti gəncdir və son bir neçə ildə parlayıblar. Bu futbolçular hələ bir neçə il də Gürcüstan millisini çiyinlərində daşımağa qadirdirlər.

“Şərəf” ordenli komanda

Gürcüstan millisinin futbolçuları AVRO-2024-ün final mərhələsinə vəsiqə qazandıqlarına görə “Şərəf” ordeni ilə təltif olunacaqlar. Bu barədə ölkənin baş naziri İrakli Kobaxidze bildirib. Ümumiyyətlə, yığmanın uğuru ölkədə milli bayram ab-havası yaradıb. Yunanıstanla matçda Nika Kvekveskirinin son penalti zərbəsindən sonra azarkeşlərin Boris Payçadze stadionunun meydançasına axışması da bunun təzahürü idi.
Gürcüstan millisi AVRO-2024-ün final mərhələsində Portuqaliya, Çexiya və Türkiyə ilə eyni qrupda oynayacaq. Belə bir qrupda komandanın uğur qazanmaq şansı çox cüzidir. Lakin yığmanın futbolçuları artıq indidən gürcü azarkeşlərin qəhrəmanına çevriliblər. Bu nəticənin ölkədə futbolun inkişafına təkan vermək ehtimalı yüksək qiymətləndirilir. Bu templə yaxın gələcəkdə yeni kvaratsxeliyalar, mamardaşvililər, kaladzelər, kinkladzelər yetişəcəyi istisna deyil.

banner

Oxşar Xəbərlər