• bazar ertəsi, 30 dekabr, 21:09
  • Baku Bakı 6°C

Messi və dostlarından qalan xatirə 

14.12.24 00:46 1019
Messi və dostlarından qalan xatirə 

Bu görüş hamı üçün böyük sevinc və coşqu idi. Ulduz futbolçunun görüşünə gələnlər arasında hətta Türkiyədən və ölkəmizin regionlarından olan azarkeşlər də vardı.

“Leonel Messi və komanda yoldaşları Bakıya gəlir...” Bu xəbər təkcə idmansevərlər üçün deyil, ulduz futbolçunun adını eşidən hər kəs üçün sakit havada ildırım çaxması kimi səsləndi. Argentina millisinin və ABŞ-nin “İnter Mayamı” komandasının əfsanəvi futbolçusunun milyonlarla fanatı günləri sayaraq o anı gözlədi.. 

Bakı Kristal Zalında (Christall Holl) əfsanəvi futbolçu və komandası ilə - Luis Suarez, Serxio Buskets və Xordi Alba ilə keçiriləcək görüşə bütün biletlər xeyli qabaqdan satıldı...

“Messini sevməyən futbolu sevmir” fikrini isə dekabrın 11-də canlı əfsanə və komandası ilə keçirilən görüşdəki izdiham bir daha təsdiqlədi. Bəli, Messi təkcə futbolçu deyil, bir epoxanın simvoludur. Onun dövlətlərin əhalisinə bərabər pərəstişkarlar ordusu var. Bir sıra ekspertlər və futbolçular onu “bütün zamanların ən yaxşı oyunçusu” adlandırıblar. Dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatının qalibidir. “Time” jurnalına görə, dəfələrlə planetin 100 ən nüfuzlu adamı siyahısına daxil edilib. 

Xoş təəssüratlarla...

Dekabrın 11-də Azərbaycana gələn futbol əfsanəsi və komandası üçün tərtib edilən proqram da kifayət qədər sıx idi. 

Leonel Messi və dostları Luis Suares, Serxio Buskets, Xordi Alba öncə Bakıdakı Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər. Futbolçular Ümummilli Liderin xatirəsini anıb, məzarı önünə “Messi və onun komandası” adından əklil qoydular.

Futbolçuların növbəti dayanacağı Binə Atçılıq Mərkəzində Qarabağ atları ilə tanışlıq oldu. Onlara Qarabağ atlarının özünəməxsusluğu nümayiş etdirildi. Bu, qonaqlarda xoş təəssürat yaratdı.

Dünya futbolunun əfsanəsi və komanda yoldaşları Heydər Əliyev Mərkəzini də ziyarət ediblər. Mərkəzin direktoru Anar Ələkbərovla görüşən qonaqlar burada təqdim olunan sərgiləri də izləyiblər. 

Qarşıda isə futbolçuları günün ən böyük tədbirində - Bakı Kristal Zalında fanatlarının toplaşdığı izdiham gözləyirdi...

Minlərlə insanın sevgisi

Messi və dostlarının Azərbaycandakı pərəstişkarları ölkənin ən böyük konsert salonuna toplaşmışdılar. Bu görüş hamı üçün böyük sevinc və coşqu idi. Kütlə arasında futbolçunu görmək üçün Türkiyədən və ölkəmizin regionlarından gələn azarkeşlər də vardı. Minlərlə fanatın qatıldığı tədbirə Bakının uşaq evlərinin sakinləri, sağlamlıq imkanları məhdud uşaqlar və şəhid övladları da dəvətli idi. Zal futbolçunun 10 nömrəli maykasını, əvvəllər oynadığı “Barselona” klubunun formasını geyən uşaq və yeniyetmələrlə dolu idi. Qonaqlar əllərdə şəkillər, maykalar və ürəklərdə böyük sevgi ilə qarşılanırdı. Böyük futbola və onun ulduzlarına sonsuz sevginin bütün dərinliyini bu nəhəng salonda müşahidə etmək mümkün idi... Bu sevgi üçünsə dünyanın hər bir  tərəfinə getməyə dəyər.

Təbii ki, həm bir futbol azarkeşi, həm də Messinin ta “Barselona”dan fanatı kimi mən də izdihama qarışmışdım... 

“Həssas qruplarla görüş üçün buradadırlar”

Əvvəlcə səhnədə “Natiq” ritm qrupunun ifası səsləndi. Daha sonra məşhur bəstəkar və müğənni Willy William və “Morandi” qrupu mahnı və performansla zalı ələ aldılar. 

Leonel Messinin futbol karyerasına həsr olunan “Argentina futbolunun xilaskarı” sənədli filmi isə zaldakıları futbolçunun uşaqlığından bu günə qədər davam edən uğurları ilə tanış etdi. 

Filmin təqdimatından sonra ən həyəcanlı an yaxınlaşdı: Leonel Messi və komanda yoldaşları - Xordi Alba, Serxio Busqests və Luis Suarez səhnədə göründülər.

“Bu insanlar təkcə dünyaşöhrətli futbolçular deyil, onlar həmçinin gözəl insanlardır, xeyriyyəçilərdir. Onların adına olan fondlar dünyada təhsilə, səhiyyəyə, idmanın inkişafına dəstək olur. Messi də bu gün o həssas qruplarla, şəhidlərimizin övladları ilə görüşmək üçün buradadır”, - deyə tədbirin aparıcısı Murad Dadaşov söylədi. Elə minlərlə fanatın qatıldığı tədbirdə bilet satışından əldə olunan vəsaitin də ölkəmizdə xeyriyyə məqsədinə yönəldilməsi bu amala xidmət edir.

Səhnəyə dəvət olunan sağlamlıq imkanları məhdud uşaqlar və şəhidlərimizin övladları qaçaraq futbolçuları qucaqladılar. Aralarında göz yaşlarını saxlaya bilməyənlər də vardı. Əfsanəvi futbolçu onları qucaqladı, avtoqraf verdi, uşaqlarla xatirə fotosu çəkdirdi. “Hər kəsi salamlayıram. Bu cür isti münasibətə görə təşəkkür edirəm. Dəstəyə görə çox sağ olun", - deyə ürək sözlərini söylədi. Futbolçunun “Azərbaycanın mədəniyyəti və insanları ilə tanış oldum...” fikirlərini zaldan qopan izdiham və coşqu müşayiət elədi. 

Görüşdə ölkəmizin uşaq futbol komandalarının təmsilçilərinə bir çox gəncin arzuladığı imkan da yaradıldı. Gənc futbolçularımız dünya ulduzlarına top ötürərək özlərini peşəkarlarla bir oyunun iştirakçıları kimi hiss etdilər. Sonda Messi və ulduz dostları tamaşaçılara tərəf imzaları olan futbol toplarını atdılar.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər