• cümə, 26 Aprel, 20:52
  • Baku Bakı 22°C

Mariya Stadnik: “Tokio 2020” mənim üçün sonuncu yarış olmaya bilər

29.12.19 11:30 521
Mariya Stadnik: “Tokio 2020” mənim üçün sonuncu yarış olmaya bilər
Başa vurmaqda olduğumuz 2019-cu il Mariya Stadnik üçün uğurlu olub. Qadınlardan ibarət yığmamızın lideri zədə üzündən Avropa çempionatına qatıla bilməsə də, ikinci Avropa Oyunlarında və dünya çempionatında uğurlu çıxış edərək nəyə qadir olduğunu növbəti dəfə nümayiş etdirdi. M.Stadnik dörd il əvvəl Bakıda qazandığı titulu Minskdə də qoruyub. Daha sonra isə Nur-Sultanda 10 illik həsrətə son qoyaraq, ikinci dəfə dünya çempionu adını qazanıb. Bununla da Tokio Olimpiadasına lisenziyanı təmin edib.
AZƏRTACAzərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, titullu idmançımız mundialdan sonrakı hazırlıq prosesi, 2020-ci il üçün planları, Olimpiya Oyunları və rəqibləri ilə bağlı açıqlamasında bildirib: "Dünya çempionatına sıx qrafiklə hazırlaşdığım üçün övladlarıma vaxt ayıra bilməmişdim. Əlbəttə, qələbəni dərhal qohumlarla, sənə yaxın olan insanlarla qeyd etmək istəyirsən. Buna görə mundialdan sonra dərhal evimə yollandım. Bu payız ailəmlə yaxşı istirahət etmək imkanı əldə etdim. Bununla belə, məşqlərimi də davam etdirirdim. Ancaq bu, təlim-məşq toplanışı səviyyəsində hazırlıq deyildi. Psixoloji cəhətdən də istirahətə, bərpa prosesinə ehtiyac var idi. Çünki Olimpiadaya qədər bizi növbəti ağır qrafik gözləyir. Dekabrda Bolqarıstanda dağlıq ərazidə təlim-məşq toplanışı keçdik. Bu da fiziki hazırlığın yüksəldilməsinə xidmət edirdi. Gələn il ilk yarışım fevralda keçiriləcək Avropa çempionatı olacaq. Ondan sonrakı plan və qatılacağım yarışlar hələ bəlli deyil. Allaha şükürlər olsun ki, artıq zədələr baxımından problemim yoxdur.
Hər yarışdan sonra çıxışımı təhlil edir, səhvləri, çatışmazlıqları müəyyənləşdirir, nəyin üzərində işləməli olduğumuzu aydınlaşdırırıq. Açığı, Nur-Sultanda formamın zirvəsində deyildim. Fikrimcə, karyeram boyunca ideal səviyyəyə Rio Olimpiadasında çatmışdım. Həm fiziki, həm də psixoloji cəhətdən yüz faiz hazırlıqlı idim”, - deyə M.Stadnik əlavə edib.
Tokio Olimpiadasında Yaponiyanı Eri Tosaka və ya Yui Susakinin təmsil edəcəyi ilə bağlı hər hansı düşüncəsinin olmadığını deyən ikiqat dünya çempionu qeyd edib: "İstənilən güləşçi ilə görüşə qələbə üçün çıxacağam. Rəqibin fərqi yoxdur. Sadəcə, qalib gəlmək istəyirəm, vəssalam. Olimpiadaya hələ 8 ay var. Kimsə zədələnə, hansısa səbəbdən formada ola və ya olmaya bilər. Bütün rəqibləri qiymətləndirmək lazımdır. Olimpiya Oyunlarına həm fiziki, həm psixoloji, həm də taktiki cəhətdən tam hazır olmalısan. Təbii ki, idman xoşbəxtliyi də sənin tərəfində olmalıdır. Hazırda üzərimdə təzyiq hiss etmirəm. "Tokio 2020” mənim üçün sonuncu yarış olmaya da bilər”.
banner

Oxşar Xəbərlər