• çərşənbə axşamı, 10 dekabr, 14:57
  • Baku Bakı 7°C

Klublarımızın avrokubok hazırlığı

06.07.24 01:34 5235
Klublarımızın avrokubok hazırlığı

Avrokubok təmsilçilərimiz şanslarından maksimum yararlanmaq üçün hazırlıq prosesinə erkən başlayıblar. Lakin hələlik transfer bazarında xüsusi canfəşanlığın müşahidə edildiyini söyləyə bilmərik.

Azərbaycan klubları üçün yeni avrokubok mövsümü başlayır. Qitəmiqyaslı yarışlardakı format dəyişiklikləri, əsas mərhələlərdə komanda sayının artması təmsilçilərimizin də şanslarını yüksəldib. Düzdür, ilk mərhələdə klublarımıza o qədər də asan rəqiblərin düşdüyünü demək olmaz. Lakin son illərdən fərqli olaraq, üzümüzə gələn mövsüm ölkəmiz yenidən Avropa Liqasında mübarizə aparacaq ki, orada mümkün irəliləmə Konfrans Liqası ilə bağlı da ümidlərin artmasına səbəb olub. Elə avrokubok təmsilçilərimiz də şanslarından maksimum yararlanmaq üçün hazırlıq prosesinə erkən başlayıblar. Lakin hələlik transfer bazarında xüsusi canfəşanlığın müşahidə edildiyini söyləyə bilmərik.

Döyüşə ilk olaraq “Zirə” atılır

Premyer Liqada ötən mövsümün ikincisi və Azərbaycan Kubokunun finalçısı “Zirə” Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayacaq. “Qartallar” burada Moldova “Şerif”i ilə üz-üzə gələcəklər. Tiraspol təmsilçisi avrokuboklarda uğurlu çıxışı ilə tanınır, lakin son illər müəyyən qədər zəifləyib. “Şerif”in əvvəlki əzəmətini itirməsi “Zirə”nin mərhələ adlamaq üçün yaxşı şanslarının olduğunu deməyə əsas verir.
Qəsəbə klubu çox erkən - iyunun 14-dən Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışına başlayıb və 20 gün orada hazırlaşıb. Transferlərə gəlincə, hamıdan tez mübarizəyə başlayacağı üçün “Zirə” bu baxımdan da sürətli tərpənir. Klub heyətin komplektləşdirilməsi istiqamətində ciddi addımlar atıb. Vladislav Kulaç, İlkin Muradov, Sezar Meza Kolli, Dimitrios Çantakias, Rəhim Sadıxov kimi adlarla vidalaşan “qartallar” müdafiəni Norveç “Jerv”indən Ange Mutsinzi və “Kəpəz”dən heyətə qatdığı Elçin Əlicanovla gücləndirib. Hücuma isə daha əvvəl də “Zirə”də çıxış etmiş Davit Volkov və “Kəpəz”də yaxşı mövsüm keçirən Junior Martins cəlb olunub. Bundan başqa, Fuad Bayramov “Şamaxı”dan birdəfəlik transfer edilib, İsmayıl İbrahimli ilə Rüstəm Əhmədzadə isə daha bir mövsümlük “Qarabağ”dan icarəyə götürülüblər. Azı bir yarımmüdafiəçi transferi ilə “Zirə”ni böyük ölçüdə “Şerif” sınağına hazır hesab etmək olar. Komandaların ilk dueli iyulun 11-də Moldovada, cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.

Uğurlu heyəti qoruyan “Qarabağ”

Son çempion və ölkə kubokunun qalibi “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində nisbətən rahat rəqiblə üz-üzə gələcək. Ağdam klubu ya Malta “Hamrun”u, ya da Cəbəllütariq “Linkoln”u ilə qarşılaşacaq. “Cırtdan ölkə” təmsilçisi ötən mövsüm də “atlılar”la üz-üzə gəlmiş və “Qarabağ” onları mübarizədən kənarlaşdırmağı bacarmışdı.

İyunun 18-də Bakıda bir araya gələn klub hazırlıq məqsədilə artıq Avstriyanın Tirol bölgəsinə yollanıb. Orada komanda dörd yoxlama oyununda qüvvəsini sınayaraq tam hazır vəziyyətə gəlməyə çalışacaq.

Nisbətən münasib rəqiblə üzləşəcəyindən klub transferlərdə tələsmək niyyətində deyil. Ümumiyyətlə, ağdamlılarda diqqət çəkən əsas məqam keçən mövsüm uğurlu olan heyəti qorumasıdır. Juninyo, Marko Yankoviç, Adullah Zubir, Yassin Benziya kimi oyunçulara yaxşı təkliflər olsa da, “atlılar” onları saxlaya bildilər. Yalnız rusiyalı qapıçı Andrey Lunyov komandanın sıralarını tərk edib ki, o da son zamanlar oyunundan çox ab-havanı korlayan açıqlamalar verməsiylə “yadda qalırdı”. Ondan başqa Maksim Medvedev karyerasını bitirib, heyətə düşə bilməyən Adama Diakabi isə yola salınıb. Lunyovun əvəzinə xorvatiyalı qapıçı Fabiyan Buntiç transfer edilibsə, Musa Qurbanlı İsveç “Yurqorden”indən geri qaytarılıb. Daha bir geridönüş isə Rusiya “Krasnodar”ından ola bilər. Kadi Borgesin “Qarabağ”a qayıdışı müzakirə olunur. Ümumən hədəfləri daha böyük olan “Qarabağ” transferlərdə tələsməyəcək və növbəti mərhələlərdə işləri sürətləndirəcək.

Yenidən qurulan “Sabah”

Krunoslav Renduliçin rəhbərliyi altında son turda avrokuboklara vəsiqəni təmin etməyi bacaran “Sabah” Konfrans Liqasının II təsnifat mərhələsində mümkün rəqiblərin ən güclüsü - “Makkabi” (Hayfa, İsrail) ilə üz-üzə gələcək. İyunun 20-dən hazırlığa başlayan “bayquşlar” bir neçə gündür, Avstriyada toplanışdadırlar.

Ötən mövsümün gedişində baş məşqçi təyin olunan xorvatiyalı mütəxəssis komandanı yenidən qurur. Davit Volkov, Kristian Sebalyos, Kristian da Silva, Maruan Hadudi, Emmanuel Apeh kimi oyunçular artıq yola salınıb. Əvəzində vaxtilə burada çox uğurlu olan Coy-Lens Mikels geri qayıdıb, perspektivli xorvatiyalı yarımmüdafiəçi İvan Lepinitsa transfer edilib. Yaxın zamanda paytaxt klubunun transfer çalışmalarını sürətləndirəcəyi gözlənilir. “Makkabi” qarşısında şans çox görünməsə də, “Sabah”ın asan təslim olmayacağı da bəllidir.

Gözləmə mövqeyində olan “Sumqayıt”

Avrokubok iştirakçıları arasında hələlik fəaliyyəti ən az nəzərə çarpan “Sumqayıt”dır. Düzdür, “gənclik şəhəri” təmsilçisi də digər klublar kimi keçən aydan toplanışa start verib və Türkiyədə hazırlıq keçir. Lakin “kimyaçılar”ın transfer fəaliyyəti durğun görünür. Hələlik yalnız “Zirə”dən ayrılan Rəhim Sadıqov geri qaytarılıb. Əvəzində Erik Sorqa, Abu Dosso, Oktavio Manteka kimi legionerlər yola salınıblar və hələ onların boşluğu doldurulmayıb. Görünür, “Sumqayıt” tələsməməyə, nöqtə transferlər etməyə çalışır.

Onu da qeyd edək ki, Samir Abasovun komandası Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan “Fehervar”ı ilə qarşılaşacaq. Rəqib kifayət qədər güclü və təcrübəlidir. 

 

banner

Oxşar Xəbərlər