• şənbə, 27 Aprel, 11:56
  • Baku Bakı 12°C

Çətin qrupda maksimum hədəf

10.02.24 01:53 3763
Çətin qrupda maksimum hədəf

UEFA Millətlər Liqasında 2023/24 mövsümü yığmamız üçün asan keçməyəcək. Millimiz püşkatmada C Liqasında ən çətin qrupa düşüb. Komandamız qrup birinciliyi uğrunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparmalı olacaq.

UEFA Millətlər Liqasında 2023/24 mövsümünün qrup mərhələsinin püşkü atılıb. Dörd liqanın hər birində komandalar rəqiblərini tanıyıblar. C Liqasında yer alan Azərbaycan millisinin də kimlərlə qarşılaşacağı məlum olub.

Millimiz C Liqasında ən çətin qrupa düşüb. Komandamız qrup birinciliyi uğrunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparmalı olacaq. Yığma püşkatmaya ikinci səbətdən qatılsa da, komandaların ümumi gücünə görə ehtimal olunur ki, bu qrupda üçüncülük uğrunda mübarizə aparmalı olacağıq. İsveç ilk səbətdən gələ biləcək ən güclü idi. Ermənistanla onsuz da qarşılaşa bilməyəcəyimizi nəzərə alsaq, Rumıniya və Lüksemburq variantları İsveçə nisbətən daha münasib görünürdü. Elə üçüncü səbətdən də bəxtimizə ən güclü komanda - Slovakiya düşdü. Orada Şimali Makedoniya və Şimali İrlandiya da çox münasib sayılmazdı, amma Kipr variantının olduğunu unutmaq olmaz. Dördüncü səbətdən isə Belarus və Estoniya arzuolunmaz komandalar idi ki, onlardan da ikincisi yığmamıza rəqib oldu. Halbuki Latviya, yaxud Litva/Cəbəllütariq cütünün güclüsü kimi daha arzuolunan variantlar var idi.

Revanş arzulayan skandinavlar

Qrupun ən güclüsü İsveç hazırda FIFA reytinqində 26-cı pillədədir. Komandanın ümumi dəyəri 54 milyon avroya yaxındır. Skandinaviyalıların heyəti əvvəlki illərə nisbətən zəif görünür. Komandanın, demək olar ki, ulduz futbolçusu yoxdur. İsveç yığması hazırda baş məşqçisizdir. AVRO-2024-ün seçmə mərhələsindəki uğursuzluqdan sonra Yanne Andersson postundan gedib.

Azərbaycan və İsveç milliləri indiyə qədər rəsmi oyunlarda 4 dəfə üz-üzə gəliblər. Bunlardan 3-də skandinaviyalılar, 1-də yığmamız qələbə qazanıb. Top fərqində rəqib 9:3 üstündür. Komandalar AVRO-2024-ün seçmə mərhələsində eyni qrupda yer alıblar. İsveçdə baş tutan ilk görüşdə millimiz 0:5 hesabı ilə darmadağın olub. Lakin Bakıdakı ikinci qarşılaşmada Azərbaycan yığması rəqibini 3 cavabsız qolla üstələyib. Emin Mahmudovun meydanın mərkəzindən vurduğu qol isə həmin zaman turun qolu seçilmişdi. Sözügedən qarşılaşmanın üzərindən çox keçməyib. Millətlər Liqası həm də isveçlilər üçün revanş, Azərbaycan yığması üçün həmin qələbənin təsadüfi olmadığını göstərmək fürsəti olacaq.

Güclü slovaklar

Milli komandaya üçüncü səbətdən rəqib olan Slovakiyanı gizli favorit sayanlar da var. Rəqib FIFA sıralamasında 45-ci pillədədir. Komanda heyətinin dəyərinə görə qrupun ən güclüsüdür. İsveçdən fərqli olaraq Slovakiya yaxşı günlərini yaşayır. Komanda AVRO-2024-ün seçmə mərhələsinə vəsiqə qazanmağı bacarıb. Ümumiyyətlə, qrupda 1-ci yer uğrunda bu iki komandanın mübarizə aparacağı ehtimal edilir.

Slovakiya millisinin ümumi dəyəri 165 milyon avrodan çoxdur. Komandanın əsas ulduzu PSJ-də forma geyinən Milan Şkrinyardır. “Napoli”nin yarımmüdafiəçisi Stanislav Lobotka və “Feyenord”un arxa xətt oyunçusu David Hançko digər əsas ulduzlardır

. Azərbaycan və Slovakiya milliləri indiyə qədər rəsmi matçlarda 10 dəfə üz-üzə gəliblər. Bunların 8-də rəqib qələbə qazanıbsa, iki dəfə millimiz sevinib. Son Millətlər Liqasında da bu komandalar eyni qrupda yer alıblar. Azərbaycan millisi 2-ci, Slovakiya 3-cü yeri tutub. Evdə 0:1 uduzan millimiz səfərdə 2:1 üstün olub. Slovaklara 0:3, 1:5 kimi ağır yenilgilər də var.

Ən zəif Estoniyadır?

Qrupa sonuncu - dördüncü səbətdən qoşulan Estoniyadır. Bu yığma FIFA reytinq sıralamasında 122-ci sıradadır və rəqiblər arasında hazırda 114-cü yerdə qərarlaşan millimizdən geridə qalan yeganə kollektivdir. Estoniya yığmasının ümumi dəyəri 5 milyon avroya yaxındır. Müqayisə üçün qeyd edək ki, Azərbaycan millisində bu rəqəm 16 milyon avrodan bir qədər artıqdır.

Digər rəqiblər kimi Estoniya da yığmamıza tanış komandadır. Millimiz onlarla daha əvvəl 10 dəfə üz-üzə gəlib. Lakin bunlardan cəmi ikisi rəsmi görüşlərdir. Bu il keçiriləcək Avropa çempionatının seçmə mərhələsində rəqib olan kollektivlər Bakıda 1:1 hesablı heç-heçəyə razılaşıblar. Tallindəki qarşılaşmada isə millimiz iki cavabsız qolla üstün olmağı bacarıb. Yekunda Azərbaycan yığması qrupda 4-cü, Estoniya isə sonuncu - 5-ci olub.

Çətin qrupda maksimum hədəf

Səviyyəcə özündən üstün iki komandanın olduğu qrupda millimizin işi heç də asan olmayacaq. İlkin rəylər Slovakiya və İsveçin qrup liderliyi, Azərbaycanla Estoniyanın 3-cülük uğrunda mübarizə aparacağı istiqamətindədir. Lakin həm İsveç, həm Slovakiya ilə son görüşlərdə qazanılan qələbələr milli komandanın özündən güclülərlə mübarizə aparmaq potensialında olduğunu göstərib.

Millətlər Liqasında qrup oyunları sentyabrda başlayacaq. Ona qədər bu rəqibləri təhlil etmək, onlara qarşı necə effektiv olmağın mümkünlüyünü tapmaq üçün kifayət qədər vaxt var. Lakin daha əvvəl milli komandanın hələ də boş olan baş məşqçi postuna doğru təyinat gerçəkləşməlidir.

banner

Oxşar Xəbərlər