• cümə, 24 May, 07:38
  • Baku Bakı 13°C

Bunu bir daha edin! 

16.03.24 00:31 3819
Bunu bir daha edin! 

“Qarabağ” UEFA Avropa Liqasının 1/8 finalında "Bayer"ə məğlub olaraq mübarizəni dayandırdı. Komandamız bu dəfə də layiqli oyun göstərdi. Almanlar ancaq oyuna əlavə edilmiş dəqiqələrdə qələbəni təmin edə bildilər.  

Avropadakı qürurumuz Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının 1/8 finalında Almaniyada Bundesliqanın lideri "Bayer"in qonağı olub. Cavab qarşılaşmasının kifayət qədər çətin keçəcəyi məlum idi. Bakıda məğlubiyyətdən son dəqiqələrdə vurulan qolla yaxa qurtaran leverkuzenlilər bu dəfə matça xüsusi motivasiya və əsas heyətlə çıxmışdılar. Cavab qarşılaşması da Bakıdakı kimi dramatik alındı. Oyuna ciddi təzyiqlə başlayan “Bayer” erkən qol vura bilməyincə, “Qarabağ” oyunu sabitləşdirməyə, özü də təhlükəli hücumlar etməyə başladı. İkinci hissənin əvvəlində komandamız hesabı da açdı. Amma təəssüf ki, bunun ardınca müdafiəçimiz Elvin Cəfərquliyev mübahisəli qırımızı vərəqə ilə meydandan qovuldu. Meydanda azlıqda qaldıqdan sonra da “Qarabağ” qol vura bildi və 2:0 önə keçdi. Amma almanlar təslim olmadılar. İkinci qoldan beş dəqiqə sonra hesab arasındakı fərqi azaldan “Bayer” 90+3-cü dəqiqədə hesabı bərabərləşdirə bildi. Əlavə olunmuş dəqiqələrdə rəqib üçüncü qolu da vuraraq matçı əlavə vaxta daşımadan növbəti mərhələyə vəsiqəni təmin etdi. 
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən görüş 2:2 hesabı ilə başa çatmışdı. 

Avrokubok mövsümünün ən böyük sensasiyası

Beləliklə, komandamız qısa müddət ərzində iki dəfə bu mövsüm Avropada məğlub olmayan yeganə komanda olan “Bayer”i məyus etməyə yaxın olsa da, bunu bacarmadı. Amma bunun özü belə böyük qəhrəmanlıq və bəlkə bu avrokubok mövsümünün ən böyük sensasiyasıdır. “Qarabağ”ı dayandıran komanda Almaniyada heç bir komandanın dayandıra bilmədiyi, bütün turnirlər daxil 37 oyundur uduzmayan “Bayer” idi. Xabi Alonsonun çalışdırdığı kollektiv bu oyunlardan 32-də qalib gəlib.  

Üstəlik, Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərilən epizod da mübahisəyə açıqdır. Bu epizod almanların qapısı qarşısında baş versəydi matçın ingilis baş hakimi Entoni Teylor eyni addımı atardımı? Həmin epizodda Bəhlulun rəqib oyunçuya çatmaq imkanı var idi. Üstəlik, Frimponq Elvin onu tutduğu anda deyil, bir müddət sonra yerə yıxılmışdı.

Bu nəticələr futbol tariximizə qızıl hərflərlə yazılacaq

İstənilən halda, bu il “Qarabağ” Avropada tarixinin ən uğurlu mövsümlərindən birini keçirdi. Mövsümün əvvəlində heyətdəki dəyişikliklərlə əlaqədar çətinliklər yaşayan, Çempionlar Liqasında ilkin mərhələdə mübarizəni dayandıran, ciddi tənqidlərlə üzləşən ağdamlılar, sonradan toparlanaraq Avropa Liqasında xariqələr yaratdı. Qurban Qurbanovun komandasının bu il Avropa Liqasında əldə etdiyi nəticələr futbol tariximizə qızıl hərflərlə yazılacaq. Komanda indiki heyəti qoruya bilsə, gələn il Avropada yenə də adından söz etdirə bilər. 

Yeri gəlmişkən,  “Bayer” klubu cavab oyunundan sonra özünün sosial şəbəkə hesabında “Qarabağ”la bağlı səmimi paylaşım edib: “Komandanıza böyük hörmət bəsləyirik! Bizə dörd əla oyun yaşatdınız, amma xahiş edirik, bunu bir daha etməyin!”
Biz isə Qurban Qurbanova, onun komandasına müraciət edərək deyirik: Bunu bir daha edin! Bu cür möcüzələri bizə təkrar-təkrar yaşadın. Azərbaycanın adını Avropa futbolunun tarixinə yazın. 

Qurban Qurbanov: “Gələcəkdə nəticələri yaxşılaşdırmağa çalışacağıq”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında məyusluğunu ifadə edib. O, ləyaqətli mübarizə aparan futbolçularına təşəkkür edib. Təcrübəli mütəxəssis "Qarabağ"ın və Azərbaycan futbolunun daha çox təcrübəyə ehtiyacının olduğunu deyib: "Şansımız var idi. Daha çox bu mərhələlərə çıxmalıyıq, təcrübə toplamalıyıq. Bu cür rəqiblərə qarşı fiziki cəhətdən hazır olmalıyıq. Azərbaycan çempionatının, klubumuzun yaşı azdır. Bir neçə klubumuz bu kimi turnirlərdə çıxış etməlidir. Görünür ki, üzərimizdə çox işləməliyik. Bu gün "Qarabağ"ın futbol səviyyəsi "Bayer"dən aşağıdır. Amma rəqibdən çəkinmədik".

Mütəxəssis bu cür oyunların təcrübə baxımından gələcəkdə komandaya fayda verəcəyini söyləyib: "Belə oyunlar mənə və oyunçulara təcrübə verir. Futbolun hansı səviyyədə olduğunu gördük. Böyük oyunlarda bəzən elə elementlər olur ki, matçın taleyini həll edir. "Bayer"ə qalib gəlməyə 2 qol bəs etmədi. Ümumən təcrübə qazandıq. Bəzən oyunçuya təzyiq olmayanda böyük futbol haqda düşünmür. Amma bu gün dinamikanı hiss etdik və necə yaxşılaşdırmalıyıq, onu öyrəndik".

Q.Qurbanov azarkeşlərin üzülməsinə görə məyus olduğunu bildirib: "Özümə görə yox, azarkeşlərə və futbolçulara görə üzülürəm. Oyundan əvvəl çox inanırdılar. İşimizdə məsuliyyətli olmalıyıq. Məğlub olduq, amma azarkeşlərə güvən vermişik. Gələcəkdə nəticələri yaxşılaşdırmağa çalışacağıq”.

Xabi Alonso geri dönüşün asan olmadığını bildirib

“Bayer"in baş məşqçisi Xabi Alonso qol buraxdıqdan sonra geri dönüşün asan olmadığını bildirib: “Amma oyunçular yaxşı çıxış etdilər. Patrik Şikin son qolu da əla oldu. Əlbəttə ki, mərhələni keçdiyimiz üçün çox şadam. Hamımız eyni gəmidəyik və komanda ruhu bu mövsüm ən vacib şeydir. Mübarizə aparmaq istəyirik. Görürəm ki, komandada inam və aclıq var. Bu mənim üçün çox xoşdur. Frimponqun ilk qolundan sonra komandanın çox istəkli olduğunu gördüm".

UEFA Avropa Liqası
1/8 finalın cavab oyunu
00:00."Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan) - 3:2
Qollar: Abdullah Zubir, 59 (0:1), Juninyo, 68 (0:2), Jeremi Frimponq, 72 (1:2), Patrik Şik, 90+3 (2:2), 90+8 (3:2)
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 64 ("Qarabağ")
İlk oyun - 2:2
Hakimlər: Entoni Teylor, Qari Besuik,  Adam Nann Endryu Medli (İngiltərə)
Leverkuzen. "Bay-Arena"

 

banner

Oxşar Xəbərlər