• şənbə, 20 Aprel, 06:40
  • Baku Bakı 14°C

Azərbaycan hakimliyinin fəxri 

05.11.22 06:00 958
Azərbaycan hakimliyinin fəxri 

Tarixdə ilk dəfə Azərbaycanın FİFA referisi Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə etdi. Mütəxəssislər Əliyar Ağayevin hakimlik potensialının kifayət qədər yüksək olduğu qənaətindədirlər. 

Bu həftə Azərbaycanın futbol tarixi üçün önəmli bir hadisə ilə yadda qaldı. Tarixdə ilk dəfə Azərbaycanın FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə etdi. Həmyerlimiz "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund) matçının baş hakimi oldu.

1:1 hesablı heç-heçə ilə başa çatan görüşdə Əliyar Ağayev futbolçulara 4 sarı vərəqə göstərib. O, meydan sahiblərindən Denis Vavro və Lukas Leragerə, qonaqlardan isə Antonio Modesto ilə Emre Cana rəsmi xəbərdarlıq edib.

Qeyd edək ki, bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli yan xətt hakimləri qismində yardımçı olublar. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.

Həmyerlimiz oyunu yüksək səviyyədə idarə etməklə ona bəslənilən etimadı doğruldub.

Gənc olmasına baxmayaraq, soyuqqanlılığı ilə seçilib

Qeyd edək ki, Əliyar Ağayev yaşıl meydanlarda göründüyü ilk günlərdən azarkeşlərin və futbol ictimaiyyətinin etimadını qazanıb. Gənc olmasına baxmayaraq, yerli hakimlər arasında öz soyuqqanlılığı ilə seçilib. Eyni zamanda, dünya miqyaslı hakimlər kimi hər xırda qayda pozuntusuna görə fit çalıb oyunun tempini öldürmür. O, gənc yaşlarından öz adından söz etdirməklə, əsl uğur hekayəsi yazıb. 

Hövsandan başlayan uğurlu yol 

Əliyar 17 oktyabr 1987-ci ildə Bakıda anadan olub. Hövsan qəsəbəsindəki 270 saylı orta məktəbi bitirib. Sonra Bədən Tərbiyəsi İdman Akademiyasında futbol ixtisası üzrə təhsil alıb. Hərbi xidmətdən qayıdıb eyni ixtisas üzrə magistraturada oxuyub. Sözügedən təhsil ocağında müəllim kimi çalışıb.

4-cü sinifdən başlayaraq məqsədi futbolçu olmaq olub. Əliyarın atası da futbol hakimi olub: “Atam hakim olduğundan, evimizdə futbolla bağlı söhbətlər gedirdi. Mən də yəqin bundan təsirlənərək futbolu çox sevirdim. Sonradan seçim qarşısında qaldım. 8-ci sinifdə həm oxumağa, həm də idmanla məşğul olmağa qərar verdim. Beləliklə, xarici dilə həvəsliydim deyə Azərbaycan Dillər Universitetinə daxil olmağı qarşıma məqsəd qoydum. 9-10-cu siniflərdə gördüm ki, futbolla dərsi eyni zamanda çatdıra bilmirəm. Bu zaman futbola üstünlük verdim. Amma zədələndiyimə görə iki il futbol oynamağı buraxdım. Beləcə, futbolçu olmaq arzum reallaşmadı”.

Ə.Ağayev futbolu buraxdığı andan, 18 yaşında hakimlik kurslarına yazılır. Bununla da onun hakimlik karyerası başlayır. Hakim kimi ilk oyunu 22 yaşında Premyer Liqada “Xəzər Lənkəran” – “Turan” qarşılaşması olub. 

Xaqani Məmmədov: “Əliyarın “yiyəsi” olmadı, qaldı geridə”

AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov hesab edir ki, Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə etməyə 4 il bundan qabaq hazır idi. Sadəcə olaraq AFFA Hakimlər Komitəsinin sabiq sədri Fritz Ştuxlik onun hakimliyinə zərbə vurub. 
X.Məmmədov onun kadrı olan Ağayevin bu təyinatına görə hamıdan çox sevindiyini bildirib: “O, buna çoxdan layiq idi. Sadəcə olaraq Ştuxlik UEFA ilə münasibət qura bilmədi. Hansı ki, onu buna görə gətirmişdilər. Amma heç nə edə bilmədi. UEFA da gördü ki, maraqlanmırlar. Amma indiki komitə sədri Barış Şimşək belə başa düşürəm ki, hansısa cəhdləri edir".

Keçmiş komitə sədri bildirib ki, vəzifəsində qalsaydı, Əliyar Ağayev artıq ÇL-in qrup mərhələsində bir neçə oyun idarə edərdi: “İnanıram ki, bundan da yaxşı oyunlar idarə edəcək. Əliyar belaruslu hakim Klubakovla birlikdə kateqoriya almışdı. O, indi ÇL-in qrupunda vacib oyunları idarə edir. Hansı ki, Əliyar ondan güclüdür. Amma Klubakov qabağa getdi. Əliyarın isə “yiyəsi” olmadı, qaldı geridə. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən qalsaydım, Əliyar artıq ÇL-in qrup oyunlarını idarə etmişdi. Çünki biz iş görmüşdük və görürdük. Hər şey hazır idi. Ştuxlik isə gəldi, ancaq özü üçün işlədi, pulunu qazandı, getdi”.

Əliyar Ağayevin uğurları hələ qabaqdadır

X.Məmmədov qeyd edib ki, Əliyar Ağayevin uğurları hələ qabaqdadır: “Əliyar daha da qabağa gedəcək. Çünki hamı ilə yaxşı münasibət qura bilir: UEFA nümayəndələri ilə də, meydanda futbolçularla da. Hər şey onun öz əlindədir. Amma mən ona yüz faiz inanıram. Bəlkə də Əliyar qrup oyunlarını idarə edənlər arasında ən gənclərindəndir. Adətən UEFA ÇL-in qrup mərhələsinin sanballı oyunlarını 40-45 yaş arası hakimlərə tapşırır. Çünki bu, hakimlərin ən yaxşı, müdrik çağlarıdır. Ona görə də hələ Əliyar üçün hər şey qabaqdadır”.

Kaspi.az

 

 

banner

Oxşar Xəbərlər