• cümə axşamı, 18 aprel, 19:48
  • Baku Bakı 21°C

Avrokuboklar yeni formatda

14.05.22 06:00 495
Avrokuboklar yeni formatda

UEFA nəhayət ki, avrokubokların yeni formatını təsdiqləyib.  Yeni format 2024/2025 mövsümündən qüvvəyə minəcək. Avrokuboklarda İsveçrə sistemi tətbiq olunacaq. Güclü komandaların iştirakı ilə keçiriləcək oyunların sayı artacaq.  

İsveçrə sistemi nədir?

UEFA Çempionlar Liqasından əldə etdiyi gəlirin zirvəsinə çatmışdı. Ona görə də növbəti sıçrayış üçün bazara yeni və daha cəlbedici nə isə təklif etmək lazım idi. Beləliklə, kompleks həll variantları tapıldı: a) daha çox matçlar, b) daha yüksək rəqabətli oyunlar. İlk problem turniri genişləndirməklə həll olundu. 32 komanda var idi, bundan sonra 36 olacaq. Qrup mərhələsindəki 6 tur (3 rəqiblə səfərdə və evdə) isə 8 (8 rəqiblə 4 ev, 4 səfər oyunu) olacaq. İkinci problemin həlli üçün şahmatda tətbiq olunan İsveçrə sistemi təklif olundu. Artıq kiçik qruplara bölünmə olmayacaq. 36 komandanın hamısı vahid sıralamada yer alacaq. Təqvim əvvəlcədən müəyyən edilməyib, lakin performansdan asılıdır (uğurlu çıxış edən komandalar bir-birləri ilə qarşılaşacaq, autsayderlər də bir-birləri ilə. Beləcə, hər kəsin cədvəldə yuxarı qalxmaq şansı olacaq; eyni zamanda, bu sistem autsayderlərə top-komandalarla qarşılaşmaq zəmanəti də verir). Beləliklə, qrup mərhələsində hazırkı 96 əvəzinə 144 matç olacaq. Üstəlik, güclü, reytinq toplayan nəhənglər arasındakı oyun sayı da artacaq. 

Hələ bir il əvvəl planlaşdırılmışdı 

UEFA qrup mərhələsində oyun sayını artırmaqla bağlı hələ bir il əvvəl müzakirələr aparırdı. Həmin vaxt qrup mərhələsində 10 oyun təklif olunurdu. Amma klublar bu ideyaya qarşı çıxdılar. Onlar çempionat, ölkə kubokunda oyunların həddindən artıq çox olduğunu, üstəlik, yığma komanda matçlarının da sıxlıq yaratdığını bildirərək, 10 oyunun futbolçuların fiziki durumuna pis təsir edəcəyini bildirdilər. Nəticədə UEFA kompromis variant kimi qrup mərhələsində 8 oyuna üstünlük verdi. 

Həftə sonu ideyası müzakirə olunsa da... 

Çempionlar Liqasının finalına qədər bütün mərhələlərdə oyunlar  həftə içi keçiriləcək. Amma onu da deyək ki, əvvəlcə bəzi matçların həftə sonu keçirilməsi də müzakirə olundu. Çünki şənbə və bazar günləri Çempionlar Liqasının yayımının əhatə dairəsi daha yüksək olardı. Lakin belə olacağı təqdirdə yerli liqaların mövqeyi zəifləyəcək, bu da biznes sferasına təsir edəcəkdi. Belə deyək, UEFA bu məsələdə də güzəştə getməklə yerli liqaların “sağ qalmasına” şərait yaratdı. 

4 yer kimlərə veriləcək? 

UEFA rəhbərliyi son 10 ildə Avropa yarışlarında ən yüksək əmsalı olan klublara Çempionlar Liqasında iki yer verməyi planlaşdırırdı. Beləliklə, Çempionlar Liqası zonasına düşməyən istənilən top-klub keçmiş uğurları sayəsində yenə də əsas turnirdə iştirak edə bilərdi (yeganə şərt avrokubok zonasına - ən azı Avropa Liqasına, heç olmasa, Konfrans Liqasına düşmək idi). Bu vəziyyət top-5-dən kənarda olan kiçik klubları və liqaları qane etmirdi. Ona görə də, UEFA güzəştə getməyə məcbur oldu. İndi isə belə olacaq:

Çempionlar Liqasında bir yer UEFA əmsallar cədvəlində 5-ci yerdə olan liqada 3-cü yeri tutan komandaya  verilir. Bir yer isə “Çempionlar yolu”nun iştirakçılarına veriləcək. Bu yoldakı komandalar isə top-liqa təmsilçiləri deyillər. Əvvəllər “Çempionlar yolu”nun 4 iştirakçısı qrup mərhələsinə adlayırdısa, yeni sistemlə 5 komanda vəsiqə əldə edəcək.

Digər 2 vəsiqəni isə Avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası) ən çox xal toplayan 2 ölkənin təmsilçiləri alacaq. İndiki halda bu ölkələr İngiltərə və Niderlanddır. 

Pley-off mərhələsi necə olacaq?

• Ən yaxşı səkkiz komanda avtomatik olaraq pley-offa yüksələcək.
• 9-24-cü yerləri tutan komandalar iki oyundan ibarət pley-off mərhələsində mübarizə aparacaq və daha 8 vəsiqənin sahibi müəyyənləşəcək. 
• Ardınca isə iki oyundan ibarət 1/16 final və davamı həmişəki kimi.
Avropa Liqası və Konfrans Liqası da İsveçrə sistemi əsasında keçiriləcək. Amma Avropa Liqasında qrup mərhələsində 8, Konfrans Liqasında isə 6 oyun olacaq. Hər iki liqada 36 komanda yarışacaq. 

 


 

 

 

banner

Oxşar Xəbərlər