• çərşənbə axşamı, 01 iyul, 03:18
  • Baku Bakı 22°C

13 qolun vurulduğu müəmmalı oyun

05.05.20 15:38 772
13 qolun vurulduğu müəmmalı oyun
"Ağ kostyumlu adam narkotik verib”, "əvvəlcədən razılaşıblar” "qızıl saat” ittihamları oldu, amma..
Avropa çempionatının seçmə mərhələsində ən müəmmalı oyunlardan biri 1983-cü ildə İspaniyada keçirilib. Həmin vaxt İspaniya qitənin ən zəif yığmalarından birini – Maltanı qəbul edirdi.
İspaniyanın Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması məhz bu oyunun nəticəsindən asılı idi. Onlar son 4 nəhəng turnirin 3-nü buraxmalı olmuşdular. Seçmə mərhələdə İspaniya Hollandiya ilə bir qrupa düşmüşdü. Total futbol epoxasından sonra Hollandiya yenidən formalaşma ərəfəsində idi. Komanda DÇ-1982-ni buraxsa da, artıq bir il sonra qüvvəsini bərpa etmişdi.
Malta qrupdakı son iki qarşılaşmanı məhz Hollandiya və İspaniyaya qarşı keçirməli idi. Hər iki yığmanın 11 xalı vardı. Maltalılar əvvəlcə hollandlarla üz-üzə gəldilər və 0:5 hesabı ilə məğlub oldular. Hollandlar rahat idilər, ispanların yalnız riyazi şansları vardı. Bunun üçün İspaniya Maltaya 11 top fərqilə qalib gəlməli idi.
Bu isə mümkünsüz görünürdü. İspaniya ilk qarşılaşmada Maltaya çətinliklə qalib gəlmişdi – 3:2. Üstəlik, digər oyunlarda da məhsuldarlıq aşağı olmuşdu, cəmisi 12 qol vurmuşdular.
Ona görə də, hollandlar qrupdan çıxacaqlarına əmin idilər. Hətta o qədər əmin idilər ki, baş məşqçiləri Kes Rivers oyuna baxmağı lüzum bilməmişdi.
Heç ispan azarkeşlər də yığmaya inanmırdılar. Sevilyadakı 50 minlik "Benito Vilyamarin” stadionuna cəmisi 18 min tamaşaçı gəlmişdi.
Qarşılaşmanın ilk dəqiqəsində İspaniya penalti vurmaq hüququ qazandı. Amma Xuan Senorun zərbəsi qapı dirəyinə tuş gəldi. İlk qol 15-ci dəqiqədə vuruldu. Amma üstündən 9 dəqiqə keçməmiş maltalılar hesabı bərabərləşdirdilər. Fasiləyə qədər ispanlar 2 dəfə də fərqləndilər – 3:1.
Amma fasilədən sonra meydanda sanki başqa komandalar oldu. İspaniya bir hissə ərzində 9 qol vurdu.
Qarşılaşmadan sonra bu oyunla bağlı müxtəlif iddialar səsləndi. Holland jurnalistlər, qarşılaşmanın fasiləsində iki ölkənin federasiya rəsmiləri arasında gedən danışıqların şahidi olduqlarını iddia etdilər. Həmin oyunda Maltanın qapısını qorumuş Con Bonella 20 ildən sonra belə deyəcəkdi: "Bu iddiaların hamısı yalandır. Mənim vicdanım təmizdir və hər kəsin gözünə dik baxa bilərəm”.
Amma Bonella qarşılaşmanın hakimlərini ittiham edib: "Mən ispan funksionerlərin oyundan sonra şampan və qızıl saatla hakimlərin otağına daxil olduğunu gördüm”.
Oyunun türk hakimi Erhan Göksəl belə ittihamları eşidəndə gülümsəyir: "Oyundan sonra azarkeşlər məni tanıyırdılar. Yadımdadır, səhəri gün daxil olduğum mağazanın sahibi mənə kəmər hədiyyə etmək istədi, amma götürmədim. Bizi türk səfirliyinə apardılar. Səfir mənə dedi ki, siz bir gecə ərzində İspaniya-Türkiyə əlaqələrinə elə töhfə verdiniz ki, onu mən 5 il ərzində edə bilməmişdim. Çox gülməli adam idi”.
Türk hakimin işi UEFA tərəfindən də yüksək qiymətləndirilir. Onun işinə 4 ballıq qiymətləndirmə ilə 3,5 bal verilir.
Digər bir versiya isə oyundan bir il sonra səsləndi. Maltanın məşqçisi Viktor Skerrini dinləyək: "Fasildə ağ kostyumda olan balacaboy bir adam otağa daxil oldu. Onun əlindəki podnosda kəsilmiş limonlar vardı. Futbolçular bu limonları yedilər. Həkimə dedim ki, bəlkə limona narkotik qatılıb? Çünki ikinci yarıda futbolçularım demək olar ki, ağıllarını itirdilər. Amma əlimizdə fakt yox idi”.
Məşqçinin versiyasını komandanın hücumçusu Silvio Demanuela da təsdiqlədi: "Limonu yeyəndən sonra, sanki sərxoş oldum. Onlarda isə inanılmaz enerji vardı. Mütəmadi olaraq su içirdilər. Fikirləşdim ki, onlar dopinq qəbul ediblər”.
Bu da, həmin vaxt İspaniya yığmasının kapitanı olmuş Xose Antonio Kamaçonun fikirləri: "Mən, hətta steroidlərin nə olduğunu da bilmirəm. Belə ittiham dəlilik kimi görünür. Əgər ağ paltarlı bir adam paltardəyişmə otağına girib sizə limon təklif edirsə, bunu qəbul etmirsiniz və sadəcə, onu qovursunuz”.
Qarşılaşmadan sonra hər hansı bir araşdırma aparılmadı. İspaniya Avropa çempionatının final mərhələsinə yollandı, Hollandiya isə evdə qaldı.
Kaspi.az
banner

Oxşar Xəbərlər