• şənbə, 23 Avqust, 18:02
  • Baku Bakı 30°C

Avropanın qolf cənnəti - BƏLƏDÇİ

23.08.25 03:12 139
Avropanın qolf cənnəti - BƏLƏDÇİ

Lüks həyat tərzi və qlamurluğu ilə seçilən Marbella İspaniyanın Aralıq dənizi kurortları arasında ən yaxşılarındandır. Burada çimərlik mövsümü may ayında başlayır və oktyabra qədər davam edir. Qışda şəhər “Sierra Blanca” dağ silsiləsi tərəfindən kəskin və sərin küləklərdən etibarlı şəkildə qorunur.

Marbella İspaniyanın ən arzuolunan turizm məkanlarından biridir. Lüks həyat tərzi və qlamurluğu ilə seçilən şəhər bu gün İspaniyanın Aralıq dənizi kurortları arasında əsas “ulduz” sayılır. Əndəlusün rəngini qoruyub saxlayan şəhərdə tarixin Roma və ərəb dövrləri bir-biri ilə sıx bağlıdır. Marbella şəhəri və onun möhtəşəm limanı “Puerto Banus” hələ ötən əsrdə Avropanın yüksək cəmiyyəti üçün sığınacağa çevrilib.

2022-ci ildə Marbella Avropanın ən yaxşı səyahət istiqamətləri arasında reytinqdə 2-ci yeri tutub. 

“Ulduz”ların seçdiyi məkan

Marbella ildə təxminən 300 gün günəşin parladığı kurortdur. Yağışlı hava bu şəhər üçün nadirdir. Burada çimərlik mövsümü may ayında başlayır və oktyabra qədər davam edir. Qışda şəhər “Sierra Blanca” dağ silsiləsi tərəfindən kəskin və sərin küləklərdən etibarlı şəkildə qorunur. Buna görə də isti və günəşli hava demək olar ki, bütün il boyu turistləri cəlb edir. 
Marbellada dəbdəbəli istirahət üçün hər şey var: qar kimi ağ villalar və lüks hotellər, eksklüziv gəmiləri olan estakada, panoramik mənzərəli dəbli butiklər və restoranlar və möhtəşəm gəzinti yerləri. Marbella tarixi və müasir memarlıq binaları, muzeylər, parklar, əyləncə mərkəzləri və gecə klubları ilə zəngindir. Kurort şəhərin zənginlər üçün sevimli istirahət məkanı olması da bu səbəbdəndir. Dünyanın idman, kino və musiqi ulduzları, varlı ərəb şeyxləri və kral ailələri bu şəhəri çox sevirlər. Marbellada sadə insanlar arasında sakitcə gəzən “ulduz”lara rast gəlmək o qədər də nadir hadisə deyil. Yay tətillərində, məxməri payızda, Milad və Pasxa bayramlarında Marbellanın məşhur qonaqları sadə turistlərə qarışır.

Əsrlərin dərinliklərinə səyahət

Marbellanın ən çox ziyarət edilən turistik yeri Köhnə şəhərdir (Old Town). Köhnə şəhərə səyahət - kiçik bir balıqçı kəndi ilə tanışlıqdır. Deyəsən, keçmişdən bu küçələrdə çox az şey dəyişib: dar dolama dalanlar, rəngarəng çiçək qabları ilə bəzədilmiş eyvanlar... Bu labirint küçələrdə yerli sənətkarlıq dükanları beynəlxalq brend butikləri ilə yanaşı dayanır. Köhnə şəhərin mərkəzində, 16-cı əsrə aid malikanədə şəhərin ən çox ziyarət edilən muzeylərindən biri olan Oyma Muzeyi (Museo del Grabado) yerləşir. Sənətsevərlər üçün əsl xəzinə olan muzeydə Pikassonun, Joan Mironun, Antoni Tapiesin və Antonio Sauranın əsərləri nümayiş etdirilir.

Tarixi mərkəzdə 11-12-ci əsrə aid Qala divarları (Murallas del Castillo) şəhərdəki müsəlman sivilizasiyasının ən əhəmiyyətli qalıqlarıdır. Bu memarlıq ansamblı heyranedicidir və turistləri əsrlərin dərinliklərinə səyahətə aparır. 

Qolfla ciddi maraqlananlar üçün məşhur yer

Marbella həm İspaniyada istirahət etmək istəyən xarici turistlər, həm də qolfla ciddi maraqlananlar üçün məşhur yerdir. Bu əzəmətli sahil şəhəri təcrübəli peşəkarlardan tutmuş həvəskar qolfçulara qədər bütün profillərdən olan idmançıları cəlb edir. “İdman həvəskarları Marbellaya xüsusi önəm verirlər. Bu şəhərin dəniz kənarları il boyu qaçışçılar, velosipedçilər, piyadalar və konki sürənlər tərəfindən zəbt olunur”, - deyə tur bələdçisi məlumat verir: “Marbella dünyanın ən yüksək səviyyəli qolf meydançalarına malikdir. Aralıq dənizinin buradakı sahillərini təsadüfən “Kosta del Qolf” adlandırmırlar. Əla xidmət, infrastruktur və bütün il boyu əlverişli hava Marbellanı bu elit idman növü ilə məşğul olmaq üçün ideal yerə çevirir”. 
Marbella European Best Destinations (EBD) tərəfindən 2024-cü il üçün Avropanın qolf üzrə ən yaxşı istiqaməti seçilib. Sorğuda ən çox amerikalı və britaniyalı turistlər iştirak edib. 

Marbellada onlarla mükafat qazanan qolf klubları var. Bu klubların hər biri özünəməxsus şəkildə unikaldır və əksəriyyəti dünya standartlarını aşan ən müasir infrastruktura malikdir. Xüsusi qolf həvəskarları İspaniyada qolf klublarının yaxınlığında daşınmaz əmlak alırlar.  

Evlərin qiyməti 200-250.000 avrodan başlayır 

Şəhərin küçələrini gəzdikcə daşınmaz əmlak elanları təqdim edən ofislərlə rastlaşmaq olur. Marbelladakı ən ucuz mənzilin (32 m²) qiyməti 200-250.000 avrodur ki, bu mülkə bir yataq otağı, qonaq otağı, təchiz olunmuş mətbəx və bir vanna otağı daxildir. Burada ikiotaqlı mənzillərin qiyməti 300.000 avrodan, üçotaqlı mənzillərin qiyməti isə 450-500.000 avrodan başlayır.
Ən bahalı daşınmaz əmlaklar Marbellanın dəbdəbəli çimərliklərində yerləşir. SSRİ Xalq artisti İosif Kobzon da ölümündən qabaq bu sahillərdəki evində yaşayırmış.

“Marbellada əmlaka tələbat heç vaxt son illərdəki qədər yüksək olmayıb. İstər dəniz kənarında lüks villa, istərsə də şəhərin mərkəzində müasir penthaus - yuxarı dairə olsun, Marbella əmlak sektoru hər zövqə uyğun müxtəlif seçimlər təklif edir. İspaniyadakı əmlak alıcıları büdcəli mənzillərdən tutmuş zəngin villalara qədər öz büdcələrinə uyğun olaraq seçim edə bilərlər”, - deyə əmlak satıcısı bildirdi.

Hər yaşa, hər zövqə və hər büdcəyə uyğun

Marbella çimərlik tətili üçün ən yaxşı yerlərdəndir. Kurort şəhərin qumlu sahil xətti təxminən 27 kilometr uzanır və cəlbedici çimərliklərə malikdir. Marbella təbiət həvəskarlarına müxtəlif ekoturizm variantları təklif edir. Onlar ətraf ərazinin ən unikal təbiət qoruqlarında macəra axtarışına çıxırlar. “Burada hər kəs öz zövqünə uyğun bir şey tapacaq”, - deyə bələdçi qeyd edir: “Marbellanı cəlbedici edən də budur: hər yaşa, hər zövqə və hər büdcəyə uyğun variantlar təklif etməsi…”

Təranə Məhərrəmova
Marbella-Bakı

 

banner

Oxşar Xəbərlər