Avrokuboklar uğrunda gərgin mübarizə

Hazırda AL və KL-ə əsas dörd iddiaçı var. Onlardan “Zirə”nin durumu daha yaxşıdır. 52 xalı olan “qartallar” üçüncü pillədəki “Araz-Naxçıvan”ı beş xal üstələyir. Rəşad Sadıqovun komandası göstərdiyi oyunla da rəqiblərindən daha yaxşı görünür.
Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün sonuna doğru mübarizə gərginləşir. Xüsusilə avrokuboklara vəsiqə və elitada mövqeyini qorumaq yarışında komandalar bütün güclərini səfərbər ediblər. Nəyə görə çempionluq yox? Ona görə ki, artıq bu sualın cavabı böyük ölçüdə bəllidir.
“Qarabağ” çempionluğa doğru
Ağdam təmsilçisi ardıcıl dördüncü, 2013-cü ildən bəri 11-ci dəfə qızıl medalları qazanmağa çox yaxındır. 27 turda 64 xal toplayan Qurban Qurbanovun komandası turnir cədvəlinə inamla liderlik edir. “Atlılar” ən yaxın izləyicisi “Zirə”ni 12 xal üstələyir. Mövsümün sonuna doqquz tur qalıb və riyazi olaraq nəinki qəsəbə təmsilçisinin, hətta dördüncü pillədəki “Turan Tovuz”un da çempionluq şansı var. Lakin realist yanaşma “Qarabağ”ın belə bir üstünlüyü əldən verməyəcəyini deməyə əsas verir. Komanda həm heyətinə, həm göstərdiyi oyuna görə rəqiblərindən bir addım öndədir. İndi onlar üçün Premyer Liqadan çox ölkə kuboku oyunları prioritet hesab edilə bilər. Burada yarımfinala qədər irəliləyən kollektivin hədəfi növbəti “qızıl dubl”dur.
Gərgin avrokubok yarışı
Əsas mübarizə qitəmiqyaslı yarışlara - Avropa Liqası (AL) və Konfrans Liqasına (KL) vəsiqə qazanmaq uğrunda gedir. AL-ə vəsiqə ölkə kubokunun sahibinə veriləcək. Əgər çempion kuboku qazanarsa, bu turnirə Premyer Liqanın ikincisi gedəcək. Kubokun yarımfinalında “Qarabağ”- "Araz-Naxçıvan”, “Neftçi”- “Sabah” duelləri var. İndiki halda ikinci pillədə qərarlaşan “Zirə” üçün “Qarabağ”ın kuboku qazanması AL-ə getmək üçün ən yaxşı variantdır. Kuboku nəzərə almasaq, çempionatın iki və üçüncü komandaları Konfrans Liqasında yarışacaq. Kuboku “Qarabağ” və ya hazırda üçüncü pillədə qərarlaşan “Araz-Naxçıvan” qazanacağı halda, çempionatın dördüncüsü də KL-də oynamaq hüququ qazanacaq.
Avrokuboklara əsas dörd iddiaçı
Hazırda AL və KL-ə əsas dörd iddiaçı var. Onlardan “Zirə”nin durumu daha yaxşıdır. 52 xalı olan “qartallar” üçüncü pillədəki “Araz-Naxçıvan”ı beş xal üstələyir. Rəşad Sadıqovun komandası göstərdiyi oyunla da rəqiblərindən daha yaxşı görünür. İlk iki dövrəni yaxşı keçirən Muxtar Respublika təmsilçisi isə son zamanlar enişdədir. İkinci pilləni əldən verən Elmar Baxşıyevin komandası hazırkı mövqeyində də rahat deyil. Ardıcıl xal itkiləri dördüncü pillədəki “Turan Tovuz”un üçüncülük iddialarını artırıb. Düzdür, Kurban Berdiyevin komandası da qeyri-stabillikdən əziyyət çəkir. Lakin qərblilər 43 xal toplayıblar və üçüncülük şansları az deyil. “Sabah”ı da müəyyən qədər avrokubok mübarizəsində hesab etmək olar. Komandanın 35 xalı var, ancaq dördüncü yerin qitəmiqyaslı yarışlara getmək imkanı verə biləcəyini nəzərə alsaq, onlar da iddialarını davam etdirirlər. Lakin “Sabah” üçün prioritet ölkə kubokunu qazanmaqdır.
“Neftçi” üçün mövsümü xilas etmək şansı
Premyer Liqada bu mövsümü də “Neftçi” üçün itirilmiş hesab etmək olar. Komandanın 32 xalı var və qalan doqquz turda ilk “dördlüy”ə girmək demək olar ki, mümkünsüzdür. Lakin komandanın mövsümü xilas etmək üçün variantı mövcuddur. “Ağ-qaralar” gözünü kuboka dikib. Yarımfinala qədər irəliləyə bilən Samir Abasovun komandasını tituldan cəmi üç oyun ayırır. Əldə ediləcək titul “Neftçi” camiəsində mövsümün uğursuzluğunu unutduracaq.
“Şamaxı” və “Sumqayıt”ın mövsümün həlledici mərhələsində hər hansı ciddi sıxıntısı yoxdur. Düzdür, ötən mövsüm Konfrans Liqasında oynamaq hüququ qazanan “kimyaçılar” üçün mövsümün pis keçdiyini demək olar. 28 xalı olan komanda səkkizincidir və yalnız son iki qələbə ilə düşmə zonasından uzaqlaşıb. Lakin ümumi gedişatı nəzərə aldıqda, komanda hazırkı vəziyyətinə “şükür etməlidir”. “Şamaxı”ya gəlincə, Premyer Liqaya bu mövsüm qayıdan “münəccimlər” elitada mövqeyini qorumaq məsələsini böyük ölçüdə həll edib. 28 xalla yeddinci olan komanda minimal tapşırığın öhdəsindən gəlib və artıq növbəti mövsümün planlarını cızır. “Şamaxı”nın baş məşçisi Ayxan Abbassov Azərbaycan U-21 millisinin çalışdırıcısı təyin olunub. Məlumata görə, növbəti mövsümdən “Şamaxı” U-21 yığmasının bazası rolunu oynayacaq.
Liqadan kim düşəcək?
Növbəti mövsüm Premyer Liqada komanda sayı 12 olacaq. Bu qərardan sonra Premyer Liqanın sonuncusunun düşməyəcəyi gözlənilsə də, AFFA İcraiyyə Komitəsi idman prinsiplərinə riayət olunacağını və onuncu yeri tutan komandanın I Liqaya düşəcəyi barədə qərar qəbul etdi. Hazırda bu yerə iki namizəd var. “Səbail” 18 xalla sonuncudur. Doqquzuncu “Kəpəz”in 23 xalı var. Fərq böyük deyil və Bakı klubu vəziyyəti düzəldə bilər. Lakin komandada yaşananlar bunun çətin olduğunu demək üçün kifayətdir. Uğursuzluq zolağından çıxa bilməyən “dənizçilər”də baş məşqçi Cavid Hüseynov ötən həftə istefaya göndərildi. Mövsümə Şahin Diniyevlə başlayan klubda bu, ikinci çalışdırıcı ayrılığıdır. Son dövrəyə doğru baş tutan ayrılıq yaxşı heç nə vəd etmir. “Kəpəz” isə Azər Bağırovun rəhbərliyi altında elitada qalmaq üçün var gücünü ortaya qoyub. Yeni sponsor tapan Gəncə təmsilçisi növbəti mövsüm daha iddialı olmaq niyyətindədir.
Bombardirlik yarışı
Qoleadorların yarışında da Premyer Liqanın turnir cədvəlində olduğu kimi “Qarabağ”lı üstündür. Leandro Andrade 11 qolla rəqiblərini üstələyir. Lakin komandasından fərqli olaraq, onun liderliyi kövrəkdir. “Sabah”dan Jesse Sekidika 10 qolla Leandronu qarabaqara izləyir. “Araz-Naxçıvan”dan Felipe Santos, “Zirə”dən Davit Volkov 9 dəfə fərqləniblər. “Sabah”lı Coy-Lens Mikels və “Zirə”li Salifu Suma isə səkkiz qolla növbəti sıralardadırlar.
