• şənbə, 27 Iyul, 03:44
  • Baku Bakı 27°C

Arda zədələr girdabında

30.09.23 06:30 7741
Arda zədələr girdabında

Arda Gülər Türkiyədə çıxış edərkən ümumilikdə 130 günü zədə səbəbindən boşa verib. “Real Madrid”dəki dövrü də üzərinə gəldikdə bu artıq 200 günü ötmüş olur. Futbolçunun hələ karyerasının əvvəlində olduğunu nəzərə alsaq, bu, olduqca çoxdur.

Arda Gülər Türkiyə futbolunun gələcək üçün ən böyük ümidi hesab olunur. 2019-cu ildə “Gənclərbirliyi”nin gənclər komandasından “Fənərbağça”ya transfer olunan orta xətt oyunçusu qısa zamanda İstanbul nəhəngində özünü təsdiqləməyi bacardı. Pillə-pillə yüksələn futbolçu 2021-ci ildə əsas komandaya cəlb olundu. Hücumun hər iki cinahında, eyni zamanda hücumameyilli yarımmüdafiəçi kimi oynamağı bacaran Gülər, ötən mövsüm bütün turnirlərdə 35 oyun keçirdi və altı qol, yeddi məhsuldar ötürmə ilə yadda qaldı.

“Kral klubu”na açılan yol

Ardanın “Fənərbağça”dakı əla performansı tezliklə Avropanın top-klublarının diqqətini çəkdi. Uzun müddət adı “Barselona” ilə hallanan gənc oyunçu yekunda Kataloniya təmsilçisinin əsas rəqibi “Real Madrid”ə üz tutdu. Başqa sözlə, onun uğrunda mübarizədən “kral klubu” qalib ayrıldı.

Bu ilin iyulunda “Real Madrid” oyunçu ilə müqavilə imzaladı. “Kral klubu” keçid üçün “Fənərbağça”ya 20 milyon avro ödədi. Bu da 18 yaşlı bir türk oyunçu üçün fantastik rəqəmdir. Əlavə olaraq 10 milyon avro bonus nəzərdə tutulub. Bundan başqa, “Fənərbağça” futbolçunun növbəti satışından 20 faiz pay alacaq.

Arzular və reallıq

Arda Gülərin Madriddə xəyalları böyükdür. O, təqdimat mərasimində belə böyük klubda olmaqdan qürur duyduğunu bildirmişdi. Futbolçu qeyd etmişdi ki, “Real Madrid”in əfsanəsi olmaq istəyir.

Lakin gedişat istənilən kimi deyil. Arda hələ də İspaniya klubunun heyətində debüt edə bilməyib. Buna onun zədələri mane olur.

İyulun yeddisində madridlilərlə müqavilə imzalayan gənc futbolçu mövsümdən öncə komandanın ABŞ-dəki toplanışında zədə almışdı. Menisk probleminə görə əməliyyat olunan Gülərin sağalma prosesi əslində yaxşı gedirdi. Bir neçə gün bundan əvvəl komandanın baş məşqçisi Karlo Ançelotti açıqlama verərək Ardanın artıq zədəsini sağaltdığını bildirmişdi. Onun oktyabrın əvvəllərindən meydana çıxacağı gözlənilirdi.

Bugünlərdə isə futbolçu yenidən zədələnib. Bu dəfə onda əzələ problemi yaranıb. Zədə səbəbindən türkiyəli ulduzun üç həftə məşqlərdən kənar qalacağı bildirilir. Zədədən qayıtdıqdan sonra hazır olmaq üçün lazım gələcək müddəti də nəzərə aldıqda onun noyabrdan tez meydana çıxması inandırıcı deyil.

Arda iyuldan bəri “Real Madrid”in 10 rəsmi oyununu artıq buraxıb. Hazırkı zədəni də nəzərə alsaq, bu mövsüm ən azı 16-17 qarşılaşmanı buraxması artıq dəqiqləşib. O, Türkiyədə çıxış edərkən ümumilikdə 130 günü zədə səbəbindən boşa verib. “Real Madrid”dəki dövrü də üzərinə gəldikdə, bu artıq 200 günü ötmüş olur. Futbolçunun hələ karyerasının əvvəlində olduğunu nəzərə alsaq, bu, olduqca çoxdur. Ardanın indi daim oynayan, məşqlərdə canfəşanlıq edib yeni klubunda heyət uğrunda mübarizə aparan, özünü inkişaf etdirən yaşıdır.

Fiziki baxımdan problemləri var Gənc oyunçunun texnikası kifayət qədər yaxşıdır. Onun ən diqqət çəkən cəhəti də məhz topla davranışı, cəldliyi, meydanı yaxşı görməsi, dəqiq ötürmələri, yaxşı zərbələridir. O, çox yaradıcıdır və oyunu rəqibləri üçün gözlənilməzdir. Eyni zamanda özünəinamı və soyuqqanlılığı onu digər bu yaşda olan futbolçulardan fərqləndirir. Lakin Ardanın fiziki baxımdan problemləri var. Bunu “Fənərbağça”nın sabiq baş məşqçisi Jorji Jezuş dəfələrlə dilə gətirib. Gənc oyunçunun yaxşı texnikasının olduğunu bildirən mütəxəssis fiziki cəhətdən artırmalı olduğunu söyləyib. Görünən odur ki, Jezuş haqlı imiş. Kifayət qədər fiziki gücü olmayan Arda “Real Madrid”də məşqlərin ağırlığına tab gətirməkdə çətinlik çəkir. Maraqlıdır ki, o, zədələrini də oyunlarda almayıb.

Arda bu “karvandan” yan qaça biləcək?

Zədə səbəbindən istədiyi karyeraya sahib ola bilməyən bir çox futbolçu var. Düzdür, onların bəzilərini əfsanəvi oyunçular kimi xatırlayırıq, lakin zədələri olmasaydı, daha artığına nail ola bilərdilər. Məsələn, niderlandlı keçmiş hücumçu Marko van Basten ağır zədəyə görə cəmi 28 yaşı olarkən karyerasını başa vurub. Yaxud 2002-ci il dünya çempionatındakı möhtəşəm performansı yaddaşlardan silinməyən eks “Real Madrid”li Ronaldo ağır zədələr səbəbindən karyerasının ümumilikdə üç ilini futbolsuz keçirməli olub.

Madrid klubunun zədələrin mane olduğu digər oyunçusu Maykl Ouendir. İngiltərə futbolunun ən potensiallı oyunçularından birinə məhz sağlamlıq problemləri mane oldu. Vaxtilə “kral klubu”nda çıxış etmiş digər türkiyəli Hamit Altıntopu da bu siyahıya əlavə etmək olar. Madriddə son nümunə Eden Azardır. “Çelsi”dən böyük ümidlərlə transfer olunan oyunçu az qala hər həftə zədələnirdi. Siyahıya Usman Dembele, Ansi Fati kimi adları da daxil etmək olar. Hər ikisi çox potensiallı hesab olunsalar da, zədələr bunu açmağa imkan vermir.

Arda Gülər eyni problemlə üz-üzədir. Türkiyə futbolunun gələcəyi “zədəli potensiallar karvan"ına qoşulmaq istəmirsə, fiziki keyfiyyətlərini artırmağın yolunu tapmalıdır. Xüsusi rejim, fərdi fiziki məşqçi, fərdi proqram bunun həll yolu ola bilər.

banner

Oxşar Xəbərlər