• şənbə, 21 Dekabr, 20:14
  • Baku Bakı 9°C

46 minə yaxın tələbəyə təhsil krediti verilib 

20.12.24 00:33 191
46 minə yaxın tələbəyə təhsil krediti verilib 

Bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb. Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanmış vəsaitin ümumi məbləği təqribən 444 min AZN təşkil edir.

“Təhsil Tələbə Krediti Fondunun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir”. Bu barədə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun (TTKF) 3 illik fəaliyyətinə həsr olunmuş brifinqdə fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bildirdi. O qeyd etdi ki, TTKF fəaliyyətində gəlir və mənfəət düşüncəsi yoxdur: “Fondun elektron portalına bu günə kimi 58 mindən çox müraciət daxil olub, 46 minə yaxın tələbə təhsil krediti müqaviləsi rəsmiləşib. Onların 15 min 813-ü sosial təhsil tələbə krediti, 29 min 613-ü isə standart təhsil tələbə krediti olub. Bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb”. B.Əzimov TTKF-nın yaratdığı imkanlardan faydalanmaq üçün yaş məhdudiyyətinin olmadığını da  diqqətə çatdırdı: “Kreditlər üçün bütün bölgələrdən, ən ucqar rayonlardan belə müraciətlər var”. 

Geri ödənişlər zamanı tələbələrə edilən güzəştlərə toxunan B.Əzimov tələbə təhsil kreditlərindən yararlanmış 6500-dən çox tələbənin məzun olduğunu və götürdükləri kreditləri aylıq kiçik məbləğlərlə geri ödəməyə başladıqlarını bildirdi: “Sosial kredit almış 173 tələbənin Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olduğuna görə götürdükləri kreditlərin tam yarısı dövlət tərəfindən onlara bağışlanıb. 400-ə yaxın standart təhsil krediti almış məzunda isə bu güzəşt 25% təşkil edib. Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanmış vəsaitin ümumi məbləği təqribən 444 min AZN təşkil edir”. B.Əzimov qeyd etdi ki, bu cür güzəştlər təhsilin keyfiyyətinin artmasına birbaşa təsir edir və tələbələri daha böyük əzmlə çalışmağa həvəsləndirir: “Fond bundan sonra da ödənişli əsaslarla əyani təhsil alan tələbələrə dəstək olmağa hazırdır. Müraciətlər semestrin sonuna qədər davam edir”. Fond sədri diqqətə çatdırdı ki, məzunların işlə təmin olunmasına dəstək göstərmək üçün dövlət və özəl qurumlarla əməkdaşlıq əlaqələri qurulub, 30-dan çox müəssisə ilə Anlaşma Memorandumu imzalanıb: “Bununla da mindən çox tələbə təlimlərə cəlb olunub, 600-dan çox tələbə və məzun isə təcrübə proqramlarından yararlanıb. Bu istiqamətdə onlarla gəncin işlə təmin edilməsinə nail olunub”. 

Media işçilərinin suallarını cavablandıran B.Əzimov ölkə üzrə qızların təhsil kreditləri müraciətlərinin saylarının artdığını, magistratura pilləsi üçün daha çox müraciətlər olduğunu qeyd etməklə bərabər, hələlik qiyabi təhsil alan tələbələr üçün təhsil krediti ayrılmasının planda olmadığını bildirdi: “Bu məsələ Şuranın iclasında müzakirə edilməli, maliyyə yükü hesablanmalıdır”. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər